Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:39

Azərbaycan üçün itirilmiş bir şans


Tədqiqatçılar hesab edir ki, 2005-ci il seçkilərində İlham Əliyev rejimi daha da möhkəmləndi
Tədqiqatçılar hesab edir ki, 2005-ci il seçkilərində İlham Əliyev rejimi daha da möhkəmləndi
2005-ci ilin parlament seçkiləri Azərbaycan üçün itirilmiş bir şans oldu. Avtoritar rejimdən demokratiyaya keçid üçün müxalifət birlik nümayiş etdirsə də, bu mövcud iqtidara - dünya birliyinin də gözyumması nəticəsində - hakimiyyəti əldə saxlamağa mane olmadı. Əksinə 3 il əvvəlki seçkilərlə İlham Əliyev rejimi daha da möhkəmləndi. Demokratiya ümidləri isə daha da azaldı.

Bu fikirlər Kornell universitetindən Valeri Bans və Corc Vaşinqton Universitetindən Şeron Volçikin hazırladığı tədqiqatda yer alıb. Araşdırma Stenford Universitetində dərc edilib.

Araşdırmanın ana xətti 2005-ci ilin seçkilərinin bu cür nəticələnməsinə aparan daxili və xarici faktorların aydınlaşdırılmasına yönəlir. Vurğulanır ki, Ukrayna və Gürcüstanda baş verən rəngli inqilablar, Qəbrin daha ciddi demokratiya tələbləri, ölkədə təbəqələşmənin dərinləşməsi və Dağlıq Qarabağ kimi problemlərin həll olunmaması, hakimiyyət komandasında narazıların meydana çıxması əslində demokratik qüvvələrin şansını artıran faktorlarıydı.

Amma Əliyev rejiminin o vaxta kimi apardığı siyasət, yəni müxalifətin maddi-maliyyə dəstəyini məhv etməsi, medianı nəzarətə alması, ölkənin sərvətləri hesabına Qərbi öz yanına çəkməsi faktiki olaraq dəyişikliyin qarşısını aldı.

Buna görə də qısamüddətli daxili faktorlardan çox, Qərbin xüsusən də Amerikanın münasibəti önəmli rol oynadı. Araşdırmada xüsusən vurğulanır ki, Amerika diplomatlarının demokratiya haqda verdiyi bəyanatlarla yanaşı Bakıya səfərlərində Azərbaycanda inqilabi yox təkamül yoluyla demokratik inkişafı dəstəkləməsi 3 il əvvəlki sonucu doğurdu. Bu seçkilərdən sonra Qərbi demokratiyadan daha çox enerji və sabitliyi müdafiə etməkdə günahlandıranların əsasları var.

«İndi beynəlxalq ictimaiyyət daha çox Cənubi Qafqazda maksimum sabitliyin olmasında maraqlıdır. Odur ki, hətta ATƏT desə də ki, seçkilər azad və ədalətli olmayıb, beynəlxalq ictimaiyyət İlham Əliyevin hakimiyyətin legitim olmadığında israr etməyəcək. Çünki bu, ölkənin daxilində siyasi sabitliyi poza bilər»
Araşdırma müəlliflərinin fikrincə, Azərbaycanın enerji dəhlizi üzərində strateji mövqeyi, həmçinin ərazilərinin işğal altında olması onu daim Rusiya və Qərb arasında balanslı siyasət aparmağa məcbur edir. Əliyevlər rejimi həm Vaşinqton, həm də Moskvanı inandıra biliblər ki, əslində burda məhz onların rejiminin olması daha məqsədyönlüdür. Və lazımi demokratik dəyişikləri özləri də tədricən aparmaq istəyirlər. Bütün bunlara qarşı Qərbin qeyri-hökumət sektoru vasitəsiylə Azərbaycandakı demokratik islahatlara verdiyi dəstəklər isə əslində öz təsirini itirmiş olur.

Araşdırmanın sonunda müəlliflər qeyd eləyirlər ki, 2005-ci ilin seçkilərində demokratiyaya doğru inkişaf olmadı və bunun nəticəsində indi ümidlər daha azdı. Müəlliflər inanırlar ki, əgər o vaxt İlham Əliyev demokratik parlament seçkiləri keçirsəydi, ölkədə yaranan vəziyyətə baxmayaraq yenə də az fərqlə də olsa qalib gələ bilərdi. Çünki neft dollarları, medianın dövlətin nəzarətində olması və Amerika, həmçinin Rusiyanın dəstəyi öz işini görürdü. Amma Əliyev başqa yol seçdi və indi narazılıq artdıqca onun rejimi narazıları susdurmaq üçün daha avtokratik olmağa məcburdur.

Dağlıq Qarabağla daha sərt bəyanatlar verib iqtisadi planda o qədər də əsaslanmayan və nəticələri pis olan xərcləmələr həyata keçirirlər. Müxalifət isə Elçibəyin vəfatından sonra hələ də vahid xarizmatik lider ətrafında birləşə bilmədiyindən, eyni zamanda mediaya çıxışı olmadığından real dəyişiklər etmək iqtidarında deyil. Azərbaycan cəmiyyəti isə belə olan təqdirdə SSRİ-dən ayrılmaq ərəfəsindəki mübarizliyi və qətiyyətini itirib. Bu da əksinə daha çox avtoritarizmin güclənməsinə rəvac verir. Odur ki, Azərbaycanda hələ ki nə postkommunist Şərqi Avropasındakı kimi təkamül yoluyla demokratiyanın qurulmasına, nə Baltikyanı ölkələr, Ukrayna və Gürcüstandakı kimi inqilabi hərəkatlarla demokratiya quruculuğu real görünür.

Azərbaycanda hakim rejim özü istəməyincə demokratik seçkinin baş tutmasına ümidlər çox azdır. Araşdırmadakı fikirlərlə «Azadlıq» radiosunun şərhçisi Liz Fuller də qismən razılaşır, amma deyir ki, əslində budəfəki seçkidə İlham Əliyevə demokratik seçki keçirməyə heç nə mane olmur - yəni Azərbaycan hakimiyyətinin seçkini saxtalaşdırmağa ehtiyacı yoxdur. Çünki bugünkü namizədlərlə ən şəffaf seçkidə belə İlham Əliyev qalib gələ bilər. Ancaq indi yaranan beynəlxalq durumda hətta seçki saxtalaşsa belə, hakimiyyət ciddi heç nə itirməyəcək.

Xanım Fuller: «İndi beynəlxalq ictimaiyyət daha çox Cənubi Qafqazda maksimum sabitliyin olmasında maraqlıdır. Odur ki, hətta ATƏT desə də ki, seçkilər azad və ədalətli olmayıb beynəlxalq ictimaiyyət İlham Əliyevin hakimiyyətin legitim olmadığında israr etməyəcək. Çünki bu, ölkənin daxilində siyasi sabitliyi poza bilər».
XS
SM
MD
LG