Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:45

İnqilabı inqilab doğurdu


«Şah devriləndə onu dini rejim əvəzlədi»
«Şah devriləndə onu dini rejim əvəzlədi»
30 il qabaq İranda baş verənlərə nə ad vermək olar? Bu, Amerikanın dəstəklədiyi şaha qarşı yönələn bir inqilab idı, islam dövləti yaratmaq cəhdi idi, yoxsa sadəcə, bir partiyanın təşəbbüsü ilə dövlət çevrilişi?
1979-cu ildə İranda baş verənlərə birmənalı qiymət vermək həmişə çətin olub. «Nyu-York Tayms» qəzetinin keçmiş müxbiri Stefen Kinzer deyir ki, nə qədər qəribə səslənsə də, inqilabı inqilab doğurub. Şah cəmiyyətdə inqilabı dəyişikliklər edib İranı ikinci Türkiyəyə çevirmək, ölkəni müasirləşdirmək istəyirdi. Amma məsələ burasındadır ki, bu dəyişiklik «yuxarıdan» gəlirdi, «aşağılar»a dəyişikliklər etmək imkanı verilmirdi.
S.Kinzerə görə, şah qorxurdu ki, xalqa öz fikrini demək üçün bir az azadlıq verilsə, o daha çox azadlıq tələb edəcək. Bir sözlə, qeyri-müasir metodlarla müasir cəmiyyət qurmağa cəhdlər edilirdi. Bu isə mümkün deyildi.
Stefen Kinzer bildirir ki, şahın islahatları cəmiyyətin bütün spektri boyunca etirazlar doğururdu. Məsələn, o vaxt İranda dünyəvilik tərəfdarı olan ziyalılar vardı ki, şahın Qərbyönümlü siyasətinin Qərbin üçüncü dünya ölkələrini istismar etmək planlarına xidmət etdiyini düşünürdülər. Sinfi mübarizəyə tərəfdar olan marksistlər də vardı. Amma Kinzerin fikrincə, dünyəvilik tərəfdarı olan qüvvələrdən şaha elə böyük təhlükə yox idi. Təhlükə adətən siyasətə qarışmayan şiə ruhanilərdən gəldi:
«Hakimiyyətdə olduğu müddətdə şah bütün müxalif səsləri boğurdu. Real müxalifət partiyası, müstəqil həmkarlar təşkilatı, müstəqil qəzet – bunların heç birinə icazə verilmirdi. Əgər sən müxalifətçisənsə, harda gizlənə bilərdin – məsciddə. Bu, onunla nəticələndi ki, şaha qarşı çıxan qüvvələr dini təsir altına düşdü. Və nəhayət, şah devriləndə onu dini rejim əvəzlədi».
Ayətulla Xomeyni bütün böyük inqilabçılar kimi qaçılmazlıq nəzəriyyəsindən çıxış edirdi, deyirdi ki, ancaq din–şəriət ölkəni əcnəbilərin istismarından qurtara və insanlara yaxşı yaşayış verə bilər.
O vaxt ayətullahların çoxu Xomeyninin dini siyasətdə aparıcı qüvvəyə çevirməyə yönələn nəzəriyyəsini bəyənmirdilər. Amma Xomeyninin xaricdə lentə yazılan çıxışları İran məscidlərində səsləndirilir və böyük dəstək qazanırdı.
Həm dünyəvi, həm də dini müxalifət küçələrə çıxanda, şah bunun qarşısında dura bilmədi və ölkədən qaçdı. Fevralın 1-də Xomeyni Parisdən Tehrana qayıtdı. Onu bir neçə milyonluq kütlə qarşıladı. Onlar «Müstəqillik, azadlıq, islam cümhuriyyəti!» şüarı səsləndirirdilər.
Xomeyninin ilk addımı o oldu ki, şahın təyin etdiyi islahatçı Baş nazirlə işləməkdən imtina etdi, fevralın 11-də isə hökumət dağıldı. Bundan sonra Ayətullanın tərəfdarları inqilabda iştirak edən başqa partiyaları sıxışdırmağa başladılar.
Onlar bunu tələsmədən etdilər. Bir tərəfdən milli birlik hökumətində iştirak edir, o biri tərəfdən isə öz hökumətlərinə malik idilər, rayonlarda təhlükəsizlik komitələri, inqilab tribunalları və silahlı birləşmələr yaradırdılar.
Silahlılar tətillər təşkil edir, rəqiblərini aradan götürürdülər. Rəsmi hökumət zəif olduğu üçün axırda Xomeyninin istədiyi Konstitusiyaya razılıq verdi.
Hakimiyyətin ələ keçirilməsində dönüş nöqtəsi 1979-cu ilin noyabrında Amerika səfirliyinə hücum edilməsi oldu. Xomeyniyə sadiq qüvvələr amerikalı diplomatları girov götürdülər və koalisyon hökumət böhranı aradan qaldıra bilmədiyi üçün istefaya getdi.
Amerikalılar bir ildən çox girov saxlandı və 1981-ci ilin ortalarında ruhanilər tam olaraq hakimiyyəti ələ keçirdilər. Xomeyninin minlərlə rəqibi öldürüldü, ya da həbsə atıldı. Koalisiyanın sonuncu prezidenti Abolhasan Bəni-Sədr vəzifəsindən kənarlaşdırıldı və Parisə qaçdı.
İndi İslam İnqilabının fəalları hələ də hakimiyyəti əldə möhkəm saxlayırlar və İran dünyanın yeganə teokratik dövlətidir. Mühafizəkarlar islahatçıları sıxışdırmaqda davam edir, müxalif qəzetlər ya senzuradan keçir, ya da bağlanır. Hakimiyyətin siyasi rəqibləri həbs edilir.
İslam Respublikası deyir ki, o, Qərb demokratiyasına alternativ olaraq islam demokratiyası yaratmağa çalışır. Amma Qərbin ilk dövrlərdə ehtiyatlanmasına baxmayaraq inqilab başqa ölkələrə yayılmadı.
Şarcadakı Amerika Universitetinin regional eksperti Neyl Patrik deyir ki, islamçı qruplar islam inqilabına mötəbər bir simvol kimi baxırlar, amma model kimi yox:
«İranda 30 il qabaq baş verənlər – müəyyən mənada unikal bir eksperiment idi. İlk dövrlərdə daha geniş siyasi spektri əhatə etsə də, bura hətta qeyri-dini qrupların baxışları da daxil olsa da, sonradan inqilab daha çox şiə və fars maraqlarının ifadəçisinə çevrildi».
XS
SM
MD
LG