Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:47

Avropa Birliyi daha demokratik olana daha çox pul verəcək


AB-nin genişlənmə komissarı Benito Ferrero Valdner
AB-nin genişlənmə komissarı Benito Ferrero Valdner
Avropa Birliyi (AB) Şərqdəki qonşularıyla siyasətinə yenidən baxacaq. Rusiya-Gürcüstan müharibəsi, Rusiya-Ukrayna qaz mübahisəsi, dünyadakı iqtisadi böhran və Moskvanın postsovet məkanına təsirini artırmaq cəhdlərinə cavab olaraq Birlik də keçmiş sovet respublikalarına diqqəti çoxaltmaq qərarına gəlib.

AB-nin genişlənmə komissarı Benito Ferrero Valdner fevralın 23-də qurumun Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Ukrayna və Moldovaya təqdim etmək istədiyi Şərq Tərəfdaşlığı Planıyla bağlı belə deyib.

AB sözügedən təklifləri martın 19-20-də keçirəcəyi sammitdə müzakirəyə çıxarıb, isti-isti də adıçəkilən ölkələrə təqdim etmək istəyir.

Valdnerin sözlərinə görə, əslində söhbət Birliyə üzvlük planından yox, artıq qüvvədə olan Qonşuluq Siyasəti Planının genişləndirilməsindən gedir.

Konkret olaraq AB 6 keçmiş sovet respublikasına azad ticarət, vizasız gediş-gəliş, daha sıx enerji əməkdaşlığı təklif edəcək, əvəzində isə onlardan öz qanunlarını Birliyin standartlarına uyğunlaşdırmağı, iqtisadi islahatlar aparmağı və demokratiyanı inkişaf etdirməyi istəyəcək.

Valdner deyir ki, bu plan islahatları həvəsləndirmə planıdır. Yəni, nə qədər çox öhdəlik yerinə yetirsən, bir o qədər çox güzəşt əldə edəcəksən.

AB təklifini daha cəlbedici etmək və islahatlara yardımçı olmaq üçün sözügedən ölkələrə 2010-2013-cü illər arasında 600 milyon avro da ayırmağı düşünür.

2007-2013-cü illər arasında Birlik artıq Cənub və Şərq Tərəfdaşlığı proqramlarına 11 milyard avrodan çox vəsait ayırıb. Bu məbləğin də 1/3-nü Şərq Tərəfdaşlıq Proqramında Birliklə daha yaxından əməkdaşlıq edən dövlətlər ala biləcək. AB-nin tövsiyələrini daha tez yerinə yetirən ölkə daha çox pul alacaq.

Avropalı diplomatlar özləri də gizlətmirlər ki, keçmiş sovet ölkələrinin bloka üzvlük yolunun indi açılmasını istəmirlər
«Azadlıq» radiosu həm Cənub, həm də Şərq Tərəfdaşlığı Proqramı Çərçivəsində tərəflərə təklif ediləcək sənədin layihəsini əldə edə bilib.

Detallara diqqət yetirəndə görmək olur ki, AB Cənub Tərəfdaşlığı ölkələrinə daha çox güzəştlər təklif etməyi düşünür, nəinki Şərq. Avropalı diplomatlar özləri də gizlətmirlər ki, Şərq qrupundakı keçmiş sovet ölkələrinin bloka üzvlük yolunun açıldığını düşünməsini indi istəmirlər.

Məhz bu üzdən vizasız gediş-gəliş, sərbəst ticarət maddələrində bu ölkələr üçün bəzi məhdudiyyətlərin tətbiqi də müzakirə olunur.

Azad ticarət güzəştiylə bağlı Avropa Birliyinin bəzi üzvləri narahatdırlar ki, Ukrayna, Belarus kimi dövlətlərdən kənd təsərrüfatı məhsullarının axını yerli istehsalçıları çətin vəziyyətdə qoya bilər.

Postsovet ölkələrindən Avropaya ucuz işçi qüvvəsinin axını və qanunsuz miqrasiyadan çəkinənlər isə vizasız gediş-gəlişə də məhdudiyyət qoyulmasını istəyirlər.

Benito Ferrero Valdner Brüsseldəki çıxışında viza məsələsinə belə aydınlıq gətirib:

«Biz vizasız gediş-gəliş imkanını ancaq sərhədlərini ciddi qoruyan, sənədləşmə işlərini və gedib-gələnlərin qeydiyyatını intizamla aparan ölkələrə verəcəyik».

AB-nin bəzi üzvləri postsovet ölkələrinin hamısına münasibətdə tərəfdaşlığın genişləndirilməsi ideyasına yaxşı yanaşmırlar.

Söhbət hələ də söz verdiyi islahatları həyata keçirə bilməyən, demokratiyanın inkişafı sahəsində isə, əksinə geriləməkdə olan dövlətlərlə bağlıdır. Ən çox mübahisə doğuran ölkə isə, Belarusdur. Amma Brüsseldə verilən açıqlamalara inansaq, AB bu cür ölkələrə əməkdaşlığın genişləndirilməsini təklif edəndə, demokratiya məsələsini daha konkret şərt kimi qoymağı düşünür.
XS
SM
MD
LG