Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:37

Kimdir xəvvariclər?


Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu
Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəyə yeni dini cərəyanlar ayaq açmağa başladı. İlahiyyatçı alimlərin fikrincə, indi Azərbaycanda daha çox İrandan gələn ideoloji şiəlik, Türkiyədən gələn nurçuluq, Birləşmiş Ərəb Əmirliklərindən ötürülən vəhhabilik və Avropa ölkələrindən qaynaqlanan xristianlıqla bağlı dini cərəyanlar mövcuddur. Son zamanlar isə cəmiyyətdə daha bir dini cərəyanın – xəvvariclərin adları hallanmaqdadır.

Xəvvariclərin vəhhabi adlanan məzhəb daxilində bir müddət öncə baş vermiş parçalanmanın nəticəsində meydana çıxdığı bildirilir. İlahiyyatçı alim Elnurə Əzizova deyir ki, xəvvariclər vəhhabilərə nisbətən daha radikaldırlar. Başqa sözlə, onlar lazım gələrsə, silah işlətməyi, qətl törətməyi haqq hesab edirlər. E.Əzizovanın dediyinə görə, zorakılığa meyillilik əslində vəhhabi məzhəbindən olanlara da məxsusdur. Məsələn, onlar da öz əqidələrinə qarşı çıxanlara qarşı cihad edib, qətl törədə bilərlər. Amma bu cür fikirlər vəhhabilərdə xəvvariclər kimi açıq- aydın səsləndirilmir. Bundan başqa, xəvvariclərin hakimiyyətə baxışı da fərqlidir:

«Hakimiyyət yalnız o zaman qanuni hesab oluna bilər ki, sadəcə bütün müsəlmanların seçdiyi bir şəxs olsun və ancaq Allahın qoyduğu qanunlara riayət edən olsun. Əməlində dinə uyğun olmayan motiv görülərsə, o hökmən öldürülməli, hakimiyyətdən uzaqlaşdırılmalıdır».

Məhz buna görə də xəvvaricləri dövlətçiliyə qarşı yönəlmiş və daha radikal qruplaşma hesab edirlər. Amma bu fikirlə razılaşmayanlar da var. Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu deyir ki, xəvvariclər əslində özünü sələfi sünnilər adlandıran vəhhabilərdir. İbrahimoğlu onu da bildirir ki, vəhhabilər də, xəvvariclər də sələfi adı altında öz radikal məqsədlərini həyata keçirirlər:

«Bunlarda digər inanclı insanlara qarşı dözümsüzlük və zorakılıq tətbiq etmə məsələsi var. Bu insanları yanlış olaraq sələfiliyə aid edirlər. Bu adlar altında kimlərsə öz ekstremist və radikal məqsədlərini həyata keçirirlər».

Cəmiyyətdə daha çox «Əbu Bəkr» kimi tanınan məscidin imamı Qamət Süleyman isə deyilənlərlə razılaşmır. O, radikal qruplarla əlaqə fikrini rədd edir və deyir ki, cihad, hakimiyyəti devirmək çağırışlarını əsasən Əfqanıstandan dəstək alan xəvvariclər səsləndirir:

«Amma xəvvariclərin içində də xeyli dəstə var. Bəziləri deyirlər ki, hər yerdə cihad olmalıdır. Bəziləri isə bu fikri dəstəkləməsələr də, deyirlər ki, əsas hakimiyyətdir, hakimiyyəti devirmək lazımdır. Yəni siyasi məsələlərə qarışırlar. Biz isə siyasətdən uzağıq. Bu radikal qruplarla bizim məscidin heç bir əlaqəsi yoxdur».

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Gündüz İsmayılov isə ölkədə hakimiyyət, dövlətçilik üçün təhlükə yaradan radikal dini cərəyanın olması fikri ilə razılaşmır. Deyir ki, sadəcə kiçik radikal qruplar var ki, din pərdəsi altında cinayətlər törədirlər. Dövlər isə bu cür qruplarla mübarizə aparır:

«Azərbaycanda radikal qrupların sayı barmaqla sayılacaq qədər azdır. Bunlar qruplardır, heç vaxt qüvvə kimi xarakterizə olunmamalıdır. Konkret ad çəkə bilmərəm, sadəcə onu deyə bilərəm ki, bu insanlar din adından istifadə edənlərdir».

İlahiyyatçı alimlərin fikrincə isə ölkədə dini maarifçilik istənilən səviyyədə aparılmayınca, radikal dini qüvvələr həmişə mövcud olacaq.
XS
SM
MD
LG