Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:48

Putini necə dayandırmaq olar?


Vladimir Putin deyəsən, Gürcüstanı tam işğal eləmək fikrində deyil
Vladimir Putin deyəsən, Gürcüstanı tam işğal eləmək fikrində deyil
Rus əsgərləri Qori şəhərini tutmaqla Gürcüstanı iki hissəyə böldü, üstəlik paytaxt Tbilisiyə də yolu açdılar. Amma Rusiyanın baş naziri Vladimir Putin deyəsən, Gürcüstanı tam işğal eləmək fikrində deyil, öz məqsədlərinə hərbi təzyiq vasitəsilə çatmaq niyyətindədir. «Vaşinqton Post» belə yazır.

Müəllif Çarlz Krausamer deyir ki, Putinin hədəfləri aydın görünür: Cənubi Osetiyanı, Abxaziyanı Gürcüstandan tam ayırıb, Rusiyaya qatmaq, Gürcüstan ordusunu darmadağın edib, ölkəni Rusiyanın ümidinə qoymaq Putinin əsas məqsədidir.

Daha bir məqsəd Gürcüstan prezidenti Mixail Saakaşvilini devirib, yerinə Rusiyanın marionetini oturtmaqdır. «Vaşinqton Post» rus ordusunun Tbilisi yaxınlığında dayanmasını belə izah edir, Putin hazırda Avropa Birliyinə təsir eləməyə çalışır ki, onların təzyiqi ilə Saakaşvili ya istefa versin, ya çıxıb getsin. Belə olsa, Rusiya Bakı-Tbilisi-Ceyhan kəmərinə də nəzarəti əlinə keçirə bilər və Xəzər hövzəsinə tam sahib olar.

Müəllif yazır ki, Gürcüstanı işğal etməyin Rusiya üçün başqa xeyri də var. Belə olsa, Rusiya qərbə yaxınlaşan Baltikyanı ölkələrə, Şərqi Avropaya xəbərdarlıq etmiş olar. Gürcüstanın işğalı rus hegemonluğunun bərpası yolunda birinci addım sayıla bilər.

Bəs Putini necə dayandırmaq olar? «Vaşinqton Post» yazır ki, hərb yoluyla heç nə alınmayacaq. Amma nə olur-olsun Putinin hesablamaları, planları dəyişdirilməlidir. Bunun üçün qərbin əlində kifayət qədər resurs var. Rusiya atəşkəs barədə öhdəliyə əməl etməsə neyləmək olar? Müəllif bir neçə yol göstərir:

1. 2002-ci ildə yaradılan NATO-Rusiya Şurasının fəaliyyətini dayandırmaq olar. Şura Rusiyaya NATO masasında yer verir. Xəbərdarlıq etmək lazımdır ki, qonşunun ərazisinə soxulmaqla Rusiya o yerdən məhrum ola bilər;

2. Rusiyanın Dünya Ticarət Təşkilatına qəbulunun qarşısını almaq mümkündür;

3. «Böyük səkkizliyi» də dağıtmaq olar. Hamı bilirdi ki, Putin diktaturası Rusiyanın «böyük səkkizlik»də iştirakını farsa çevirib, amma heç kim bu barədə danışıb, Rusiyanı küsdürmək istəmirdi. İndi susmağa ehtiyac yoxdur. «Səkkizliy»ə daxil olan 7 demokratik ölkə sadəcə birlikdən çıxdığını, sonra da yeni təşkilat yaratdıqlarını elan edə bilərlər;

4. Amerika da, Avropa Birliyi də 2014-cü ildə Rusiyada keçirilməli olan qış olimpiadasını boykot edə bilər. Əks halda yaramazlıq etmiş olarlar».

Amma ən böyük və şərtsiz addım qərbin Saakaşvili hökumətinə bir daha dayaq olduğunu elan etməsidir.
Müəllif Çarlz Krausamer başqa bir yol da göstərir. Deyir ki, prezident Buş Putinlə yaxın münasibətindən istifadə edib ona çox əyləncəli bir filmin «Çarli Uilsonun müharibəsi» filminin surətini göndərə bilər. Bununla da Putinə Amerikanın Rusiyanı qanatmağa qadir olduğunu xatırladar.

Amma Buş hələ ki, dövlət katibini-Kondoliza Raysı Avropaya göndərib. «Vaşinqton Post» yazır ki, indi Raysın əsas vəzifəsi Avropanı Rusiyaya qarşı sanksiyalarla tanış etmək, Avropanın razılığını almaq, sonra da Rusiyanın davranışına uyğun olaraq sanksiyaları tətbiq etməyə başlamaqdır.

Qərbin kartları var, oynamaq lazımdır. Oyuna çox şey qoyulub. Çarlz Krausamer «Vaşinqton Post»da çıxan məqaləsində belə yazır.
XS
SM
MD
LG