Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Əli Kərimlinin həbsdəki mühafizəçisi: 'Məni videoya çəkmək istəyirdilər'


N.Əhmədov
N.Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Niyaməddin Əhmədov yaxınlarına terroru maliyyələşdirmə ittihamıyla necə həbs olunmasından danışıb. Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

N.Əhmədov aprelin 15-də karantin rejimi qaydalarını pozmaqda suçlanaraq, ona 30 sutka inzibati həbs cəzası verilmişdi. Bu cəza mayın 15-də, axşam saat 22:00 radələrində başa çatmalıydı. AXCP üzvlərinin bildirdiyinə görə, həmin gün bir neçə saat əvvəldən təcridxananın qarşısına gedib, N.Əhmədovun buraxılmasını gözləsələr də, çıxmayıb. İki gün sonra məlum olub ki, onun barəsində CM-in 214.-1 (terroru maliyyələşdirmə) maddəsi ilə cinayət işi başlanıb, barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Qərarda da göstərilib ki, N.Əhmədov mayın 15-də axşam saat 22:50-də (inzibati cəzası başa çatıb, buraxılandan sonra-red.) tutulub.

N.Əhmədov isə yaxınlarına deyib ki, onu mayın 15-də günorta saatlarında prokurorluq əməkdaşları gəlib, Binəqədidə yerləşən, inzibati qaydada həbs olunanların saxlandığı təcridxanadan aparıblar.

Vəkilini çağırmayıblar

"Onu Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə aparıblar. Niyaməddin deyir ki, orada onu videoya çəkmək istəyiblər. Ona deyilənləri kamera qarşısında təkrarlamalıymış. Amma Niyaməddin razılaşmayıb. Sutkalıq həbs olunandan onun vəkili vardı. Həmin vəkilin çağrılmasını tələb edib, amma çağırmayıblar. Öz vəkili ola-ola ona dövlət hesabına vəkil veriblər. O vəkil də Niyaməddinin əleyhinə olan bütün sənədlərə qol çəkib. Həbs qərarı çıxarılanda da məhkəmədə öz vəkilini istəyib. Məhkəməyə də çağırmayıblar", - N.Əhmədovun yaxınlarının sözləridir.

Mayın 31-də Nəsimi Rayon Məhkəməsində N.Əhmədovun tutulması haqda qərardan verilən şikayətə baxılıb. Yaxınlarının bildirdiyinə görə, o, həmin məhkəmədə də tutulduğu gün baş verənlər haqda danışıb.

N.Əhmədov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. AXCP-dən AzadlıqRadiosuna bildirilib ki, mayın 30-da partiya fəalları təcridxanaya onun üçün sovqat aparsalar da, qəbul edilməyib.

"Dedilər ki, yalnız ailə üzvlərindən sovqat qəbul edilir. Biz də həbsdə olmuşuq. Adi məhbuslara belə qadağalar yoxdur. Siyasi məhbuslara qarşı isə ayrıseçkilik adi hala çevrilib. Niyaməddinin durumuyla bağlı narahatlığımıza təkidlə cavab verdilər ki, sağ-salamatdır, hər şey qanun çərçivəsindədir", – AXCP Ali Məclisinin üzvü, ötən ilin noyabrında 6 illik həbs cəzasını çəkib bitirəndən sonra azadlığa çıxmış Asif Yusifli belə deyir.

N.Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilməsi haqda məhkəmə qərarından apellyasiya şikayəti verilib. Şikayətə iyunun 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulov baxmalıydı. Amma özü məhkəməyə gətirilmədiyinə görə məhkəmə prosesi iyunun 3-nə təxirə salınıb.

Xatırlatma

Niyaməddin Əhmədovun CM-in 214-1 maddəsi ilə ittiham olunmasına dair cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair i̇şlər üzrə i̇stintaq i̇darəsində aparılır. N.Əhmədov Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. İddia edilir ki, Q.Məmmədov terror törətmək məqsədilə N.Əhmədova pul göndərib.

Q.Məmmədovla N.Əhmədov Tovuz rayonunda qonşu olub.

CM-in 214-1 mddəsində 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AXCP bu ittihamın absurd olduğunu bəyan edib, N.Əhmədovun həbsini isə partiyaya və Ə.Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

N.Əhmədov həm də Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi idi. Milli Şuranın 19 oktyabrda Bakıdakı mitinqində Ə.Kərimli saxlanılan ana qədər onun yanında olmuşdu.

Azərbaycan rəsmiləri ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bəyan edir.

XS
SM
MD
LG