Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:29

İndi Azərbaycanı müqayisə etməyə ölkə qaldımı?


Konstitusiya dəyişikliyindən sonra Azərbaycan bircə Türkmənistanla müqayisə etmək olar
Konstitusiya dəyişikliyindən sonra Azərbaycan bircə Türkmənistanla müqayisə etmək olar
İrana hamı molla rejimi deyir, ancaq İranda dalbadal yalnız 2 dəfə prezident seçilmək olar. Azərbaycanın digər qonşuları Ermənistanda, Gürcüstanda və Rusiyada prezidentlik dövrlərinə eyni məhdudiyyət var.

Azərbaycanın Konstitusiya Məhkəməsinin qərarından sonra Azərbaycanı daha bu qonşuları ilə müqayisə etmək olmur, keçək Xəzərin o tayına - şərq qonşularına. Doğrudan da əsil müqayisə burda başlanır.

«Azadlıq» radiosunun Özbək xidmətinin əməkdaşı Hörmət Babajanov deyir ki, Özbəkistanda 2 dəfədən artıq prezident olmaq Konstitusiya ilə qadağandır.

Bəs onda İslam Kərimov 17 ildir ki, necə hakimiyyətdədir? Əgər prezidentlik müddəti 5 ildirsə? Babajanov deyir ki, demokratların hesabı ilə Kərimovun 4-cü prezidentliyidir, hökumətin hesabı ilə 2-ci. Hökumət deyir ki, 2000-ci ilə kimi prezidentlik sayılmır.
Bu kiməsə, inanılmaz görünə bilər, ancaq vaxtilə Azərbaycanda da 2 dəfə məhdudiyyətindən yayınmaq üçün təklif edirdilər ki, Heydər Əliyevin birinci prezidentlik dövrü sayılmasın.

Qazaxıstanda prezidentlik dövrlərinin sayına konstitusiyada məhdudiyyət varmı?

«Azadlıq» radiosunun Qazax xidmətinin əməkdaşı Səidə Kalkulova deyir ki, 2 dəfə məhdudiyyəti var. Onda Nazarbayev necə olur ki, 1991-ci ildən prezidentdir?

Kalkulova deyir ki, 2 dəfə məhdudiyyəti var. Ancaq bu, Nazarbayevə aid deyil.

Açığı bir az qəribədir ki, doğrudanmı konstitusiyaya yazılıb ki, bu məhdudiyyət Nazarbayevə aid deyil. Kalkulova deyir ki, Konstitusiyaya bu belə yazılıb ki, məhdudiyyət birinci prezidentə aid deyil. Birinci prezident isə Nazarbayevdeir. Türkmənistana keçməzdən əvvəl ancaq ədalət naminə qeyd eləyək ki, Özbəkistanda və Qazaxıstanda prezident kimi qalmaq səyləri nə qədər qəribə görünsə də hər iki ölkənin konstitusiyasında prezidentlik dövrlərinə 2 dəfə məhdudiyyəti var.

Azərbaycanın həqiqətən müqayisə olunduğu ölkə bircə Türkmənistan qalır. «Azadlıq» radiosunun Türkmən xidmətinin əməkdaşı Murad Rəhimov deyir ki, bu yaxınlarda konstitusiyaya dəyişiklik olundu, 2 dəfə məhdudiyyəti götürüldü. Mən soruşdum ki, 2 dəfə məhdudiyyətini Türkmənbaşımı götürdü? Rahimov deyir ki, Türkmənbaşı dövründə 2 dəfə məhdudiyyəti vardı.

Yada yenə Azərbaycanla müqayisə düşür. Heydər Əliyev dövrünün konstitusiyasında da 2 dəfə məhdudiyyəti var idi və hələlik var. Türkmənistanda isə məhdudiyyəti götürən demokratik islahatlara söz verən indiki prezident Berdımuxamedovdur.

Ancaq bir sual açıq qalır ki, bəs Türkmənbaşı ömürlük prezident deyildimi? Rahimov deyir ki, bu, Xalq Şurasının qərarı idi. Ancaq Konstitusiyada 2 dəfə məhdudiyyətinə toxunulmadı. Ona görə də Türkmənistanda demokratlar deyirdilər ki, Türkmənbaşı artıq qeyri-qanuni prezidentdir.

Beləliklə, bütün post-sovet məkanında prezidentlik dövrlərinə konstitusiyada 2 dəfə məhdudiyyətini götürən yeganə ölkələr Türkmənistan və Azərbaycandır.

Dünya ölkələri ilə müqayisədə Azərbaycan bir az uyğun gələ biləni, bəzilərinin fikrincə, məsələn, Suriya ola bilər. Ancaq Suriya Konstitusiyasında yazılıb ki, ölkəni Baas partiyası idarə edir, onun baş katibi eyni vaxtda həm də prezident olur. Yəni burda vəziyyət keçmiş SSRİ-dəki kimidir. Yeganə fərq odur ki, Suriyada Baas partiyasının baş katibini prezident kimi 7 ildən bir xalq referendumu təsdiqləməlidir. Burda Azərbaycanla da oxşarlıq tapmaq olar.

Sonda müsbət nümunələrə də toxunaq. Məşhur faktdır ki, Amerika Konstitusiyası qadağan etmədiyi halda Corc Vaşinqton könüllü olaraq 3-cü dəfə prezident olmaqdan imtina edib. O, deyib ki, biz Amerikada Britaniya krallığını ona görə yıxmamışıq ki, özümüzdən yeni kral düzəldək.

Və ola bilər çox müsbət nümunə yəqin ki, Meksikadır. 1917-ci ildə Meksika qərara aldı ki, cari prezidentlə prezident olmayan namizədin yarışı tam ədalətli olmur. Ona görə də konstitusiyaya yazıldı ki, bir nəfər bir dəfədən artıq prezident olmamalıdır. Prezidentlik dövrü isə 6 il müəyyən olundu.
XS
SM
MD
LG