Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:20

«70 yaşlı xəstə adamı karserə salmaq düzgün deyil»


Penitensiar Xidmətdən deyiblər ki, Novruzəli Məmmədovun karserə salınması haqda onlarda məlumat yoxdur
Penitensiar Xidmətdən deyiblər ki, Novruzəli Məmmədovun karserə salınması haqda onlarda məlumat yoxdur
Talış Mədəniyyət Mərkəzinin rəhbəri və «Tolişi Sedo» qəzetinin həbsdəki redaktoru Novruzəli Məmmədov karserə salınıb. Bu haqda redaktorun Hüquqların Müdafiə Komitəsindən Hilal Məmmədov «Azadlıq» radiosunun «Xəbər-Ətər» proqramına deyib.

Onun sözlərinə görə, redaktor yanvarın 14-dən karserə salınıb. Amma rəsmi qurumlar bu haqda məlumat vermirlər:

«Bu gün bizim xahişimizlə Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov həbsxanada olacaq. Yalnız bundan sonra biləcəyik iş nə yerdədir».
Hilal Məmmədovun dediyinə görə, redaktor xüsusi məhbus paltarı geyməkdən imtina edib və bu üzdən 15 sutka karserə salınıb. Bu haqda məlumatı onlara vəkil çatdırıb.

Hilal Məmmədov 70 yaşlı redaktorun həm diabet xəstəsi, həm təzyiqi, həm də ayaqlarında ağrılar olduğunu deyir:

«Belə ağır xəstəni, üstəlik də 70 yaşlı adamı karserə salmaq düzgün deyil».

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən isə radiomuza deyiblər ki, Novruzəli Məmmədovun karserə salınması haqda onlarda hər hansı məlumat yoxdur.

Novruzəli Məmmədovun vəkili Ramiz Məmmədov deyir ki, o şənbə günü həmin həbsxanada olub və əvvəlcə ona məhbusla görüş razılığı verilsə də, sonradan bundan imtina edilib.

Vəkilə bildirilib ki, o bu görüşlə bağlı Ədliyyə Nazirliyinə rəsmi müraciət etsin. Artıq belə bir müraciət etdiyini deyən Ramiz Məmmədov indi rəsmi cavabı gözlədiyini bildirir.
XS
SM
MD
LG