Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:40

Medvedev-Putin cütlüyü böhran dövrünün ilk seçkisini uddu


Hakim «Vahid Rusiya» Partiyası 9 bölgə parlamentinin hamısında çoxluğa yiyələnib
Hakim «Vahid Rusiya» Partiyası 9 bölgə parlamentinin hamısında çoxluğa yiyələnib
Keçən həftənin sonu Rusiyada keçirilən regional seçkilərdə çox az sürpriz oldu. Dərinləşən iqtisadi böhrana baxmayaraq, əhali Medvedev-Putin cütlüyünə etibar edir.

Hakim «Vahid Rusiya» Partiyası 9 bölgə parlamentinin hamısında çoxluğa yiyələnib. Partiyanın Ali Şurasının rəhbəri, Dövlət Dumasının sədri Boris Qrızlov Moskvada keçirilən mətbuat konfransında seçkinin nəticələrindən məmnun olduğunu bildirib:

«Sorğular «Vahid Rusiya»ya böyük dəstək verildiyini göstərir, bu dəstək 4-5 il qabaq eyni seçkilərdə verilən dəstəkdən güclüdür. Bəzi bölgələrdə biz dəstəyin 20-23 faizdən 55-57 faizə yüksəldiyini müşahidə edirik».

İlkin nəticələrə görə, «Vahid Rusiya» bəzi bölgələrdə çox yüksək nəticə göstərib – məsələn, Tatarıstanda seçicilərin 80 faizdən çoxu hakim partiyaya səs verib, Kabardin Bolkarda isə 70 faizdən çox.

Nenets federal dairəsinin parlamentində indiyəcən kommunistlər çoxluqda idilər. İndi isə hakim partiya səslərin 42 faizini toplayıb, kommunistlər isə 30 faizlə ikinci sırada gəlir.

Ümumiyyətlə, 9 regiondan 6-da kommunistlər ikinci olublar. Arxangelskdə və Kabardin-Bolkarda ikinci yerdə eserlər gedir.

Amma seçki aktivliyi əvvəlki seçkilərlə müqayisədə aşağı olub. Rusiyalı ekspert Dmitri Oreşkin bunun səbəbini belə izah edir:

«İnsanlar getdikcə seçkini hakimiyyətlə dialoq aləti hesab etməkdən vaz keçirlər. Düşünürlər ki, əşşi, onsuz da bu formal işdir, kimi istəyirlər onu da təyin edəcəklər. Ona görə də fəallığın aşağı olmasını nifrətin bir təzahürü saymaq olar».

Müxalifət Dmitri Medvedevin birillik prezidentliyini etiraz aksiyası ilə qeyd edirlər, Moskva, 2 mart 2009
Bundan başqa, Oreşkin deyir ki, hakim partiyaya çox səs verilməsinin səbəbi icra hakimiyyətinin resurslarından onların xeyrinə istifadə edilməsidir. Siyasi şərhçi insanların hakim partiyaya səs vermələrini həm də onların qlobal maliyyə böhranının təsiri ilə ölkə iqtisadiyyatında baş verən geriləmələri tam anlamaması ilə izah edir.

Kommunist Partiyasının sədri Züqanov onlara qarşı iyrənc siyasi texnologiyalardan istifadə olunduğunu bildirib.

Liberal-demokratların rəhbəri, millətçi Jirinovski təxminən 10 faiz səs toplamalarını seçki zamanı baş verən qanunsuzluqlarla əlaqələndirib:

«Biz seçkinin nəticələrindən narazıyıq, hesab edirik ki, nəticələrimiz aşağı göstərilib. Dumaya keçirilən seçkilərdə olduğu kimi saxtakarlıqlar baş verib. Biz Mərkəzi Seçki Komissiyasının o fikri ilə razı deyilik ki, guya seçkidə ciddi qanun pozuntusu olmayıb».

Amma bəzi yerlərdə gözlənilmədiyi halda seçkidə kəskin rəqabət müşahidə edilib. Bu da yerli elita içindəki rəqabətlə bağlıdır. Məsələn, Murmansk şəhərində mer seçkisində ikinci tur olacaq. Mübarizə hazırkı mer Savçenko ilə onun müavini Subbotin arasında gedəcək. Qalmaqallı seçki vaxtı hakim partiyadan olan Murmansk vilayətinin qubernatoru öz partiyasının namizədi olan mer Savçenkonu yox, Subbotini dəstəkləyib.

Levada müstəqil sorğu mərkəzinin apardığı son araşdırmaya görə, əhalinin 70 faizi Medvedev-Putin komandasını dəstəkləyir.
XS
SM
MD
LG