Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:56

Avropalıların hisli-mazutlu Azərbaycan tərəvəzinə nə ehtiyacı var?


«Yalnız onda Avropa və dünya bazarına Azərbaycandan keyfiyyətli mal çıxarmaq olar»
«Yalnız onda Avropa və dünya bazarına Azərbaycandan keyfiyyətli mal çıxarmaq olar»

Azərbaycan xarici ölkələrə hansı növ kənd təsərrüfatı məhsulları ixrac edir? Kənd Təsərrüfatı Nazirliyində İdarə rəisi Sabir Vəliyev:

«Azərbaycandan hansısa Avropa ölkələrinə kənd təsərrüfatı mallarının göndərilməsi ilə bağlı statistikada elə bir məlumat yoxdur».

Azərbaycanın kənd təsərrüfatı məhsulları yalnız keçmiş sovet respublikalarından dördünə göndərilir. Bunlar Rusiya, Ukrayna, Belarus və Qazaxıstandır.

Bəs bu ölkələrə göndərilən mallar Avropa və Amerikaya niyə ixrac edilmir? Sabir Vəliyev bunu həmin ölkələrin daxili bazarlarının ciddi qorunması və məhsul istehsalının çoxluğuyla izah edir.

Almaniyada yaşayan Rövşən Qəmbərsə «Azadlıq» radiosuna deyir ki, 19 yaşından bu ölkədə olsa da, indiyə qədər cəmi iki növ Azərbaycan məhsuluna - feyxoa və nara rast gəlib. Onun sözlərinə görə, bəzən Almaniyadakı azərbaycanlılarla bu məsələni müzakirə edir, yollar axtarırlar. Amma R.Qəmbərin fikrincə, Avropa bazarına keyfiyyətli mal çıxarmaq üçün ilk növbədə həmin məhsulu istehsal edən yüksək əyarlı mütəxəssis olmalıdır:

«Yalnız onda Avropa və dünya bazarına Azərbaycandan keyfiyyətli mal çıxarmaq olar».

Bakının Zirə qəsəbəsində bir il əvvələ qədər pomidor və xiyar yetişdirən Zakir İbrahimov isə hesab edir ki, avtomobil şinilə, odunla, keyfiyyətsiz mazutla keyfiyətli məhsul istehsal etmək və onu xaricə göndərmək mümkün deyil. Onun sözlərinə görə, bəzən elə olur ki, əlacsızlıqdan ötən ildən qalan polietilen örtüyünü yandırıb istixananı qızdırırmış. Sonda bu iş onu bezdirib və hər şeydən əl çəkib:

«Elə olub sellofanı yığıb yandırmışam. Amma bizə imkan versələr, dünyanın hər yerinə məhsul göndərərik. İndi yalnız bir neçə varlı adam istixana işlədə bilir».

Zakir İbrahimov deyir ki, his, mazut qoxusu gələn pomidor-xiyar avropalıya lazım deyil.

Amma hisli-mazutlu olmasa belə, Avropaya Azərbaycandan mal çıxarmaq çətin məsələdir. İqtisadçı Azər Mehtiyev bu fikirdədir. O, hesab edir ki, Avropa bazarlarına gedəcək mal ilk növbədə ekoloji baxımdan təmiz olmalıdır.

İqtisadçı bir-iki il əvvəl Azərbaycandan Avropa bazarlarına aparılan fındıqla bağlı qalmaqalı yada salır. Onun sözlərinə görə, həmin vaxt məlum olub ki, Avropaya aparılan fındığın saxlanma şəraiti standartlara uyğun gəlmədiyindən məhsulun keyfiyyətində ciddi problemlər üzə çıxıb. Nəticədə Azərbaycan malı Avropaya buraxılmayıb:

«Avropada bazarlar müxtəlif normalarla, sanitar və fitosanitar qaydalarla tənzimlənir. Həmçinin orda bazarlar çox ciddi qorunur».

Azər Mehtiyev deyir ki, Avropada kənd təsərrüfatına iri həcmli subsidiyalar ayrılır və bu ölkələrdə xidmət mədəniyyəti çox yüksəkdir. Yəni həmin məhsullar istehlakçılara onların zövqünə uyğun təqdim edilir. Bütün bunlarsa Azərbaycanda yoxdur.

Eləcə də Avropa ölkələrinə mal aparmaq üçün sanitar-gigiyenik standartlara uyğunluğu təsdiqləyəcək sənədlər alınmalıdır. Həmin sənədləri almaq isə indiki məqamda çox çətin məsələdir. Digər tərəfdən, öz daxili bazarını qorumağa çalışan Avropa belə sənədlərin verilməsində maraqlı deyil.

XS
SM
MD
LG