Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:37

Hökumətin hesabatı ötən ildən nə ilə fərqləndi?


Nazirlər Kabineti
Nazirlər Kabineti
Martın 13-də hökumət parlamentə 2008-ci ilin yekunlarına dair hesabat verdi. Müxalifətdən olan bəzi deputatlar hesab edir ki, bu hesabat əvvəlkilərdən yalnız sənədi təqdim edənin baş nazir Artur Rəsizadə yox, onun birinci müavini Eyyub Yaqubov olması ilə fərqləndi.

Bir də ki, güc nazirliklərinin rəhbərləri parlamentdə gözə dəymirdi.

YAP və iqtidar yönlü partiyaların təmsilçiləri isə belə düşünmür. Spiker Oqtay Əsədov deyir ki, hesabat həm mahiyyətcə, həm də məntiqi baxımdan yüksək səviyyədə hazırlanıb. «Bəzən deyirlər ki, hökumətin anti-böhran siyasəti yoxdur, amma belə siyasət var. Bu ərzaq təhlükəsizliyinin təmin edilməsi, istehlak mallarının qiymətlərinin mümkün qədər aşağı salınması, əsassız inhisarçılığın aradan qaldırılması və s. ibarətdir».

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının fikrincə isə builki hesabat birmənalı şəkildə sübut etdi ki, Azərbaycan hökuməti qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirib. Prezident və onun komandasının apardığı siyasət nəticəsində ölkədə bütün sahələrdə uğura imza atılıb.

Hesabatı müsbət dəyərləndirənlərin əksəriyyəti bunun təsdiqi kimi dünyanın yaşadığı iqtisadi böhranın Azərbaycana az təsir etdiyi və ya təsir etmədiyini iddia edir.

Müsavat deputat qrupundan olan Nəsib Nəsibli isə deyir ki, bu hesabat ötən ilkilərin təkrarıdır. Halbuki, keçən illə müqayisədə dünya iqtisadiyyatında ciddi dəyişikliklər baş verib. Ən azı qlobal maliyyə böhranı yaşanır.

Hardasa broyler fabriki açılıb, hardasa sex, şadlıq evi açılıb, hətta taxta körpüdə bankomat quraşdırılıb – axı bunların Nazirlər Kabinetinin hesabatına nə aiddiyatı var? Siz büdcədən ayrılan pulu hara xərcləndiyinizi ortaya qoyun
Nəsib Nəsibli dünya iqtisadiyyatındakı böhranın Azərbaycana təsiri ilə bağlı faktları gizlətdiyinə görə, hökuməti tənqid edib. Deputat bildirib ki, iri layihələrin dayanması, ölkədə hətta xırda sahibkarlıq subyektlərinin ciddi problemlərlə üzləşməsi, manatın məzənnəsinin süni şəkildə saxlanması üçün ölkənin külli miqdarda valyuta ehtiyatlarının xərclənməsi Azərbaycan iqtisadiyyatının böhran içərisində olduğunun göstərir.

Millət vəkili İqbal Ağazadə isə bu hesabatı baş nazirin yox, onun müavininin təqdim etməsini normal saysa da, sənəddə əksini tapan bir sıra faktların hökumətin fəaliyyətinə nə dəxli olduğunu anlaya bilmədiyini deyir.

«Hardasa broyler fabriki açılıb, hardasa sex, şadlıq evi açılıb, hətta taxta körpüdə bankomat quraşdırılıb – axı bunların Nazirlər Kabinetinin hesabatına nə aiddiyatı var? Siz bir il ərzində büdcədən ayrılan pulu hara xərcləndiyinizi, nəyə nə qədər qənaət edildiyinizi, özəl sektorda, dövlət sektorunda hansı addımlar atdığınızı ortaya qoyun».

İqbal Ağazadə hesab edir ki, müzakirəyə çıxarılan sənəd hökumətin hesabatı yox Azərbaycan iqtisadiyyatının xülasəsidir.

İqtisadçı ekspert Zöhrab İsmayıl isə deyir ki, hökumətin hesabatının giriş hissəsində ümumi iqtisadi məsələlər qısa şəkildə əksini tapa bilər. Ancaq bütövlükdə sənəd əsasən aid olduğu ilin göstəricilərini – yəni uğurları və çətinlikləri, eləcə də qarşıda nəzərdə tutulan planları əks etdirməlidir.

Zöhrab İsmayıl əlavə edir ki, əgər hökumət gerçəkliyi əks etdirən hesabat hazırlasa, bu onun ziyanına olar. Çünki gerçəklik, şəffaflıq kimi amillər indiki hökumətin fəaliyyəti ilə üst-üstə düşən məsələlər deyil.

O ki, qaldı qlobal iqtisadi böhranın Azərbaycana necə təsir etməsi məsələsinə, bunu bilmək üçün əmlak bazarına, servis xidmətlərinə, ticarət sahəsindəki vəziyyətə ötəri diqqət yetirmək kifayətdir. Əgər təsir olmasaydı onların satış dövriyyəsi indiki qədər azalmazdı.

Parlament müzakirələrdən sonra hesabatı qəbul edib.

XS
SM
MD
LG