Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:34

Teledebatlar başa çatdı...


Martın 14-də İTV-də sonuncu teledebatlar keçirildi
Martın 14-də İTV-də sonuncu teledebatlar keçirildi
İctimai Televiziyada (İTV) keçirilən sonuncu teledebatda «Respublikaçılar» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi İsa Qəmbər yenidən əhalini 18 mart referendumunu boykot etməyə çağırıb:

«Novruz bayramında hakimiyyət 9 günlük tətil elan edib. Yəni qəzetlər çıxmayacaq, televiziyalar çal-çağırla məşğul olacaqlar. Görünür, həmin müddətdə də Mərkəzi Seçki Komissiyası (MSK) referendumdakı səsləri saxtalaşdırmaqla məşğul olacaq. Bir halda ki belədir, əhaliyə təklif edirəm əlavə istirahət günü də götürsün – 18 mart referendum gününü. Həmin gün seçki məntəqələrinə getməyə ehtiyac yoxdur. Bu cür saxta, qeyri-legitim, Azərbaycan xalqının mənafeyinə, demokratiyaya zidd referenduma qatılmağa heç bir ehtiyac yoxdur...».

«Hüquq və demokratiya» təşviqat qrupunun vəkili Qüdrət Həsənquliyev isə deyib ki, evdə oturmaqla heç bir dövlətdə demokratiya qurmaq mümkün deyil:

«Hansı ölkədə öz ölkəsində qanunun aliliyinin, demokratiyanın inkişaf etməsini istəyən qüvvələr seçkilərdə, yaxud referendumda əhalini boykota çağırır? Evdə oturmaqla hansı dövlətdə demokratiya qurulur? Bir ölkəni nümunə göstərin ki, əhalini evdə oturmağa dəvət etməklə hansısa inkişafa nail olublar. Belə şey yoxdur…».

«Yeni Azərbaycan» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əli Əhmədovun müxalifətin boykot çağırışına cavabı belə oldu:

«Azərbaycan xalqı sizi 15 ildir boykot edir. Sizin boykot çağırışınıza sizi boykot edən insanlar inanmır və inanmayacaqlar... Boykot çağırışının mənbəyi və bu çağırışın kimlər tərəfindən tapşırıldığı ilə əlaqədar istər-istəməz şübhələr yaranır. 1992-ci ildə hakimiyyəti qamarlayanda da, bu gün Azərbaycanın legitim hakimiyyətini pisləyənlər açıq şəkildə bəyan edirdilər ki, hakimiyyətə gəlmələri üçün 9 ölkədən razılıq alıblar... İndi neçə ölkədən soruşub, referendumun boykot edilməsi ilə bağlı çağırışlar edirlər?...».

«Qarabağ və Respublika Uğrunda» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əli Əliyev referendumda Qarabağa təhlükə görür:

«Referendumda 29 maddəyə 41 düzəliş nəzərdə tutulur. Bunların bir neçəsi ölkənin müqəddəratına həlledici təsir edəcək. Digər maddələr ona görə əlavə edilir ki, əsas məqsəd çoxluğun altında gizlədilsin. Referenduma çıxarılan maddələrdə biz Qarabağa təhlükə görürük. Azərbaycanda hansı köklü problemlər öz həllini tapıb ki, iqtidar partiyası yenidən prezident seçilmək uğrunda mübarizə aparır? Bəlkə, Dağlıq Qarabağ məsələsi həllini tapıb, bizim məlumatımız yoxdur?...».

Teledebatda İ.Qəmbər İlham Əliyevin Qarabağ siyasətinə «sıfır» qiyməti verib:

«2003-cü ildə İlham Əliyev saxtakarlıq yoluyla hakimiyyətə gəldi, hakimiyyətə gələn kimi ilk sözü bu oldu ki, Qarabağ məsələsinin həllinə sıfırdan başlayacaq. Bu da o demək idi ki, İlham Əliyev Heydər Əliyevin Qarabağ siyasətinə «sıfır» qiymət verdi. Keçən 6 ildə də İlham Əliyevin Qarabağ siyasətinə «sıfır» vermək olar. Nə bir qarış torpaq azad edilib, nə də sülh danışıqlarında irəliləyiş var…».

Bunun cavabında Ə.Əhmədov torpaqların itirilməsində müxalifəti ittiham etdi:

«Qarabağ münaqişəsinin bu vəziyyətə düşməsi və Azərbaycan torpaqlarının itirilməsi sizin də bilavasitə günahlarınızla əlaqədardır. Bu, sizdən əvvəlki hakimiyyətdə olanlarla sizin hərəkətlərinizin bilavasitə nəticəsidir. Torpaqlar itirilib, bu günə qədər də onların qaytarılması üçün böyük əziyyətlər çəkilməsinə baxmayaraq, təəssüflər olsun ki, nəticə hasil olmayıb. İlham Əliyev də prezident olaraq götürdüyü öhdəliklərin hamısının yerinə yetirildiyini, yalnız bir vəzifənin indiyə qədər yerinə yetirilmədiyini dəfələrlə bəyan edib. O problemi siz yaradıbsınız, ancaq onun həll olunması məsuliyyəti bugünkü Azərbaycan iqtidarının üzərindədir...».
XS
SM
MD
LG