Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

«Əbu-Bəkr»də yeni partlayış törədilə bilər


«Əbu-Bəkr» məscidi
«Əbu-Bəkr» məscidi
Avqustun 17-də baş verən partlayışdan sonra bağlanan «Əbu-Bəkr» məscidinin açılması haqda məhkəmə qətnaməsinin icrası dayandırılıb.

Bunu «Azadlıq» radiosuna sözügedən məscidin imamı Qamət Süleyman deyib. Onun sözlərinə görə, buna səbəb Nərimanov Rayon Polis İdarəsinin qətnamədən şikayət verməsidir.

- İki aydan çoxdur səbrlə gözləyirik. Ancaq Allahın evinə qadağa qoymaq müsəlmançılıqdan deyil. 10 min insanı nəzərə almaq gərəkdir. Onlar da Azərbaycan vətəndaşlarıdır.

- Bəs sizin tərəfdarlarınız cümə namazlarını harda qılır?

- Evlərdə, bağlarda, ayrı-ayrı məscidlərdə.

Faktı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov da təsdiq edib. O, «Azadlıq» radiosuna deyib ki, «Əbu Bəkr»in açılmamasının bir səbəbi də ekstremist yönümlü qüvvələrin həmin məsciddə yeni terror aktının törədilməsinin planlaşdırılması barədə hüquq-mühafizə orqanlarına daxil olan xəbərlərdir:

«Polis haqqında» qanunda göstərilib ki, ictimai qayda və insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda polis hər hansı əraziyə girişi məhdudlaşdıra bilər. Polis məscidin işini davam etdirməsini mümkün saymır. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları məhkəmə prosesində üzrlü səbəbdən iştirak etməyib, nəticədə qiyabi qətnamə çıxarılıb. Ona görə də, qanunvericiliyə əsasən İdarə məhkəmədən xahiş edib ki, həmin qətnamə ləğv olunsun, işin təzələnib mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılsın».

DİN sözçüsü bildirir ki, ibadət edən şəxsləri məscidə buraxmamaqla polis onların təhlükəsizliyini təmin edir. Ona görə də polis belə hesab edir ki, məhkəmənin çıxardığı qiyabi qətnamə ərazidəki vəziyyət, əməliyyat şəraiti, yaxınlıqda yaşayan insanların təhlükəsizliyi, həyat və sağlamlıqlarına olan təhdidlər, bununla bağlı dövlət orqanlarına edilən müraciətlər, eyni zamanda ictimai qaydanın durumu nəzərə alınmadan çıxarıldığından qanunauyğun sayıla bilməz.

S.Gözəlov deyir ki, məscidin partladılması ilə bağlı cinayət işinin istintaqı davam etdiyindən polis bir sıra tədbirlər həyata keçirir. Məscidə dəyən ziyanın miqdarı təyin edilənə, ekspertiza rəyləri alınana qədər məscidə giriş-çıxışa qadağa qoyulacaq.

Azərbaycandakı dini durumla bağlı araşdırmalar aparan ekspert Çingiz Məmmədov isə deyir ki, din toplumun ən həssas nöqtələrindəndir. Bu məsələdə nə qədər şəffaflıq olsa, təhlükə bir o qədər azalacaq:

«Əslində din adamlarının konkret yerlərdə toplanmasını əngəlləmək yox, buna imkan yaratmaq gərəkdir. Çünki insanların dini ehtiyaclarının ödənməsinin əngəllənməsi aqressiya doğura bilər».

Ç.Məmmədovun fikrincə, onların konkret məkanlarda toplanması həm də nəzarət imkanlarını genişləndirir. Bütün hallarda hüquq-mühafizə orqanlarının vəziyyətə nəzarət etməsi şərtilə dini qrupların işinə imkan yaradılmalıdır.
XS
SM
MD
LG