Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:36

«Müxalifətçi olduğum üçün işdən çıxarılmışam»


İntiqam İsmayılov hazırda işsizdir. Dediyinə görə müsavatçı olduğu üçün onu heç kim işə qəbul etmir
İntiqam İsmayılov hazırda işsizdir. Dediyinə görə müsavatçı olduğu üçün onu heç kim işə qəbul etmir
«Ali təhsilli müəlliməm. Müxalifətçi olduğum üçün işdən çıxarılmışam»-, Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayon Nəhəcir kənd sakini İntiqam İsmayılov belə deyir. O, ali təhsilli müəllim, eyni zamanda ehtiyatda olan hərbiçi olmasına baxmayaraq, heç bir əsas gətirilmədən 2003-cü ildə hərbi hazırlıq fənnindən dərs dediyi Nəhəcir kənd orta məktəbindən işdən çıxarıldığını deyir.
Dəfələrlə aidiyyatı orqanlara müraciət etsə də şikayətinə baxan yoxdur. Yalnız onu öyrənə bilib ki, özü yazmadığı «öz ərizəsinə əsasən» işdən azad edilib. Keçmiş hərbi müəllim indi düşüb idarələrə öyrənsin ki, özü ərizəni nə vaxt yazıb və yaxud da kim onun əvəzinə işdən çıxmaq istəyib. Dediyinə görə heç bunu da dəqiqləşdirə bilmir. İdarələrin birində ona öz ərizəsi ilə işdən azad edildiyi bildirilir, digərində isə işində buraxdığı nöqsanlara görə çıxarıldığı söylənilir. İndi qalıb çarəsiz. Kimə inanacağını bilmir. Yalnız onu dəqiq bilir ki, işdən çıxması üçün özü ərizə yazmayıb.

İntiqam İsmayılovla söhbətdə həyat yoldaşı elə Nəhəcir kənd məktəbində texniki işçi kimi çalışan Gülbir İsmayılovanın da işdən çıxarıldığını öyrəndik. Keçmiş müəllimin dediyinə görə Müsavat partiyasının üzvü olduğundan onu belə incidirlər.

Məsələyə aydınlıq gətirmək üçün Culfa Rayon Təhsil şöbəsi ilə əlaqə saxladıq. Şöbənin rəhbəri Adəm Qasımov İntiqam İsmayılovun öz ərizəsi ilə işdən azad edildiyini bildirdi.

İntiqam İsmayılov hazırda işsizdir. Dediyinə görə müsavatçı olduğu üçün onu heç kim işə qəbul etmir. Bir zamanlar dədə-baba yurdunu tərk edənləri qınasa da, indi özü çarəsizlikdən ata yurdunu tərk edib Naxçıvandan köçməyi planlaşdırır.

Qanunsuz işdən çıxarılmasına gəlincə İntiqam İsmayılov deyir ki, bu vaxta kimi etdiyi cəhdlərin nəticəsiz qalmasına baxmayaraq, məsələnin hüquqi yolla həllinə cəhd göstərəcək.
XS
SM
MD
LG