Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:27

Mənzil Məcəlləsinə dəyişiklikdən kim qazanır?


1-ci oxunuşdan sonra Mənzil Məcəlləsinin layihəsinə 100-dən çox dəyişiklik edilib
1-ci oxunuşdan sonra Mənzil Məcəlləsinin layihəsinə 100-dən çox dəyişiklik edilib
Mənzil Məcəlləsi layihəsinin bu günlərdə parlamentin komissiyalarında müzakirəsi və mətbuatda bu barədə gedən yazılar iş adamlarının narahatçılığına səbəb olub. Artıq Milli Məclisdə 2-ci oxunuşa hazır olduğu bildirilən Mənzil Məcəlləsi layihəsində daha çox yaşayış sahəsinin qeyri yaşayış sahəsi kimi istifadəsinə dair müddəa xüsusi narahatçılıq yaradıb.

Layihədə qeyd olunur ki, mənzillərin 1-ci mərtəbəsi qeyri yaşayış sahəsi kimi istənilən məqsəd üçün istifadə edilə bilər. 2-ci və yuxarı mərtəbələrdən isə yalnız aşağı mərtəbədə yaşayış olmadıqda qeyri yaşayış sahəsi kimi istifadə edilə bilər. Yaxud da əgər bir vətəndaş 2-ci və ya ondan yuxarıdakı mərtəbədə olan mənzilində yaşamaq əvəzinə hər hansı bir iş qurmaq – deyək ki, ofis açmaq, istehsal müəssisəsi yaratmaq və sairə ilə məşğul olmaq istəyirsə, bundan ötrü o sanitar-gigieniya, ekologiya və digər müvafiq instansiyalardan, o cümlədən də qonşulardan razılıq almalıdır.

Bax elə bu məqam da iş adamlarının ürəyincə deyil. Bakıdakı çoxmərtəbəli binanın 2-ci mərtəbəsində daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Rafiq Səlimov deyir ki, məsələ qonşunun ümidinə qalsa, onlar işsiz qalacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynova görə son illər ölkədə mənzillərlə bağlı mülkiyyət münasibətləri dəyişib. Bu sahədə bir pərakəndəlik mövcuddur. Müəyyən boşluqlar olduğundan qanun pozuntularına yol verilir. Ümumiyyətlə, parlamentin müvafiq komissiya sədrləri hesab edirlər ki, son illər ölkədə mənzil tikintisi sahəsində baş verən dəyişikliklər də bu məcəllənin qəbul edilməsini aktuallaşdırır.

Parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli isə deyir ki, layihə birinci oxunuşdan sonra tamamilə yenidən işlənib. Və yeni variantda vətəndaşların maraqları ön plana çəkilib. Komissiya sədri hesab edir ki, sənəd bu sahədə hüquqi münasibətləri tənzimləməklə yanaşı vətəndaşların mənzil hüququnu da təmin edəcək.

Vahid Əhmədov: Yeni layihədə həqiqətən də mübahisəli məqamlar az deyil. Ancaq həll edilməsi vacib olan məsələlər də layihədə əksini tapır
Vətəndaşların mənzil hüququnun təmin edilməsini iş adamı Anar Məmmədov da alqışlayır. Çoxmərtəbəli binanın 2-ci mərtəbəsində kompüter mərkəzi və xarici dillər kursu açmış Məmmədov deyir ki, o özü də hansısa binanın sakinidir və bu baxımdan vətəndaşların mənzil hüququnun təmin olunması onun da mənafeyinə xidmət edir. Ancaq bu cür məsələləri həll etməzdən əvvəl ölkədə bu sahədə vəziyyət ətraflı öyrənilməli və məcəllələr şəraitə uyğun hazırlanmalıdır.

«Mən xarici ölkələrdə olmuşam və görmüşəm ki, yaşayış binalarında, mənzillərdə ofislər, mərkəzlər, müəssisələr olmur. Ancaq həmin ölkələrdə bu işlər üçün xüsusi mərkəzlər yaradılır. Və onların icarə qiyməti münasib olur. Dövlət əvvəl Azərbaycanda belə mərkəzlərin iş adamları üçün əlçatan olmasını təmin etməli, sonra yaşayış sahələrinin qeyri yaşayış sahəsi kimi istifadəsini məhdudlaşdıran addım atmalıdır».

Anar Məmmədov əlavə edir ki, əgər parlament Mənzil Məcəlləsi layihəsini bu şəkildə təsdiqləsə, o mərkəzin fəaliyyətini dayandırmalı olacaq. Nəticədə orada çalışanlar işsiz qalacaqlar. Çünki onun gəliri yeni tikilmiş bahalı mərkəzlərdə ofis icarəyə götürməyə imkan vermir. Onu da deyim ki, mən şəhərin ortasında yerləşən bu mərkəzdə olanda orada xeyli adam var idi. Onların bir hissəsi işçilər, digərləri isə oranın xidmətindən istifadə edənlər idi.

Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov da yeni məcəllənin qəbul edilməsinə ehtiyac olduğunu deyir. O bildirir ki, yeni layihədə həqiqətən də mübahisəli məqamlar az deyil. Ancaq həll edilməsi vacib olan məsələlər də layihədə əksini tapır. Məsələn, layihədə yaşayış binalarının həyətlərində də istehsal sahələrinin yaradılması qadağan edilir ki, bu da camaatın mənafeyi baxımından vacib məsələdir:

«Həyətlərdə, binaların qapısının ağzında sexlər tikib çörək, kolbasa istehsal edirlər. Bir tərəfin hüququndan danışanda digər tərəfi də düşünmək lazımdır. Camaat belə şeylərdən əziyyət çəkir».

Zöhrab İsmayıl: Köhnə binalardan fərqli olaraq şəhərin mərkəzində tikilmiş yeni binaların yalnız 1-ci mərtəbəsi deyil, bir neçə mərtəbəsi qeyri yaşayış sahəsi kimi istifadə üçün nəzərdə tutulur
Vahid Əhmədov deyir ki, qanun geriyə şamil olunmur. Binalarda və onların həyətlərində isə belə istehsal sahələri yetərincədir. Ona görə sənədin hansı şəkildə qəbul ediləcəyi, hansı qərarların olacağı mübahisəli məsələdir.

«Azad iqtisadiyyata yardım» ictimai birliyinin rəhbəri Zöhrab İsmayıl isə deyir ki, əslində Mənzil Məcəlləsində yuxarı mərtəbələrin qeyri yaşayış sahəsi kimi istifadəsinə dolayısı ilə də olsa qadağa qoyulmasında məqsəd diqqəti məmurlara məxsus yeni tikilən binalara yönəltmək də ola bilər. Köhnə binalardan fərqli olaraq şəhərin mərkəzində tikilmiş yeni binaların yalnız 1-ci mərtəbəsi deyil, bir neçə mərtəbəsi qeyri yaşayış sahəsi kimi istifadə üçün nəzərdə tutulur. Köhnə binalarda şəxsi evlərin qeyri yaşayış sahəsi kimi istifadəsi və ya münasib qiymətə icarəyə verilməsi isə təzə binalardan bu cür gəlir götürülməsinə mane olur:

«Yanvar ayından müşahidə edirik ki, hökumət qurumları müxtəlif vasitələrlə yeni binaları reklam etməyə çalışırlar. Onların satışındakı və icarəsindəki problemləri aradan qaldırsınlar. Onları dövriyyəyə qaytarmaq üçün «Xruşşovka»ların, köhnə binaların söküləcəyi barədə də məlumatlar yayırlar. Məncə ümumi məqsəd elə budur».

Zöhrab İsmayıl hesab edir ki, qanun geriyə şamil edilməsə də o qüvvəyə minəndən sonra icra hakimiyyəti orqanları köhnə binalarda yaşayış sahəsi kimi inşa edilmiş yuxarı mərtəbələrdən istehsal sahəsi kimi istifadəyə onsuz da icazə verməyəcək.

Onu da deyim ki, yeni layihəyə görə, evlərində cari təmir işləri aparan vətəndaşlar icazə almasalar da əsaslı təmirə hazırlaşanlar bunun üçün icra hakimiyyətinin razılığını mütləq almalıdırlar. Yaşayış sahəsini qeyri yaşayış sahəsinə çevirmək üçünsə əksər hallarda cari yox məhz əsaslı təmir aparılmalıdır. Elə bəzi deputatlar da bu müddəanın vətəndaşlara problem yaradacağını deyirlər.

1-ci oxunuşdan sonra Mənzil Məcəlləsinin layihəsinə 100-dən çox dəyişiklik edilib. Layihənin fevralın 10-da parlamentdə 2 oxunuşda müzakirə olunacağı gözlənilir.

Deputatlar deyir ki, layihəyə Mənzil Məcəlləsinin bu il martın 15-də qüvvəyə minməsi barədə bənd də əlavə edilib.
XS
SM
MD
LG