Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Gəncədə qapısı qıfıllanmış mağazaların sayı günbəgün artır


«Ticarət obyektlərinin rentabelliyi aşağıdır»
«Ticarət obyektlərinin rentabelliyi aşağıdır»
İqtisadi böhran son vaxtlar hamını narahat edir. Artıq böhranın acı nəticələrini hiss edənlər də az deyil. Belə ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə də böyük dövriyyəsi olan bir sıra iri ticarət obyektləri belə fəaliyyətini dayandırmalı olublar. Qapısı qıfıllanmış mağazaların sayı isə günbəgün artır:

- Gəncə şəhərində beş dükanımız var. Alıcılıq səviyyəsi zəifləyib. Dövriyyəmiz 50-60 faiz aşağı düşüb. Əvvəllər günə 7-8 kostyum satırdıqsa, indi iki dənəsini satırıq İki ay belə davam etsə, məcburuq dayandırmağa.

- «Qolden-qral», «Jardel royal» və «Lider kola»nın məhsullarının satışı ilə məşğul idik. Dekabr ayında xərclər böyük olduğundan anbardarımızı və fəhləmizi işdən azad etdik. Yanvar ayının 28-dən isə fəaliyyətimizi tamam dayandırmışıq.

Bəzi sahibkarlar isə böhranla mübarizə yollarını arayırlar. Gəncənin «Çinar» adlanan ərzaq mağazasının müdiri böhrandan yan keçmək üçün çeviklik göstərərək müxtəlif üsullarla alıcıların sayının azalmasının qarşısını almaq istəyir.

- Bəzi mağazalarda alver aşağı düşüb. Biz gələn alıcıların fikirlərini öyrənirik, malın çeşidlərini tez-tez dəyişirik. Ona görə bizim mağazada hələlik yaxşıdır. Artıq bir neçə mağazalar böhrana görə bağlanır, biz istəməzdik ki, bağlanaq.

İqtisadçı Rövşən Ağayev deyir ki, bu hallar böhran üçün xarakterikdir, istər bölgələr, istər də paytaxtda fəaliyyətinə son qoyan müəssisə və obyektlərin sayı çoxalacaq:

- Ticarət obyektlərinin rentabelliyi aşağıdır. Onların qazancları nəinki gəlir əldə etməyə, hətta xərcləri qarşılamağa belə güclə imkan verir. Əgər bu ticarət onlara qazanc gətirmək əvəzinə xərc gətirirsə, onu bağlamaq daha məsləhətlidir.

R.Ağayev deyir ki, müəssisələrin bağlanmasının bir səbəbi də qeyri-rəsmi xərclərin böhran adından istifadə edilərək artırılmasıdır:

- İndiki böhran şəraitində dövlət ayrı-ayrı şirkətləri dəstəkləmək əvəzinə, müxtəlif qurumlar qeyri-rəsmi ödənişləri daha da artırmağa başlayıblar. Biz hələ böhranın tam içərisinə girməmişik, yaxın vaxtlarda bütün ticarət obyektlərini bürüyəcək. İş yerləri azaldıqca alıcılıq qabiliyyəti də aşağı düşəcək.

İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional şöbəsinin rəisi Natiq İmamquliyev isə deyir ki, onlar iqtisadi böhranın gətirdiyi tendensiyalarla bağlı araşdırmalar aparmırlar.
XS
SM
MD
LG