Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:56

«İnflyasiyanın indiki səviyyəsi rahat olmalı səviyyə deyil»


Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:
- Dünyadakı iqtisadi böhran Azərbaycan iqtisadiyyatına hansı formada təsir edə bilər?
- Qısamüddətli perspektivdə Azərbaycan üçün hər hansı bir risk görmürəm. Çünki Azərbaycanın kifayət qədər davamlı maliyyə ehtiyatları var. Ölkənin Beynəlxalq Bankda 5 milyard, Dövlət Neft Fondunda isə 10 milyard dollar vəsaiti var. Məncə, hansısa problem baş verərsə, bu, iqtisadiyyatı qorumaq üçün yaxşı vəsaitdir. Azərbaycan bankları necə deyərlər, kütləvi zəhərlənmə riski ilə üz-üzə deyil. Onlar əsasən yerli müştərilərlə işləyirlər. Odur ki, qısa müddət üçün hansısa risk görmürəm. Əgər dünyadakı iqtisadi tənəzzül uzunmüddətli olsa, neftin qiyməti indikindən daha çox ucuzlaşsa, gəlirlər azalacaq. Bu, hər şeydən əvvəl Dövlət Neft Fonduna təsir edəcək və yəqin ki, dövlət xərclərini yenidən nəzərdən keçirmək lazım gələcək. Hazırda bu xərclər kifayət qədər çoxdur. Amma bir tərəfdən də büdcə xərclərinin azaldılması inflyasiyaya təsir edəcək. Bu isə o qədər də pis deyil. Qısa müddət üçün isə Azərbaycana heç bir problem görmürəm.
- Azərbaycanda bəzi banklar istehlak kreditlərinin verilməsini dayandırıb. Bunu qlobal maliyyə böhranı ilə əlaqələndirirlər. Siz nə düşünürsünüz?
- İstehlak kreditləri, yaxud ipoteka heç də həmişə maliyyə bazarına mənfi təsir göstərmir. Dünyanın çox yerlərində yüzlərlə banklar istehlak və ipoteka maliyyələşdirilməsi ilə məşğuldur. Amma məsələ həmin kreditlərin verilmə mexanizmlərindədir. Mən düşünmürəm ki, Azərbaycanda banklar aşağı keyfiyyətli birbaşa borcvermə həvəskarıdırlar.
- Bəs Dünya Bankı qlobal maliyyə böhranından qorunmaq üçün Azərbaycana nə təklif edir?
- Qısa müddət üçün özəl banklara Milli Bankın nəzarətini artırmaq yaxşı olardı. Milli Bank bu sahədə yaxşı işləyir. İndi nəzarət baxımından daha tədbirli olmaq çox çətindir. Uzunmüddətli perspektiv üçün iqtisadiyyatı müxtəlifləşdirmək, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Bu, bizim məsləhətimiz deyil. Hökumət də bunu deyir. Elə bir an ola bilər ki, iqtisadiyyatın başqa sahələrini inkişaf etdirmək əvvəl olduğundan daha vacib olmağa başlayar. Amma qısa müddət üçün hesab etmirəm ki, hökumət hansısa kəskin addımlar atmalıdır.
- Bəs siz Azərbaycanda inflyasiyanın səviyyəsini necə qiymətləndirirsiniz?
- Biz bu sahədə müstəqil qiymətləndirmə aparmırıq. Beynəlxalq Valyuta Fondunun və hökumətin qiymətləndirməsindən istifadə edirik. Əslində inflyasiyanın hansı həddə olmasının optimallığı barədə birmənalı elmi nəzəriyyə də yoxdur. Çünki o iqtisadi vəziyyətdən asılı olaraq dəyişir. Amma bəllidir ki, inflyasiya nəzarət altında olmalıdır. İndiki səviyyə rahat olmalı səviyyə deyil. Hamımız bilirik ki, inflyasiyanın səviyyəsi aşağı ola bilərdi. Bu, elə bir şeydir ki, diqqətlə nəzərdən keçirilməlidir. Xüsusilə o inflyasiya ki, bütün göstəricilər bir rəqəmi göstərir, amma müxtəlif zümrələrdən olan insanlar üçün həyat səviyyəsi fərqli rəqəmlər əks etdirir. Bakıda yaşayış qiyməti birdir, regionda başqa. Kasıblar üçün birdir, orta gəlirlilər üçün başqa. Odur ki, məncə, qida və enerji qiymətlərinin yoxsullara necə təsir etdiyinin daha yaxşı başa düşülməsinə ehtiyac var.
XS
SM
MD
LG