Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:26

Herkel qış sessiyasında referendum məsələsini də qaldıracaq


Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel
Martın 18-də keçiriləcək referendumu izləmək üçün qeydiyyat başlasa da, bu günə qədər heç bir beynəlxalq təşkilat MSK-ya müraciət etməyib. Bəzi xarici təşkilatlar isə artıq bu başdan referendumu müşahidə etməkdən imtina ediblər. ATƏT bildirib ki, xalq səsverməsini izləmək onun mandatına daxil deyil, onlar prezident və parlament seçkilərini müşahidə edir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Jan Eşenbaxer «Azadlıq» radiosuna deyib ki, Azərbaycan hökumətindən dəvət gələrsə, onlar bu məsələyə baxa bilərlər:
«Adətən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Konstitusiya referendumlarını izləmir. Əvvəllər qurumun referendumu izləməsi ilə bağlı çox az hallar olub. Biz referendumu Azərbaycan hökumətindən xüsusi dəvət alsaq izləməyi düşünə bilərik».
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bildirir ki, referenduma qədər Azərbaycana səfər etmək və proseslə daha yaxından tanış olmaq niyyətindədirlər. A.Herkel deyir ki, Konstitusiyaya edilən dəyişikliklər xəbərini referendum qərarı veriləndən sonra alıb. Həmməruzəçinin sözlərinə görə, bu addım demokratik ölkələr üçün qəbul edilən deyil.
Herkel bildirir ki, AŞ PA-nın yanvarın sonlarında keçiriləcək qış sessiyasında o həm referendum, həm də Azərbaycanda xarici radioların milli tezliklərdə yayımının dayandırılması məsələsini qaldırmağı düşünür:
«Qış sessiyasında Azərbaycanla bağlı xüsusi vəd olmasa da, ölkədə baş verənlərlə bağlı mütəmadi olaraq, komitə məlumatlandırılır. Və bu imkan regiona səfərimizə qədər istifadə olunacaq. Burada bir neçə məsələyə - həbsdə olan jurnalistlər, xarici radiostansiyaların lisenziyası və referendum – toxunulacaq».

AŞ PA nümayəndəsi referendumu beynəlxalq müşahidəçilərin izləməsini vacib saysa da, bu işdə əsas vəzifənin hökumətin üzərinə düşdüyünü deyir:
«Beynəlxalq təşkilatlar mühüm rol oynayır. Ancaq istərdim ki, Azərbaycan hökumətinin özü bu cür addımlar atmazdan qabaq bir az mövqelərini konsepsiyalaşdırardı. Mən bilmirəm bu cür məsləhətləşmələr Avropa qurumları, Venesiya Komissiyası ilə olubmu».
Avropada Yeni il tətilləri davam etdiyinə görə, Konstitusiyaya dəyişikliklə bağlı məsləhətləşmələr aparılıb-aparılmadığını dəqiqləşdirmək mümkün olmadı.
Mərkəzi Seçki Komissiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov isə deyir ki, referenduma hansı beynəlxalq təşkilatların dəvət olunacağı bir neçə gündən sonra məlum olacaq:
«Bir neçə günə yəqin dəqiq bilərik».
Seçki mütəxəssisi Anar Məmmədli isə hesab edir ki, referendumu xarici müşahidəçilərin izləməsi vacibdir. Bu, Azərbaycanın xarici təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək, seçkinin beynəlxalq standartlara uyğun keçirilməsini qiymətləndirmək baxımından mühümdür.
Təxminən iki aydan sonra keçiriləcək referendumda Konstitusiyanın 20-dən çox maddəsinə 40-a yaxın əlavə və dəyişikliklər edilməlidir. Dəyişikliklərdən ən əsası bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır.
XS
SM
MD
LG