Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:37

Həlledici görüş


Ekspertlərə görə, «Nabucco»nun taleyi tərəflər arasındakı siyasi məsələlərin həllindən asılıdır
Ekspertlərə görə, «Nabucco»nun taleyi tərəflər arasındakı siyasi məsələlərin həllindən asılıdır
Yanvarın 26-da Macarıstanın paytaxtı Budapeştdə «Nabucco» layihəsinə dair iki günlük sammit öz işinə başlayır. Rusiya ilə Ukrayna arasında yaşanan qaz münaqişəsindən sonra «Nabucco» layihəyəsinə maraq artıb.

Ekspertlərə görə, layihədə maraqlı olan tərəflərin ilk dəfə olaraq geniş tərkibdə bir masa arxasına oturması da bundan xəbər verir. Ona görə də, bu sammitin qaz kəməri layihəsi üçün həlledici görüş olacağı gözlənilir.

«İtar-tass» informasiya agentliyinin məlumatına görə, Macarıstan rəsmiləri bu görüşdə «Nabucco» layihəsində maraqlı olan tərəflərin öhdəliklərini müəyyən edən bəyannamə qəbul olunacağına ümid edirlər. Yerli ekspertlərə görə isə, bu görüş daha çox tərəflərin öz mövqelərini açıqlaması və gələcək planların müəyyənləşməsi ilə bitəcək.

İqtisadçı Natiq Cəfərli deyir ki, ölkə başçısı İlham Əliyevin də qatılacağı sammitdə əsas məsələlərdən biri də məhz Azərbaycanın öz seçimini etməsi ilə bağlıdır:

«Sammitdə Azərbaycandan konkret mövqe bildirmək tələb olunacaq ki, Azərbaycan hansı formada bu layihədə iştirak etməyi nəzərdə tutur. Bu vaxta kimi rəsmi Bakının «Nabucco» ilə bağlı açıqlanan mövqeyi belədir ki, bütün maraqlı tərəflərlə danışıqlar aparılır və Azərbaycan bu layihəyə kommersiya şərtləri daxilində baxır. Amma söhbət təkcə kommersiya şərtlərindən getmir və Azərbaycanın layihədə iştirakı siyasi seçimlə bağlıdır. Yəni rəsmi Bakı Qərblə daha sıx əlaqələr qurmaqla Rusiyanı qıcıqlandırmaqdan qorxur. Ona görə də Azərbaycan həm Qərb, həm də Rusiya ilə «Nabucco» məsələsində danışıqları davam etdirmək əzmindədir».

Natiq Cəfərliyə görə Azərbaycan neytral mövqeyini bugünkü sammitdə də qoruyub saxlayacaq. Başqa sözlə tərəflərlə danışıqları davam etdirəcəyini açıqlayacaq.

Sammitdə Türkiyə ilə Avropa ölkələri, o cümlədən Azərbaycan arasında danışıqların asan keçməyəcəyi də gözlənilir. Hələ sammitdən öncə Türkiyə «Nabucco»nun reallaşması üçün bir sıra iqtisadi şərtlər irəli sürüb. Əsas şərt kəmərlə nəql olunacaq qazın 15 faizinin daxili tələbat üçün Türkiyədə qalması ilə bağlıdır. Bundan başqa bu günlərdə baş nazir Rəcəb Tayyib Ərdoğan Brüsselə səfəri zamanı «Nabucco»ya dair siyasi şərt də irəli sürüb. Deyib ki, əgər Avropa Birliyi Türkiyənin bu quruma üzvlüyü ilə bağlı danışıqlara başlamasa, Ankara «Nabucco» layihəsinə dəstək verməyəcək.

Politoloq Ərəstun Orucluya görə, Türkiyənin bu mövqeyi qaz kəmərinin gerçəkləşməsinə müəyyən qədər mənfi təsir göstərə bilər, amma bu heç də həlledici təsir olmayacaq:

«Ən azı ona görə ki, Türkiyə hökumətinin özünün bugünkü mövqeyi bir qədər laxlamış kimi görünür və ola bilər ki, Türkiyə hökuməti belə bir münaqişəyə gedərsə, beynəlxalq aləmdə çox böyük itkilərə yol verə bilər. AB-nin bu təzyiqə adekvat reaksiya verəcəyi və Türkiyənin şərtlərini qəbul edəcəyini düşünmürəm. Türkiyənin AB-yə şərt qəbul etdirməyə nə iqtisadi, nə də siyasi gücü yoxdur».
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, «Nabucco» layihəsi ilə bağlı çoxlu həll olunmamış məsələlər qalır. Türkiyənin bu cür mövqeyi isə layihənin gələcəyini bir az da şübhə altına alır. Ona görə də ekspertə görə, «Nabucco»nun taleyi məhz tərəflər arasındakı siyasi məsələlərin həllindən asılıdır. İlham Şaban ümid edir ki, Budapeşt sammitindən sonra layihənin gerçəkləşməsinin nə dərəcədə real olması məlum olacaq.
XS
SM
MD
LG