Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:48

Səbinə Əvəzqızı: «Bu qətl gözlənilən idi»


Ekspertlər hesab edir ki, generalın qətli birbaşa Azərbaycanın təhlükəsizliyi ilə bağlıdır
Ekspertlər hesab edir ki, generalın qətli birbaşa Azərbaycanın təhlükəsizliyi ilə bağlıdır
«Fikrimcə, general Rail Rzayevin qətli birbaşa Azərbaycanın təhlükəsizliyi ilə bağlıdır, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələdir». «Azadlıq» radiosunun «İşdən sonra» proqramına «Doktrina» Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli belə deyib.

Aaraşdırmaçı jurnalist Səbinə Əvəzqızı isə bu tip hadisələrin gözlənilən olduğunu vurğulayıb.

«Mən belə bir hadisənin olacağını Hacı Məmmədovun məhkəməsindən sonra gözləyirdim. Hacı Məmmədovun işi ilə bağlı bir çox nüanslar var ki, nə qədər məsələlər açılmayıb, belə qətlləri biz gözləməliyik. Hacı Məmmədovun işində sifarişçilərin tam siyahısı ortaya çıxarılmadı, bu isə o deməkdir ki, həmin sifarişçilər hələ də azadlıqdadır. Hacı Məmmədovun özü də etiraf etdi ki, onun demədiyi çox məqamlar var. Ona görə də hazırda çöldə olan sifarişçi yenə də kiminsə qətlinin sifariş edə bilər».

Səbinə Əvəzqızı qətlin üstünün açılması ehtimalını da yüksək qiymətləndirmir:

«Cinayətlər ən çox 3 gün ərzində açılır, ikinci mərhələ növbəti 10 gün hesab olunur. 10 gündən sonra isə cinayətin açılması istənilən qədər uzana bilər. Və mən böyük ehtimalla gözləyirəm ki, 10 gündən sonra da bu qətlin üstü açılmayacaq».

«Doktrina» Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli isə diqqəti son dövrlər ordudakı vəziyyətə yönəldir:

«Belə hesab edirəm ki, son illərdə, xüsusən 2007-ci ildən bu yana Azərbaycan Hərbi Hava Qüvvələrinin gücləndirilməsi istiqamətində islahatlar həyata keçirilir. Bu istiqamətdə bir sıra xarici ölkələr, o cümlədən ABŞ və Türkiyə Azərbaycana xüsusilə dəstək göstərirlər. Bununla bağlı son məlumatlar da var idi ki, 2007-ci ilin sentyabrında Azərbaycan silahlı qüvvələri ilə ABŞ birləşmiş qüvvələrinin Avropa komandanlığı arasında imzalanmış sazişdə Azərbaycan hərbi hava qüvvələrinin hava məkanına nəzarətinin gücləndirilməsi ilə bağlı xüsusi məqamlar var. Həmçinin Türkiyə bu ildən etibarən 2 il ərzində Azərbaycan hərbi hava qüvvələrinin gücləndirilməsi ilə məşğul olacaq. Həmçinin, bir məlumat da ortada var ki, əgər Azərbaycanın işğal olunmuş torpaqları müharibə yoluyla geri qaytarmağa cəhd göstərsə, ilk sözü hərbi hava qüvvələri deməlidir. Çünki Dağlıq Qarabağ ərazisində yerləşmiş separatçılarda bu qoşun növü çox zəif inkişaf edib. Onlar bir çox məqamlarda etiraf edirlər ki, Azərbaycan hərbi hava qüvvələri bu istiqamətdə separatçıları üstələyib. Mənim fikrimcə, bu yay həqiqətən də gözlənilir ki, hər hansı bir razılaşma əldə olunsun».

Ekspert belə bir ərəfədə generalın qətlə yetirilməsini təsadüf hesab etmədiyini deyir.
XS
SM
MD
LG