Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:30

«Qoçu müfəttişlərlə taksi sürücüləri arasında dava»


Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal
Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal
«Bizim Yol» qəzeti: «Qoçu müfəttişlərlə taksi sürücüləri arasında dava»

Martın 13-də Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda Nəqliyyat Nazirliyinin Yol Nəqliyyat Departamentinin müfəttişləri ilə taksi sürücüləri arasında qalmaqal yaranıb. Buna səbəb isə müfəttişlərin qanunsuz olaraq avtomobillərin nömrələrini açmaları olub...

Nəqliyyat Nazirliyinə məxsus «10 AB 064» dövlət nömrə nişanlı avtomobildən düşən müfəttişlər sürücülərdən rüşvət tələb ediblər. Buna etiraz edən sürücülərlə müfəttişlər arasında mübahisə yaranıb. Taksi sürücülərindən birinin qollarını burub, avtomobilin nömrəsini söküblər…

Müfəttişlər nömrə açmaq ixtiyarlarının olmaması barədə sürücülərin xatırlatmalarına əhəmiyyət verməyiblər.

Nəqliyyat naziri Ziya Məmmədov hələ bir neçə ay bundan əvvəl «Bizim Yol»a demişdi ki, müfəttişlərin avtomobillərdən nömrə açmaq hüquqları yoxdur.

«Yeni Müsavat» qəzeti: «Metroda yaranan problemin əsl səbəbi üzə çıxdı»

Martın 10-da Bakı metrosunun hərəkət xidmətində problemlər yaranmışdı. Belə ki, «Həzi Aslanov»-«İçərişəhər» marşrutu üzrə işləyən qatarların hərəkəti dayanmışdı. İçərisində sərnişin olan qatarlardan biri 30-40 dəqiqədən çox «Məşədi Əzizbəyov» və «Ulduz» stansiyaları arasında tuneldə qalmışdı…

Həmən gün Bakı Metropolitenindən mətbuata verilən açıqlamaya görə, qatarların dayanmasına səbəb adıçəkilən stansiyalar arasındakı yolayrıcılarda işıqforların işləməməsi olub. Amma maşinistlərdən biri «Yeni Müsavat»a deyib ki, metroda yaranmış problemə «Gənclik» şadlıq sarayının arxa tərəfində tikilən göydələn səbəb olub. Belə ki, göydələnin özülü qazılarkən tunel qəza vəziyyətinə düşüb:

«Həmin vaxt qatarı idarə edən maşinist görüb ki, göydən qum tökülür. Sonra aydın oldu ki, binanın katlavanı qazılarkən tunel zədələnib. Metroda problem bu səbəbdən idi. Yoxsa işıqfor məsələsi yalan söhbətdir. Həmin vaxt Tağı Əhmədov da dərhal hadisə yerinə gəlmişdi»...

«Azadlıq» qəzeti: «Böhran Zimbabveyə də təsir etməyib»

Bizim hökumətin hesabatı bəzi məsələləri yenidən düşünməyə vadar edir. Bu əcaib hesabata görə, dünyadakı böhran Azərbaycana demək olar ki, təsir etməyib. Bir ay öncə deyirdilər ki, qətiyyən təsir etməyib...

Neftin qiymətində enmələr hamıya bəllidir, bizim iqtisadiyyatın əsasını isə o təşkil edir. ÜDM-in 70 faizinə qədəri neft sektoruna məxsusdursa, artıq mübahisəyə yer qalmır. Bizim iqtisadiyyat elə neftdirsə, böhran onu su qiymətinə endiribsə, daha nə mübahisə?...

Bizim iqtisadiyyatın başqa hansı inkişaf etmiş sahələri var ki, orada böhran ciddi hiss olunsun? Qalan sahələrdə böhran zəif hiss edilməlidir, yaxud hiss edilməməlidir, çünki qalan sahələr özü zəif və ya yox səviyyəsindədir.

Buyurun, Zimbabve iqtisadiyyatında da böhran hiss edilmir. Burada iqtisadiyyat nə vaxt inkişaf etdi ki, böhrana da tuş gəlsin? Bir növ köklükdən yaranan xəstəliyə bənzəyən bu böhran əsasən inkişaf etmiş iqtisadi sahələrin, strukturların, ölkələrin böhranıdır və dalğa effekti ilə hər sahəyə təsir edir.

Bizdə isə vəziyyət özünəməxsusdur və daha çox neftlə bağlıdır. Odur ki, böhranı etiraf etmək buna qədər olan böhranı, problemləri etiraf etmək, uğurların isə neftə aid olmasını qəbul etmək deməkdir.

Yəni bu gün Azərbaycanda əsl böhran illərlə davam edən yanlış iqtisadi siyasətdir. Ölkənin idarə olunmasının xarakterindədir. İndi isə hakimiyyətimiz ehtiyatda olan neft pullarına arxayın olub bu həqiqəti gizlədir və vaxt udmağa çalışır.

«Yeni Azərbaycan» qəzeti: «Azərbaycan iqtisadiyyatının sabitliyi İKT bazarının artımına müsbət təsir göstərir»

«Hewlett Packard» (HP) şirkətinin MDB ölkələri üzrə baş direktoru Rudi Kozak deyib ki, MDB-nin digər ölkələri ilə müqayisədə Azərbaycanda mövcud olan sabit iqtisadi vəziyyət HP şirkətinə müsbət nəticələr əldə etməyə imkan verib. Belə ki, 2009-cu maliyyə ilinin birinci rübünün nəticələrinə əsasən, HP Azərbaycanda artıma nail olub. R.Kozak bildirib ki, MDB-nin əksər ölkələrində bu cür artım müşahidə olunmayıb. Çünki həmin ölkələrin iqtisadiyyatları Azərbaycan iqtisadiyyatından fərqli olaraq, tarazlaşdırılmış deyildir...

Azərbaycanda HP-nin məhsul və həllərinə olan tələbatın strukturunu təhlil edən R.Kozak deyib ki, dövlət sektoru, banklar və telekommunikasiya şirkətləri server həllərinə böyük maraq göstərirlər. Bu cür mürəkkəb sistemlərə artan tələbat Azərbaycan iqtisadiyyatını müsbət tərəfdən xarakterizə edir.
XS
SM
MD
LG