Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:44

Məktəbli: «Çörəkpulu qazanmağa məcburam…»


16 yaşlı Afiq
16 yaşlı Afiq
Bir həftədən çoxdur ki, yeni tədris ili başlayıb. Şagirdlər hər gün elmin sirlərinə yiyələnmək üçün məktəbə gedirlər. 16 yaşlı Afiq də 10-cu sinif şagirdidir. Amma o, hər səhər tezdən evlərinin yaxınlığındakı məktəbin qarşısında çantasına dəftər-kitab əvəzinə yığdığı parçadan düzəldilmiş rəngli kəpənəklərini satmağa gedir.
Afiq məktəbi çox sevir, yaxşı oxuyan şagirddir amma evə çörək pulu gətirməyə məcbur olduğunu deyir: «Onuncu sinfə keçdim. Bu il «28 may» metrosunda kəpənək satıram. Məktəbə getməyə həvəsim var, amma işləməyə də məcburam».
Məktəbli Afiq deyir ki, ailəsi onun gündəlik qazancı ilə birtəhər dolanır. Deyir ki, işdən əlini çəkib yalnız məktəbə getsə ailəsi dolana bilməz.
Uşaqların hüquqlarının müdafiəsi liqasının sədri Yusif Bəkir deyir ki, dərsdən yayınan şagirdlər əsasən aztəminatlı ailələrin uşaqlarıdırlar və onların əməklə məşğul olmasının bir neçə əsaslı səbəbləri var. Ən əsası da onların sosial müdafiəsizliyidir:
«Uşaqlar sosial müdafiə olunmurlar. Hər bir uşağa birbaşa yardım 45 manatdır. Yaşamaq minimumu isə 70 manatdır. Uşaq özünü yaşatmaq üçün məcbur olur işləsin».

Yusif Bəkir deyir ki, uşaqların dərsdən yayınaraq işləməsi ilə mübarizə aparmaq mümkün deyil. Çünki, orta məktəb təhsili icbari olsa da, bunun da nəzarət mexanizmi yoxdur. Nə qədər məktəblinin dərsdən yayınması haqda heç bir qeydiyyat aparılmır.

«Azərbaycan dövləti Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Beynəlxalq konvensiyada göstərilir ki, uşaqların işləməsi haqında qeydiyyat aparılmalıdır. Azərbaycan da bu qeydiyyat aparılmır».

Bakı Şəhəri Baş Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyir ki şagirdlərin dərsdən yayınma halları mövcuddur. Lakin, qanunvericilikdə buna qarşı mübarizə halları məhduddur:

«Əgər hansısa şagird dərs müddətində dərsə gəlmirsə, biz tədris müəssisəsi olaraq onun valideynlərini bu barədə məlumatlandırırıq. Valideyn hər hansı addım atmazsa, şagirdin oxuduğu ərazinin sahə müvəkkillinə müraciət edirik ki, məktəblinin məktəbə gəlməsini təmin etsin. Əgər uşaq məktəbə gəlmirsə, valideyni onu dərsdən yayındırırsa bizim kimisə məsuliyyətə cəlb etmək hüququmuz yoxdur».

Zəminə Əlıqızının bildirdiyinə görə, ölkədə nə qədər təhsildən yayınan şagirdin olmasının statistikası aparılmır. Amma belə uşaqların əsasən 5-ci sinifdən yuxarı olduqlarının bilirlər.

Afiqin sinif yoldaşları gələn il abituriyent adını qazanıb hansısa ali məktəbə daxil olacaqlar. O və onun kimi uşaq oyuncaqları, şəkil və ya siqaret satan şagirdlər isə kövrək çiyinlərində ailələrinin yükünü, daşımağa evə çörək pulu aparmağa məcburdur.
XS
SM
MD
LG