Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:37

O qayıdacaq, mütləq qayıdacaq...


Amma paradoksal hal var. YAP çox şeyə nail oldu. Siyasəti, iqtisadiyyatı tam inhisarlaşdırdı
Amma paradoksal hal var. YAP çox şeyə nail oldu. Siyasəti, iqtisadiyyatı tam inhisarlaşdırdı
YAP indi də «Siyasi partiyalar haqqında» yeni qanun layihəsi hazırlayıb. 1992-ci ildə qəbul olunmuş köhnə qanun artıq nə YAP-ın, nə də Cənubi Qafqazın «lider respublikası»nın siyasi tələblərinə cavab vermir. Prinsipcə, partiyalarla bağlı problemlər var.

Seçki partiyaların hansı vəziyyətdə olmasını da, onlara qarşı münasibəti də çox gözəl şəkildə göstərdi. Siyasət artıq yoxdur. Belə fikirlər indi ömrünün ən azı iyirmi ilini siyasətə həsr etmiş insanların dilindən səslənir. Müxalifət partiyaları xırda dissident klubları şəklində fəaliyyət göstərirlər. Qərargahlar əksər hallarda yoxdur, siyasi aksiyalar keçirməyə icazə verilmir, hətta rəsmi şəkildə ölkə siyasətində hansı partiyanın yerinin olub-olmaması haqqında bəyanatlar verilir.
Amma məsələ aydındır. QHT-lər nəzarətə cəlb olundular. İndi növbə siyasi partiyalarındır. Düzdür, şirnikləndirici vədlər verilir. Dövlət büdcəsindən maliyyələşmə, qeydiyyatın asanlaşması və s. Amma bunlar kimlərə, hansı partiyalara şamil olunacaq?

İndi iki Azərbaycan var. Biri bəyanatlardakı Azərbaycandır, digəri hamımızın yaxşı tanıdığı və bildiyi Azərbaycandır. Şüar və reallıq, deklarasiya və həqiqət, rəsmi statistika və gündəlik müşahidələr! Bunlar nə qədər təzad təşkil edir! Demokratiyadan uzaqlaşdıqca demokratik gələcəklə bağlı vədlər artır, şüarlar çoxalır, dekorasiya da öz yerində.

YAP özü üçün partiyalar yaradır. Bu partiyalar daha sədaqətli olacaqlar, Seçki Məcəlləsi ilə bağlı dava aparmayacaqlar, seçkidəki nəticələrinə qane olacaqlar, heç vaxt birinciliyə iddia etməyəcəklər, ölkədə aparılan siyasi və iqtisadi «islahatları» ürəkdən dəstəkləyəcəklər
İndi heç bir müxalifət partiyasının ciddi siyasətlə məşğul olmaq imkanları yoxdur. Yeganə bir imkan qalıb ki, bu da bəzi qəzetlərə və başqa nəşrlərə müsahibə verməkdir. Belə şəraitdə YAP-ın siyasi partiyaları gücləndirmək təşəbbüsü ən azı ironiya doğurur. Amma təəccüblü heç nə yoxdur. YAP özü üçün partiyalar yaradır. Bu partiyalar daha sədaqətli olacaqlar, Seçki Məcəlləsi ilə bağlı dava aparmayacaqlar, seçkidəki nəticələrinə qane olacaqlar, heç vaxt birinciliyə iddia etməyəcəklər, ölkədə aparılan siyasi və iqtisadi «islahatları» ürəkdən dəstəkləyəcəklər. Azərbaycan da bütün bunların nəticəsində nümunəvi seçki ölkəsinə, demokratiya diyarına çevriləcək. Beləcə, hər şey nəzarətə götürülür, cəmiyyətin hətta davranışı idarə olunur, istiqamətləndirilir. Ölkədə çoxdan arzulanan «həmrəylik» bərqərar olur. Ola bilsin, növbəti seçkilərdə nəticələr bir az da artıb hətta 100 faizə çatacaq. Bir-iki faizə qane olan partiyalar niyə də ümumiyyətlə heç bir nəticə qazanmadıqları ilə razılaşmasınlar? «Yuxarıların» qərarına kim etiraz edə bilər ki?
Amma paradoksal hal var. YAP çox şeyə nail oldu. Siyasəti, iqtisadiyyatı tam inhisarlaşdırdı. Amma insanların ürəklərini fəth edə bilmədi. Düzdür, insanlarda şəxsiyyətin ikiləşməsi prosesi baş verib. Sovetlər vaxtında da belə idi. İnsanlar açıq etiraz etmirdilər, susurdular, sürəkli alqışlar çalırdılar, amma ürəyinin dərinliyində hamı narazı idi. İndi də buna bənzər proses baş verir. Ölkədə ümidsizlik, inamsızlıq, apatiya baş alıb gedir. Ölkəni tərk etmək istəyənlərin sayı gündən-gündən artır. Xüsusən də gənclər arasında dərin mənəvi böhran yaşanır. Gənclik həmişə daha həssas, yalana qarşı dözümsüz olur.
İdeologiyalar daha çox totalitar cəmiyyətlər üçün xarakterik olur. Amma bütün cəmiyyətlərdə müəyyən dəyərlər sistemi olur, bu dəyərlər insanları yaşadır, onlara ümid verir. YAP nə qədər çalışsa da bunu cəmiyyətə verə bilmədi. Ölkədə əsl vakuum hökm sürür. Elə bunun özü ümidverici faktordur ki, bu rejim ciddi və inandırıcı ideoloji dayaqlara malik deyil. Güc amili, bayağı təbliğat, neft – bu rejimin dayaqları budur. Bütün bunlar isə əbədi deyil. Bir gün tükənəcək. Hər bir təbliğat gec-tez özünün əksinə çevrilir.

Siyasətə yeni qayıdış baş verəcək. İnsanlar yenidən başa düşəcəklər ki, siyasəti və siyasətçiləri nəzarətsiz buraxmaq olmaz. Amma bu çox da tezliklə olmayacaq. Demokratiyanın elementləri hələ bir müddət fədakar insanların hesabına yaşayacaq. Çətin olacaq, uzaqlaşanlar, başqa düşərgəyə keçənlər olacaq. Amma demokratiya çox sirayətedici ideyadır.
O qayıdacaq, mütləq qayıdacaq. Bunu tarix də göstərir. Heç bir partiya, hətta seçkilərdə 80-90 faiz nəticələr qazanan partiyalar belə bu prosesin qarşısını ala bilməyəcəklər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG