Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:49

«Snayperlərin geri çəkilməsi müsbət addımdır, amma…»


Həmsədr ölkələr Azərbaycan və Ermənistandan yaxın həftələr ərzində snayperlərin cəbhə bölgəsindən geri çəkilməsi ilə bağlı cavab gözləyir
Həmsədr ölkələr Azərbaycan və Ermənistandan yaxın həftələr ərzində snayperlərin cəbhə bölgəsindən geri çəkilməsi ilə bağlı cavab gözləyir
Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda həmsədr ölkələr Azərbaycan və Ermənistandan yaxın həftələr ərzində snayperlərin cəbhə bölgəsindən geri çəkilməsi ilə bağlı cavab gözləyir.
Bunu «Azadlıq» radiosuna müsahibəsində ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye deyib:
«Vasitəçilər xoş niyyətin ilk göstəricisi kimi yeni ilə qədər, bunu, bəzən səngərdə həyatını itirən əsgərlərə yeni il hədiyyəsi də adlandıra bilərik, cəbhə xəttindən snayperlərin geri çağırılmasını təklif edib. Biz qarşıdan gələn həftələr ərzində bu məsələyə aidiyyəti olan bütün qurumlardan pozitiv cavab gözləyirik».
Dekabrın 4-də Finlandiyanın paytaxtı Helsinkidə ATƏT Xarici İşlər nazirlərinin görüşündə həm Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri ilə Minsk Qrupu həmsədrlərinin, həm də üç həmsədr ölkənin daha yüksək vəzifəli təmsilçilərinin görüşü keçirilib. Tərəfləri konkret addımlar atmağa çağıran sənəd də sonuncu görüşdə imzalanıb.
ABŞ Dövlət katibinin müavini Daniel Frid, Fransa və Rusiya Xarici İşlər nazirləri Bernar Kuşner və Sergey Lavrov dekabrın 4-də birgə imzaladıqları bəyannamədə Azərbaycan və Ermənistanı qarşılıqlı inam yaradan addımlar atmağa, o cümlədən, snayperləri qoşunların təmas xəttindən geri çəkməyə çağırıblar.
Bernar Fasyenin sözlərinə görə, vasitəçilər həmçinin tərəflərin 2009-cu ilin ortasına qədər baza prinsipləri üzərində işi tamamlamasını, bundan sonra isə artıq ortaya sülh razılaşması qoymasını gözləyir:
«Bernar Kuşner, Sergey Lavrov və cənab Frid Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə görüş keçirib onlara dəqiq olmasa da, bir təqvim təklif etdilər. Bu da, gələn ilin ortalarına qədər əsas prinsiplərin tamamlanması üzərində işi başa çatdırmaq təklifi idi. Bundan əlavə, üç vasitəçi ölkə hər iki tərəfə bu səylərə yardımçı olacaq texniki işçi sənədlər ötürüblər. Tərəflər həmin sənədləri gündəlikdə olan əsas problemlər üzrə kompromislərin əldə olunması üçün öyrənə, istifadə edə, ya da etməyə bilərlər».
Maraqlıdır ki, həmin bəyanatın mürəkkəbi qurumamış dekabrın 5-i və 6-da tərəflər artıq atəşkəs pozuntusu barədə xəbərlər yayıblar.
Politoloq Rasim Musabəyov deyir ki, snayperlərin geri çəkilməsi müsbət addımdır, lakin bu addım atılarsa, cəbhədən atəş səsini tamamilə kəsməyəcək.
O ki qaldı gələn ilin ortalarına qədər baza prinsiplərinin əsasında sülh razılaşması üzərində işə başlamaq perspektivinə, R.Musabəyov son zamanlar danışıqlar prosesindəki fəallaşmanı belə proqnozlar üçün zəmin sayır.
Beynəlxalq Böhran Qrupunun Azərbaycandakı təmsilçisi Təbib Hüseynovun sözlərinə görə, tərəflərin «Madrid prinsipləri» üzrə ümumi razılığa gəlib, münaqişəni sülh yolu ilə nizamlamaq, 5, yaxud 6 rayonun azad edilməsi, kommunikasiyaların açılması və qaçqınların qayıtması, səsvermə yolu ilə status məsələsinə baxılması məsələsində razılıq var. İndi məsələ detallarlıqdı. Amma:
«Bu texniki detallar əslində ən vacib məqamlardır».
Təbib Hüseynovun sözlərinə görə, ortada hansı rayonlara qaçqınların nə zaman və kimin müdafiəsi altında qayıtmasından tutmuş, referendumda hansı, neçə sualın qoyulacağı və kimin səs verəcəyinə qədər razılaşdırılası çoxlu detal var:
«Məncə, məsələ heç 2009-cu ildə də həllini tapmayacaq».
XS
SM
MD
LG