Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:33

Nazirlər Bakı Bəyannaməsini razılaşdıra bilməyib


Rumıniya və Bolqarıstan nümayəndələri layihəyə Nabucconun dəstəklənməsi haqda ifadələr daxil etməyin zərurətini qeyd ediblər
Rumıniya və Bolqarıstan nümayəndələri layihəyə Nabucconun dəstəklənməsi haqda ifadələr daxil etməyin zərurətini qeyd ediblər
Bakı Enerji Sammiti çərçivəsində dövlət başçılarının imzalaması nəzərdə tutulan Bakı Bəyannaməsinin mətnini noyabrın 13-ü axşam saatlarınadək razılaşdırmaq mümkün olmayıb. «Turan» informasiya agentliyinin yazdığına görə, dünən energetika nazirlərinin görüşü nəticəsiz olub. Agentliyin yazdığına görə, Azərbaycan tərəfi iştirakçılara ingilis dilində Bəyannamənin layihəsini görüşdən cəmi yarım saat əvvəl verib. Təklif edilmiş layihədə Xəzər enerji resurslarının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan danışılıb və ümumi olaraq Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına toxunulub.

Artıq mövcud olan boru kəmərlərinin - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurumun rolu xüsusi vurğulanıb. Mətndə Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin adı çəkilsə də, Avropa İttifaqı və ABŞ-ın dəstəklədiyi Nabucco layihəsi barədə heç nə deyilməyib. Rumıniya və Bolqarıstan nümayəndələri layihəyə Nabucconun dəstəklənməsi haqda ifadələr daxil etməyin zərurətini qeyd ediblər. Hətta Qazaxıstan bu mövqeyi dəstəkləyib. ABŞ nümayəndəsi qeyd edib ki, gələcək niyyətləri konkretləşdirməyin vaxtıdır.

Gürcüstan ABŞ və digər dövlətlərin mövqeyini dəstəkləyib. Gürcüstan və Estoniya nümayəndələri Azərbaycanı nəzakətlə hazırkı görüşə etinasızlıq edən və bu layihələrə münasibətini gizlətməyən Rusiyadan ehtiyatlanmamağa çağırıblar.

Energetika nazirlərinin ortaq məxrəcə gələ bilməməsini «Azadlıq» radiosuna müsahibəsində görüşdə iştirak etmiş ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza da təsdiqləyib. Cənab Brayza deyir ki, hər kəs layihəyə öz əlavəsini etmək istədiyindən vəziyyət mürəkkəbləşib. Amerikalı diplomatın fikrincə, deklarasiyada əsas diqqət yetirməli məsələ strateji faktordur:

«Bu da ondan ibarət idi ki, Azərbaycan Avropaya enerji təminatını müxtəlifləşdirmək üçün açar mövqeyə sahibdir. Bu yeni ixrac yolları da deməkdir. Və müxtəlifləşdirmək deyərkən, gəlin açıq danışaq, bu o deməkdir ki, bir şirkətin – bir ölkənin yox ha, bir şirkətin, hansı ki, onsuz da Avropa qaz bazarında dominant mövqeyə malikdir, - bir şirkətin asılılığında olmayan yeni ixrac marşrutları yaradılmalıdır. Əgər biz vaxt sərf edib ölkə başçılarını və nazirləri bir araya gətirsək ki, onlar strateji baxımdan doğru qərar qəbul etsinlər, mən düşünmürəm ki, doğru qərar monopolistə öz monopoliyasını genişləndirmək üçün imkan yaratmaq qərarı olar. Bu heç də strateji düşüncə deyil».
Amerikalı diplomat gecə saatlarında da Bakı Bəyannaməsinin mətni üzərində işlənəcəyini də deyib.

«Azərbaycanın Avropa ilə əlaqələrini dərinləşdirmək üçün strateji imkanı var və «Qazprom» Cənubi Axın layihəsi ilə bunun qarşısını almağa çalışır. Odur ki, gəlin ayıq olaq».
Gecə saatlarında energetika nazirlərinin görüşünün nə ilə nəticələndiyi bu gün ərzində məlum olacaq.
XS
SM
MD
LG