Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:28

2009-cu il nə vəd edir? Yüksək qiymətlər, işsizlik, yoxsa...


Problemlərin də iyerarxiyası olur
Problemlərin də iyerarxiyası olur
Başa çatmaqda olan 2008-ci il artıq özünün siyasi, eləcə də sosial-iqtisadi məzmununu yekunlaşdırıb. Qalan iki-üç həftə ərzində hansısa ciddi siyasi və yaxud iqtisadi hadisənin baş verəcəyini güman etmək o qədər də ehtimallı deyil. Elə bu səbəbdən insanları daha çox növbəti il, onun vəd etdiyi həyat və güzəran maraqlandırır. Düzdür, analitiklər və politoloqlar həmişə qeyd edirlər ki, gələcəyi proqnozlaşdırmağın ən yaxşı yolu keçmişə nəzər salmaqdır, çünki ən azı xronoloji baxımdan illər biri-birinin sadəcə davamıdır. Hər bir yeni ilə təzə məzmun vermək isə ilk növbədə insanların özündən və bir də onları idarə edənlərdən asılıdır.
Problemlərin də iyerarxiyası olur. 2008-ci ilin sonu qlobal iqtisadi böhranla yadda qaldı. Ona görə də indi bütün dünyada əsas məsələ iqtisadiyyat və onun nizamlanması yollarıdır, çünki ən tanınmış ekspertlərin rəyinə görə, qlobal iqtisadi böhran azı iki il davam edəcək. Onun ilkin fəsadlarının etiraf olunmadığı ölkə demək olar ki, yoxdur. Bir istisna var, o da Azərbaycandır.
Böyük ölkələr bir tərəfə, hətta bu günlərdə keçirdiyi mətbuat konfransında Gürcüstan prezidenti də iqtisadi böhranla bağlı məsələlərə toxundu. Deməli, böhran kiçik dövlətlərdən də yan keçməyəcək. Azərbaycan məmurları isə özlərini ya problemdən xəbərsiz kimi göstərir, ya da cəmiyyəti inandırmağa çalışırlar ki, bu problem ölkə üçün təsirsiz ötüşəcək.
Büdcəsi əsasən neft gəlirləri hesabına formalaşan, qeyri-neft sektorunun çox zəif inkişaf etdiyi, büdcəsində neftin qiyməti dünyadakı bazar qiymətlərindən ən azı iki dəfə çox proqnozlaşdırılan, azad bazar mexanizmlərinin çox primitiv şəkildə inkişaf etdiyi, iqtisadiyyatının aryı-ayrı sektorları məmurların nəzarəti və inhisarı altında olan, korrupsiyanın yüksək həddə çatdığı ölkədə bu qədər əminlik haradandır? Doğrudanmı, təkcə Dövlət Neft Fondu ölkəni bütün fəsadlardan qorumaq iqtidarındadır? Üstəlik, nə vaxta qədər?
On ildən çox idi ki, dinləməkdən başqa çarəsi olmayan insanlara «böyük neft strategiyası»ndan, «dünyada analoqu olmayan ən yüksək iqtisadi inkişaf templəri»ndən, «beş il ərzində 750 min iş yerinin açılması»ndan, «yoxsulluğun kəskin şəkildə azaldılması»ndan siyasi mühazirələr oxuyurdular. İndi bu siyasət çat verir ...
Qədim Çin fəlsəfəsində deyilir ki, hər qaranlıqda bir işıq, hər işıqda bir qaranlıq olur. Qlobal böhranın ilk təzahürlərindən biri bütün dünyada qiymətlərin düşməsidir. Bunun səbəbi aydındır: insanların alıcılıq qabiliyyəti zəifləyib, təklif tələbi üstələyib! Üstəlik, iqtisadiyyatda belə bir qanunauyğunluq da var ki, əgər enerjidaşıyıcılarının, yanacağın qiyməti düşürsə, digər malların və xidmətlərin də qiyməti azalır. Bütün dünyada neftin, yanacağın qiyməti düşüb. Amma azərbaycanlı məmurlar bildirirlər ki, bu ölkədə yanacağın qiyməti düşməyəcək! «Analoqu olmayan iqtisadi siyasət» məfhumu məhz indi özünün əsl məzmununu tapır. Düzdür, ölkədə ləng tempdə də olsa xırda qiymət dəyişiklikləri baş verir. Məsələn, çörəyin qiyməti 10 qəpik azalıb. Amma alıcılar onun çəkisinin azalmasından gileylənirlər! Görünür, bu da təsadüfi deyil - burada iqtisadiyyat həmişə azad bazar qanunlarından daha çox məmurların və bir də «mentalitet»in müdaxiləsinə məruz qalıb.
Növbəti ildə nə baş verəcək? Təəssüfləndirici hal budur ki, hökumət səviyyəsində heç kim böhranın qiymətləndirilməsi, çıxış yolları və onun mümkün fəsadlarından qorunmaq haqqında fikirləşmir. Elə buna görə də müstəqil ekspertlərin mülahizələrinə üstünlük verməkdən başqa yol qalmır. Neft gəlirləri daha çox məmurlar üçün böyük korrupsiya mənbəyi olsa da, orta statistik vətəndaş üçün bu, müvvəqqəti «iş yerləri»nin açılması, «çörəkpulu» qazanmaq üçün mövsümi imkanların yaranması demək idi. Növbəti ildə isə çox güman ki, böyük infrastruktur layihələri, yolların, körpülərin tikilməsilə bağlı işlər, eləcə də «köhnə binalara yeni üzlüklərin çəkilməsi» kimi xırda iqtisadi tədbirlər dayandırılacaq. Bu isə əhalinin bir hissəsinin müvəqqəti işlərdən də məhrum olması, «qul bazarı»nda dayanacaq adamların sayının artması demək olacaq.
Artıq tikinti sektoru böyük böhran içindədir. Nə yerli əhalinin, nə də Rusiyada əməkçi miqrant kimi çalışanların indiki yüksək qiymətlərlə mənzil almaq imkanı yoxdur.
Çox ehtimal ki, büdcədən maliyyələşən təşkilatlar da müəyyən çətinliklərlə üzləşəcəklər, əvvəlki illərdə olduğu kimi maaşlar və pensiyalar aylarla yubanacaq. Neft hasilatı və emalı ilə məşğul olan bəzi şirkətlərin də perspektivi mübahisəlidir. Neftin hasilatının azalacağı və ya qiymətlərin aşağı düşməkdə davam edəcəyi təqdirdə bu sferada da işçilərin ixtisarı, ən azı kiçik şirkətlərin fəaliyyətinin dayandırılması istisna olunmur.
Hələlik nəzəri formada olsa da, 2008-ci il iqtisadi baxımdan müəyyən mənada şok ili oldu. On ildən çox idi ki, dinləməkdən başqa çarəsi olmayan insanlara «böyük neft strategiyası»ndan, «dünyada analoqu olmayan ən yüksək iqtisadi inkişaf templəri»ndən, «beş il ərzində 750 min iş yerinin açılması»ndan, «yoxsulluğun kəskin şəkildə azaldılması»ndan siyasi mühazirələr oxuyurdular. İndi bu siyasət çat verir. Bunu hətta orta statistik vətəndaş da görür və başa düşür. Amma onun ovqatı və rəyi hələ hakim partiyanı o qədər də narahat etmir. Cəmiyyətin siyasətsizləşdirilməsi, sosial-siyasi təşəbbüslərin tamamilə məhdudlaşdırılması, ən azı bir «siyasi obraz» kimi yaddaşlarda qalan real müxalifətin siyasi səhnədən silinməsi - çox güman ki, hakim partiya bu tədbirlərin köməyilə ən ağır sosial-iqtisadi situasiyalarda belə cəmiyyəti nəzarətdə saxlayacağına və idarə edəcəyinə əmindir. Belə olmasaydı, «iki dəfədən artıq prezident seçilməklə bağlı məhdudiyyətin götürülməsi və yaxud prezidentlik müddətinin artırılması» haqda düşünənlərin, «demokratiya ilə bunun arasında ziddiyyət» olmadığını «isbat etməyə» çalışanların sayı gündən-günə artmazdı.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG