Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:38

«Mən türkəm» deyəni məhbus edirlər


«Əslində bunlar heç bizə millət gözündə baxmırlar»
«Əslində bunlar heç bizə millət gözündə baxmırlar»
İyulun 17-də Təbriz Universitetinin qarşısında həbs olunan beş gəncə qarşı hansı ittihamların irəli sürüldüyü bəlli deyil. Təbriz Universitetinin Mexanika fakültəsinin magistraturasında son imtahanından çıxan Səccad Radmehr, hüquq fakültəsinin tələbələri Fəraz Zehtab və Aydın Xacei, eləcə də Daryuş və Şahruh Xatəmi qardaşlarının qohumları ilə görüşlərinə də icazə verilməyib.

Aydın Xaceinin ailəsi onun harada saxlandığını Ettelaatın Təbrizdəki təcridxanasından məhbus üçün paltar gətirmələri xahiş olunanda öyrənib.

«Mənim qardaşımı Ettelaat oğurlayıb. Özbaşlarına oğurlayıblar. Heç bir sənəd də göstərməyiblər. Gəldilər evimizə tökülüb, axtardılar, amma heç nə tapa bilmədilər. Əsli Kərəm nağılını, İran türklərinin tarixi kitabını götürdülər, bizə də başqa məlumat verməyiblər ki, nə üçün tutublar, niyə tutublar, neçə gün qalmalıdı...»

Məhbusun qardaşı Ramin Xacei deyir ki, həbsə səbəb Aydın bəyin milli hüquqlar uğrunda mübarizə aparmasıdır.
«Burda hər kəs «yaşasın Azərbaycan» desə, ya «yaşasın mənim dilim» desə, ya da sadəcə desə «mən türkəm, türki yazmalıyam, türki oxumalıyam, onu məhbus edirlər, həbsxanaya basırlar. Bizim Aydın bəy də onlardan biridir».

Ramin Xaceinin sözlərinə görə, onun qardaşı bundan əvvəl milli hüquqlar uğrunda mübarizəsinə görə iki semestr tədrisdən uzaqlaşdırılıb. Elə Səccad Radmehr də magistrlik işini altı aylıq qadağadan sonra müdafiə edə bilib. Səccad Radmehrin təhsil hüququnun pozulması ilə bağlı İran Azərbaycanındakı Universitetlərdə imza kampaniyası başlanmış, tələbənin özü və dostları onun imtahana buraxılması tələbilə bir neçə gün aclıq aksiyası keçirmişdi. Geniş miqyaslı kampaniya nəticəsində Universitetin rəhbərliyi Səccad Radmehrin buraxılış imtahanına və müdafiəyə girməsinə icazə vermişdi. Lakin tələbənin sevinci elə müdafiədən həbsə qədər – bir neçə dəqiqə sürməliymiş.

Ramin Xacei deyir ki, qardaşının və dostlarının təhsildə olan problemləri də elə Azərbaycan mədəniyyətini təbliğ edən dərnəklərdə üzvlüyü ilə bağlı olub.

Səccad Radmehrin bacısı İlahe Radmehr 2006-cı ilin may hadisələrindən sonra tələbələrə qarşı təzyiqlərin artdığını deyir.
İlahə Radmehr də, Ramin Xacei də deyirlər ki, həbs olunan gənclərin heç bir günahı yoxdu.

İlahə Radmehr:
«Qardaşımgil heç bir haqqı nahaq eləməyib, heç bir cızıqdan çıxmayıb, heç bir yanlış iş görməyib. Hər halda çıxacaqlar onlar da. Biz onlara da inanırıq, inandıqlarına da».

«Əslində bunlar heç bizə millət gözündə baxmırlar. Bunlar bizim – 30 milyon azərbaycanlının dilini yerli-dibli danırlar. Deyirlər, sizin diliniz Pəhləvidən gəlmiş dildi, haqqınız yoxdu, deyəsiniz «mənim dilim var», bu danılmalıdı, aradan getməlidi. Hər kimsə istəsə də, bunun qabağında dayansın, bunlar onu öz gücləri ilə aradan götürməyə çalışırlar. Bu yolda da çoxlarını öldürüblər. Bir neçə həftə bundan qabaq Aydın bəyin yoldaşlarından biri Fərhad Mohseninin ölüsünü göldən tapdıq. Onu da Ettelaat oğurlamışdı».

Daha öncə həbs olunmuş milli hüquqlar uğrunda fəal Fərhad Mohseninin bir neçə həftə öncə meyitinin tapılmasını xatırladan cənab Xacei deyir ki, qardaşının başına bir iş gələrsə, nə edəcəklərini bilmir:

«Bəşəri hüquq ayaq altında tapdanır burda. Ona görə də, dəqiq bilinmir, bunlar bir şey edəcək Aydıngilə, ya yox. Amma bir dəfə zəng olub evə, ondan bilirik ki, hələ diridi. Amma bilmirik sonra başına nə gəlir. Anamız çox israr edir ki, heç olmasa, oğlumu görüm, bilim ki, diridi. Amma burda görüş qadağandı».

İlahə Radmehr deyir ki, onun qardaşının məqsədi sadəcə insan kimi yaşamaqdır. «İnsaniyyətin bütün qaydalarına uyğun yaşamaq qardaşımın hədəfi, inamıdır».
XS
SM
MD
LG