Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:38

Azərbaycan hamıya xoş gəlmək istəyir


Dağlıq Qarabağ Rusiyanın əlində Azərbaycanın daxili və xarici siyasətinə təsir etmək üçün vasitədir
Dağlıq Qarabağ Rusiyanın əlində Azərbaycanın daxili və xarici siyasətinə təsir etmək üçün vasitədir
«XIX əsrin Rusiyası ilə XXI əsrin Rusiyası dünyada yanaşı fəaliyyət göstərə bilməz!»-, Bu sətirlər ABŞ-ın dövlət katibi Kondaliza Raysa məxsusdur. Güman ki, bu fikirdə son dövrlərdə yaşanan geosiyasi dramatizm öz əksini tapıb. Dəyişiklik təkcə təqvim xarakteri daşımamaldır, bu, ilk növbədə münasibətlərdə, siyasətə baxışda öz əksini tapmalıdır.
Son bir ayda baş verən prosesləri təhlil etsək, bir çox mürəkkəb təzahürlərin şahidi olarıq. Bunlar özünü ilk növbədə nədə göstərdi? Rusiya uduzdu və dünya dövlətlərinin «ərazi bütövlüyü» anlayışına münasibəti bundan sonra bir az da cilalandı. Təcavüz cavabsız – etirazsız qalmadı. Amma münasibətlər müxtəlif oldu. Bu müxtəliflik özünü xüsusən də Cənubi Qafqaz respublikaları arasında büruzə verdi. Yox, işğala münasibət birmənalı oldu, hamı təcavüzü, Cənubi Osetiyanın və Abxaziyanın tanınmasını pislədi. Azərbaycanda bu, daha çox Xarici İşlər Nazirliyinin əməkdaşı səviyyəsində həyata keçirildi. Elə Qərb mətbuatını narahat edən də budur. Bəzi Qərb qəzetləri yazır ki, Azərbaycan fəal şəkildə Rusiyanın Gürcüstandakı hərəkətlərini lənətləyən Qərbə qoşulmadı. Bu tənqiddə müəyyən həqiqət var.

Özünü Cənubi Qafqazın lider respublikası adlandıran ölkə özünü çox ehtiyatla apardı. Bu siyasət indi də davam edir. Yüksək rütbəli dövlət rəsmiləri Gürcüstana səfərlər etmədilər. Digər respublikaların prezidentləri, xarici işlər nazirləri daha fəal oldular. Bu fəallıq öz bəhrəsini verdi və ən başlıcası buna görə heç kim cəzalandırılmadı.

Azərbaycan hamı ilə dost olmaq istəyir. Düzdür, dövlət rəsmiləri bunu ölkənin milli maraqları ilə izah edirlər. Bəzi məlumatlara görə, Rusiyanın Gürcüstana təcavüzündən artıq bir ay keçsə də, Azərbaycan öz neftini Rusiya və digər istiqamətlərlə ixrac etməkdə davam edir və bunu Cənubi Qafqazdakı gərgin vəziyyətlə izah edir.

Son bir ayda baş verən prosesləri təhlil etsək, bir çox mürəkkəb təzahürlərin şahidi olarıq. Bunlar özünü ilk növbədə nədə göstərdi? Rusiya uduzdu və dünya dövlətlərinin «ərazi bütövlüyü» anlayışına münasibəti bundan sonra bir az da cilalandı. Təcavüz cavabsız – etirazsız qalmadı
ABŞ rəsmiləri birmənalı şəkildə bildirirlər ki, AvroAtlantika birliyinin gələcəyinə, üzvlüyü qəbul etmiş dövlətlərin qərarına Rusiya tərəfindən veto qoyulmasına imkan verməyəcəyik. Bu, Rusiyaya açıq işarədir. Artıq Rusiya müəyyən təzyiqləri öz üzərində hiss edir. Amma Rusiyanın azalan rolunu adekvat qiymətləndirməyən respublikalar var ki, bunlardan biri də Azərbaycandır.

Gürcüstan – Rusiya münaqişəsindən sonra istər diplomatik, istərsə də hərbi ritorikalarda müəyyən mülayimləşmə var. Azərbaycanda daha əvvəlki kimi hərbi ritorika üstünlük təşkil etmir. Daha əvvəlki kimi «bütün vasitələrlə», o «cümlədən də güc yolu məsələni həll edəcəyik» kimi fikirlər tez-tez səslənmir. Görünür, Gürcüstanın təcrübəsi hələ də öz təsirini itirməyib. Amma dərindən fikirləşəndə Gürcüstan öz ərazi bütövlüyünü təmin edə bilməsə də, problemini aktuallaşdıra bildi. Heç kim Cənubi Osetiyanı və Abxaziyanı müstəqil dövlət kimi tanımayacaq, Gürcüstanın ərazi bütövlüyü gec-tez təmin olunacaq. Amma Azərbaycan Rusiyanın və Lavrovun vədlərinə inanmaqda davam edir. Rusiya heç bir vaxt Dağlıq Qarabağı Azərbaycana güzəşt etməyəcək. Dağlıq Qarabağ Rusiyanın əlində Azərbaycanın daxili və xarici siyasətinə təsir etmək üçün vasitədir. Bu, digər münaqişələrə də aiddir. Hiss edəndə ki, Cənubi Osetiya və Abxaziya vasitəsilə daha Gürcüstanı idarə edə bilmir Rusiya ən kəskin yol tutdu.

İndi Minsk Qrupunda Rusiya-Ermənistan-Türkiyə-Azərbaycan formatına ümid edilir. Əslində bu, Ermənistanı müvəqqəti olaraq blokadadan xilas etmək yoludur. Rusiya cəhd edir ki, Ermənistan ətrafındakı blokada tədricən aradan götürülsün, Ermənistan regional layihələrə qoşulsun. Əslində isə nə baş verir? Ermənistan prezidenti Azərbaycanın hərbi büdcəsinin artmasına ironiya ilə yanaşır və rəsmi Bakını Dağlıq Qarabağa sərmayə qoymağa çağırır. Sarkisyan sonradan fikirlərinin təhrif olduğunu desə də, bu, müəyyən ictimai marağa səbəb oldu. Üstəlik, hansı sərmayədən danışmaq olar ki, bu bölgə Azərbaycanın suverenliyini tanımır, özünü onun bir hissəsi hiss etmir?

Sözsüz ki, Türkiyənin prosesdə fəallaşmasında müsbət detallar var. Bu, ən azı yüz illiklərlə yaranan bir mifi dağıda bilərdi. Bu mif də ondan ibarətdir Ermənistan türk dövlətlərinin əhatəsində mövcud ola bilməz. Bu, Rusiyanın əsrlərlə formalaşdırdığı, Ermənistana aşıladığı mif və Ermənistan üçün bölgədə müəyyən etdiyi geosiyasi missiyadır. Çox güman ki, NATO-nun bölgəyə sirayət etməsi ilə bu mif də dağılacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG