Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:49

Mənzil səfaləti


Təkcə paytaxtda 20-dən çox ailəvi yataqxana var
Təkcə paytaxtda 20-dən çox ailəvi yataqxana var

Yol qırağındakı çökəkdə yerləşən beşmərtəbəli bina elə görkəmiylə, bəziləri şüşəylə, bəziləri taxtayla örtülmüş sınıq-salxaq pəncərələriylə, rəngi bozarmış eyvanlarıyla buranın adi yaşayış mənzili olmadığından xəbər verir. Nabələd adam belə, o dəqiqə anlayar ki, bura haradır: «Biz yataqxana uşağıyıq».

Qabağa düşüb mənə bələdçilik etmək istəyən uşaqlar özlərinə «yataqxana uşaqları», ata-anaları isə özlərinə «yataqxana ailəsi» deyir. Bu yataqxanaya gəlin gəlib indi qaynana olanlar, Sovet hakimiyyəti dövründə ev növbəsinə yazılıb mənzil ümidini yataqxana küncündə qocaldanlar, iki siçan dalaşsa, biri qazana düşəsi otaqlarda oğul-uşaq böyüdənlər, ayrıca hamam-tualet, ayrıca mətbəx nə olduğunu bilməyənlər - buranın sakinlərinin qısaca təsviri belədir…

Buna da bax: İlham Əliyev hədiyyə etdiyi evləri haradan alır

Sovet dövründən müstəqil Azərbaycan hökumətinə bir miras qalıb - ev növbələri.
Müstəqil Azərbaycanın isə özünün bir problemi var - hər il sayı artan evsiz insanlar…

Azərbaycan Konstitusiyasının 43-cü maddəsində yazılıb: «Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür».

Ev növbəsində duranların boşa çıxan ümidləri…

Təkcə Gəncə şəhərində 2002-ci ilə qədər 11 min ailə ev növbəsində olub. 2003-cü ildən bəri isə mənzil ehtiyacı olan adamların statistikası aparılmır. Rəsmi statistika onların sayını öyrənməsə də, onlar var, yaşayır və gün hökumətin dərdlərinə əlac edəcəyi günü gözləyirlər.

«Biz yataqxana uşağıyıq»

Bakının Xətai rayonunda təxminən 8 minə qədər ailə elə bu rayonun ərazisində yerləşən 12 ailəvi yataqxanada məskunlaşıb.

Nərmin də yataqxana uşağıdır. Axşam çağı ailə evə yığışıb. Nərmin dərs oxuyur, atasıyla qardaşı tum çırtlaya-çırtlaya televizora baxırlar. Onun özündən böyük bir qardaşı, bir bacısı var. Ata-anasıyla birgə 18 kvadratmetrlik otaqda yaşayırlar. Qoşa çarpayı, yemək stolu, kamod, televizor, iki kitab şkafı, şifoner dolu otaqda iynə atsan yerə düşməz.

Buna da bax: Prezident kimlərə ev verir?

Nərminin anası Yeganə Baxşıyeva vaxtilə Hacı Zeynalabdin Tağıyev adına kombinatda işləyib. 1989-cu ildə ev növbəsinə durub:

- Əvvəl yataqxana verirdilər, sonra ev. Guya ev verəcəkdilər, 96-dan dağıldı, qaldıq belə. Qıraqdan baxanda deyirlər ki, evdi də yaşayırsız. Amma gəlib burda yaşasalar…

Yeganənin həyat yoldaşı Samir də söhbətə qoşulur. Deyir ki, o vaxt bəlkə də kooperativ mənzil ala bilərdilər, amma bəxtlərindən rejimin dəyişdiyi vaxta düşdülər. Əllərindəki beş-on manat pul dəyərdən düşdü:

- O vaxt imkan olardı, ev almağa. Mənzil-kooperativə yazılmaq olardı. Amma elə pis dövrə düşdük ki, əlimizdəki beş-on manat dəyərdən düşdü.

Samir Baxşıyev deyir ki, onlar sovet dövrünün qurbanıdıрlar. Əgər sovet sistemi olmasaydı, bəlkə də cavan ikən başlarına bir çarə

Bu da ümumi mətbəx…

qılardılar:

- İndi necə, ev ala bilərsinizmi?

- Qeyri-mümkündür. Üç uşaq oxutmaq…Ev almaq nədir, bir otağı təmir etməyə imkan olsaydı sevinərdik.

- Bir otaqda necə qalırsız, uşaqlar harda yatır, siz harda yatırsız?

- Uşaqlar çarpayıda yatırlar, biz döşəmədə. Qıymırıq, deyirik ki, soyuq olar.

«Gənc ailədi, qızım». Bunu isə qonşu Çiçək xala deyir. Amma elə o dəqiqə də öz dərdi yadına düşür. Axı iki gənc ailə də onun ocağındadır. Oğul evləndirib gəlin gətirib.

Yoxsulun ev qayğısını kim çəkməlidir?

Təkcə paytaxtda 20-dən çox ailəvi yataqxana var. Belə ailəvi yataqxanalara Azərbaycanın digər iri şəhərlərində də rast gəlinir. Burda yaşayanlar deyir, yataqxana olmasa, biz küçələrdə qalardıq. Amma bəzi mütəxəssislər hesab edirlər ki, yalnız sözün hərfi mənasında başının üstündə damı olmayanlara «evsiz» demək olmaz. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev:

- Umumiyyətlə, beynəlxalq təcrübədə mənzilə təlabat təkcə evsizliklə ölçülmür. Kiminsə yaşamağa mənzili yoxdursa, bu, evsizlik problemidir.

Onlar hər gün hökumətin dərdlərinə əlac edəcəyi günü gözləyirlər

Dünyada mənzilə tələbat həm də onunla ölçülür ki, insanların nə qədərinin yol verilən minimum səviyyədə yaşamağa yeri var. Dünya praktikasında mənzil ölçüsü standartları var. Beynяlxalq aləmdə yaşayış üçün minimum standart adambaşına 18 kvаdratmetrdir. İstər inkişafda olan, istərsə də inkişaf etmiş ölkələrin qanunlarına baxsaq, hamısında mənzil standartı var.

Azərbaycan Mənzil Məcəlləsinin 40-cı maddəsində mənzil sahəsi norması adambaşına 12 kvadratmetr müəyyən edilir. Hərçənd bu qanun sovet dövründə - 1982-ci ildə qəbul edilib. Milli Məclis yeni Mənzil Məcəlləsi qəbul etmək istəyir, artıq layihə də parlamentin birinci oxunuşundan keçib.

Bu layihədə adambaşına düşən normadan söz açılır, amma bu norma nə qədər olmalıdır, bu barədə layihənin heç bir maddəsində yazılmır. Deputat Nazim Məmmədov hesab edir ki, buna ehtiyac da yoxdur:
- Bu məsələlər bazar iqtisadiyyatıyla tənzimlənir. Sovet metodlarıyla bunu ölçmək olmaz.

Hökumət də ev təminatı məsələsi ilə bağlı bütün sualları «sovet təfəkkürü»nün məhsulu sayır. Nazirlər Kabinetinin Mətbuat Xidmətindən «Azadlıq» radiosuna deyirlər ki, Azərbaycan hökuməti kimisə evlə təmin etməyə və ya hansısa proqram həyata keçirməyə borclu deyil. Nazirlər Kabinetinin sözçüsü iddia edir ki, hökumət iqtisadiyyatı gücləndirir ki, hər kəs özü-özünə mənzil alsın.

Burda yaşayanlar deyir, yataqxana olmasa, biz küçələrdə qalardıq

Sözün əsl mənasında, bazar iqtisadiyyatının hökm sürdüyü Amerikada və Türkiyədə isə hökumət aztəminatlı ailələrin ev problemini həll etmək məsuliyyətindən qaçmır. Türkiyədə çıxış yolunu sosial ipotekada görüblər. Hökumət evi tikir, sonra isə çox kiçik aylıq ödənişlə yoxsullara verir. Məsələn, gəliri aylıq 700 dollardan aşağı olan ailələr ayda 180 dollar ödənişlə mənzil ala bilərlər. Özü də onlar bu evi növbə ilə deyil, açıq keçirilən püşkatma ilə alırlar.

Azərbaycan hökumətinin sözçüsü bizdən soruşmuşdu ki, məgər Amerikada hökumət camaata ev verir? ABŞ-da ev marketinqiylə məşğul olan azərbaycanlı Ələsgər Fərhadovun sözlərinə görə, verir. Amma hər ştatda aztəminatlı ailənin mənzil probleminin həlli yolları müxtəlifdir. Daha çox, Virciniya ştatındakı kimi sosial ipotekaya üstünlük verilir:

- Amerikada daha çox proqramlar birinci dəfə ev alanlar üçündür. Məsələn, yerli rəhbərlik real qiyməti 150 min dollarlıq evi 50 minə vətəndaşa satır. Vətəndaş həmin pulu 30 il ərzində kreditlə verir. Amma vətəndaş bu evi satmaq istəsə, onu aldığı qiymətdən çox baha sata bilməz. Çünki həmin evlər yenə də aztəminatlı ailələrə satılır.

Növbəti yazılarda:

Azərbaycanda nə qədər evsiz var?
Tikinti şirkətləri kimə töycü verir?
Hökumətdən ev payını kimlər alır?
Prezidentin ev bağışlaması hansı sənədlərlə tənzimlənir?

XS
SM
MD
LG