Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:36

Tanınmışlar referendumla bağlı nə düşünür?


Martın 18-i referendumdur. Konstitusiyanın 29 maddəsinə 41 düzəliş və əlavə təklif edilir. Bu təkliflərin məğzi, üstünlüyü və çatışmazlığı haqda 28 günlük təbliğat müddətində danışıldı. O başqa məsələ ki, bu müddət bütün zümrələrin dəyişikliklərdən xəbərdar olması üçün yetərliydimi?

Sıravi fəhləni və ya kəndlini demirik, sənət adamları bu təbliğat dönəmində nə görüb-götürdülər, hansı qənaətə gəldilər? Onlar referendumla, dəyişikliklərlə bağlı nə düşünürlər? Onlardan onunun cavabını təqdim edirik…

Fərhad Bədəlbəyli, xalq artisti, Musiqi Akademiyasının rektoru:

- Sabahkı referendumda iştirak edəcəksinizmi?
- Əlbəttə.
- Bilirsizmi, səsvermədə hansı dəyişiklik və əlavələr müzakirəyə çıxarılıb?
- Əlbəttə?
- Onların sayını bilirsinizmi?
- Bu imtahandır?
- Sadəcə, mətbuat işçisinin marağıdır.
- (Ürəkdən gülür)… Yox bilirəm, hər şeyi bilirəm. Darıxmayın.
- Darıxmırıq. Hansı dəyişiklik sizi hələ də düşündürür?
-(Dərin ah çəkir…) Nə deyim vallah. Əlbəttə, orda bir neçə mühüm məsələ var. Amma o müharibəylə bağlı məsələ bir az mənim üçün aydın deyil. Müharibə şəraitində seçki keçirilməz deyirlər. Amma 19 ildir müharibə gedir, müharibə şəraitində yaşayırıq, prezidentlərimizi də seçirik. Mən bunu başa düşmədim. Qalan hər şey aydındır…

Musa Yaqub, şair:

- Referendumda iştirak edib-etməmək mənim şəxsi işimdir. Səsvermə gizli keçirilir.
- Bəs neçə maddəyə dəyişiklik təklif olunur bilirsinizmi?
- Oxumuşam. Amma onları bir-bir yadda saxlamaq çətindir. Hələ ki düşünürəm, referendumda iştirak edim ya yox. Gizli səsvermədə bilinəcək.
-Musa müəllim, səsverməyə çıxarılan dəyişiklik və əlavələr arasında sizi daha çox narahat edən hansı məsələydi?
- Ümumiyyətlə, bu ağır vaxtlarda referendum keçirmək tez idi və yerinə düşmür.
- Niyə belə hesab edirsiniz?
- Ona görə ki, ondan vacib işlərimiz var… Çox şey var. Qarabağ məsələsi, digər məsələlər. Gündəlikdə daha vacib işlər dururdu.
- Amma demədiniz, hansı dəyişikliklə bağlı hələ də qərar verməmisiniz «hə» deyəsiniz, ya «yox».
- Deyirəmsə hələ vaxtı deyildi, deməli, məni düşündürən onlar yox, başqa məsələlərdir…

Amaliya Pənahova, xalq artisti, Bakı Bələdiyyə Teatrının rəhbəri:

- Şübhəniz iştirak edəcəyəm.
- Söhbət hansı dəyişiklik və əlavələrdən gedir, məlumatınız varmı?
- Vallah yox, bilmirəm. Maraqlanmamışam, sözün düzü.
- Bəs yadınızda qalıbmı kampaniya dövründə haqqında ən çox danışılan hansı maddəydi?
- Siz səhv salırsınız, xanım, mən deputat deyiləm axı. Mən nə bilim parlamentdə nə müzakirə edilib?.. Bizim prezidentin, dövlətin təklif etdiyi bütün dəyişikliklər məqbuldur. Bütün bunlar hər halda dövlətin də xeyrinədir, insanların da…

Azər Zeynalov, xalq artisti:

- Sabahkı referendumda iştirak edəcəksinizmi?
- Əlbəttə. Azərbaycan vətəndaşı olaraq iştirak etmək borcumuzdur.
- Neçə maddəyə dəyişiklik və əlavə səsverməyə çıxarılıb?
- Neçə məsələ olduğunu bilmirəm.
- Bəs hansı məsələlərdir, deyə bilərsinizmi?
-Mən sizi eşidə bilmirəm, dərsdəyəm, tələbələrim gözləyir…

Seyran Səxavət, yazıçı:

- Bilmirəm, hələ qərara gəlməmişəm.
- Hansı dəyişikliklər müzakirəyə çıxarılır, bilirsinizmi?
- Vallah yox.
- Bu dəyişikliklər arasında ən çox sizi düşündürən hansı oldu?
- Heç biri. Mən bu referenduma biganəyəm. İzah etmək də istəmirəm.



Faiq Sücəddinov, əməkdar incəsənət xadimi, bəstəkar:

- Referenduma gedəcəyəm. Prezidentimiz beş il də işləməlidir. Oxşayır ki, sonrakı dövrdə də prezidentin «srok»unu 10-15 il artıra bilərlər. Hörmətim var prezidentə, vətənpərvər insandır. Alternativsiz adamdır. Sabah mən gedib ona səs verəcəyəm.
- Bəs Konstitusiyaya dəyişikliklər arasında başqa nələr diqqətiniz çəkib?
- Hansı məsələlər var, siz deyin.
- Mən hamısını sadalaya bilmərəm axı…
- Ən başlıca fikir odur ki, prezidentin müddəti artırılsın. Qalanlarını doğrusu… Mən televiziyadan elə iyrənmişəm ki, Azərbaycan televiziyasına baxmıram. Şou-biznesə görə televizora baxmıram, inanıram ki, başqa ziyalılar da baxmır. Amma bu məsələyə görə baxmalıydım. Səhv etdim. Amma ordan-burdan eşitmişəm ki, referendumda söhbət əsasən prezidentin vaxtını uzatmaqdan gedir.

Oqtay Mirqasımov, xalq artisti, rejissor:

- Gedəcəyəm, hansı məsələlər müzakirəyə çıxarılacaq, ondan da xəbərim var.
- Konstitusiyaya dəyişiklik və əlavələrdən hansı daha çox diqqətinizi çəkib və ya müzakirə etmisiniz?
- Mən hamısını bilirəm. Bayramınız da mübarək!..
- Birini deyə bilərsinizmi?
- Hər şeyi bilirəm, hazırlaşmışam, hər şey normaldır.


Mənsum İbrahimov, xalq artisti:

- Əlbəttə iştirak edəcəyəm.
- Neçə maddəyə dəyişikliklər səsverməyə çıxarılıb, xəbəriniz varmı?
- Müəyyən qədər məlumatım var, tam olmasa da. Təbii, sabah yerində tanış olacağam, fikrimi bildirəcəyəm.
- Amma dəqiq sayını bilirsinizmi?
- Dəqiq yox. Məncə… 29 olmalıdır.
- Konkretləşdirə bilərsinizmi təşviqat dövründə haqqında ən çox danışılan hansı maddəydəydi?
- Prezident müddəti məsələsi… Bir çox məsələlər var. Onlara hər kəs fikrini bildirməlidir, hər kəsin fikri çox önəmlidir. Mən də yerində öyrənib fikrimi bildirəcəyəm.
- «Yox» deyəcəyiniz bir maddə varmı?.
-Ola bilər.

Əbdül Mahmudbəyov, əməkdar incəsənət xadimi, rejissor:

- Mütləq, məmnuniyyətlə iştirak edəcəyəm. Təşviqatda da iştirak etmişəm. Ən böyük arzum idi ki, Konstitusiyada müasir həyata, dünya standartlarına uyğun redaktə getsin.
- Bəs hansı dəyişiklik üzərində daha çox düşünmüsünüz?
- Düzünü bilmək istəyirsinizsə, bunlar «mıs-mıs» deyirlər, «mustafa»nı demirlər, ən yaralı söhbət kimi bir məsələnin üstündə dururlar, mənsə orda pis bir şey görmürəm. Söhbət prezidentlərin ömürlük seçilməsindən gedir. Söhbət konkret kimin prezident seçilməsindən getmir axı. Amerika da ömürlük prezidentlik üzərində işləyir.
- Nə qədər maddəyə dəyişiklik ediləcək?
- O gün vərəqləyirdim. Səhv etmirəmsə, 34-36 maddəylə bağlı dəyişikliyi nəzərdən keçirdim.

Bəhram Bağırzadə, «Parni iz Baku» klubunun üzvü:

- Sabahkı referenduma gedəcəksizmi?
- Sabahdı referendum? Yaxşı yadıma saldınız.
- Bəs səsvermədə iştirak edəcəksinizmi?
- Xanım, mən indi danışa bilmirəm, kabinetə girirəm.
- Bircə sual…
- Əlbəttə gedəcəyəm, Azərbaycan Respublikasının vətəndaşıyam, suveren ölkənin. Demokratik cəmiyyətdə yaşayıram. Tək özüm yox, ailə üzvlərim də iştirak edəcək…
- Bəs bilirsinizmi neçə dəyişiklik səsverməyə çıxarılıb?
- O mənim şəxsi işimdir. O maddələrin hamısını öyrənmişəm. Bir də axşam ailəylə bir yerdə müzakirə edəcəyik. Allahın köməyi ilə sabah da qeydlərimizi bildirəcəyik.
- Sadəcə, deyə bilərsinizmi neçə dəyişiklik müzakirəyə çıxarılıb?
- Səhv eləmirəmsə altıydı. Səhv eləmirəmsə. Düz dedim?..
XS
SM
MD
LG