Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:34

«Nə vaxt seçkiyə gəlmək lazımdırsa...»


Bakıdakı seçki məntəqələri məktəb və poliklinikalarda yerləşir
Bakıdakı seçki məntəqələri məktəb və poliklinikalarda yerləşir
Bakıdakı seçki məntəqələri məktəb və poliklinikalarda yerləşir. Məntəqə sədrləri deyirlər ki, artıq məntəqələr referendum gününə hazırdır.

Yasamal rayonundakı 17 saylı dairənin 16 saylı məntəqəsinin sədri Mehriban Qarayeva danışır ki, bütün seçici siyahıları dəqiqləşdirilib, bülletenlər paylanılıb.

Məntəqə sədri adını siyahıda tapmayan şəxsin səsvermə hüququnun yerində bərpa olunacağını xüsusi vurğulayır:
«Şəxs adını tapmasa, səsvermə günü sədrə müraciət edəcək, şəxsiyyət vəsiqəsi yoxlanılacaq, həqiqətən o məntəqənin yerləşdiyi ünvanda daimi qeydiyyatdadırsa, bu məsələ yerində protokollaşdırılacaq. Adamın da adı əlavə seçki siyahısına salınıb, səsvermə hüququ bərpa olunacaq».

Mehriban Qarayeva əmin edir ki, onun rəhbərlik etdiyi məntəqədə heç bir qanunsuzluq olmayacaq:

«Gəldilər, referenduma aid şəkil yapışdırırdılar, qarovulçu adamam, mənim də elə şeylərdən başım çıxmır. Bir şəkil vardı, üstünə yazılmışdı, «biz kral istəmirik». Məntəqə sədri gəlib dedi ki, Bəhlul bu, düz deyil, onu qopartmaq lazımdır. O dedi, mən də elədim».

Bəhlul Bəşirov 283 saylı məktəbin qarovulçusudur, deyir ki, bu məktəbdə Xocəvənd seçki məntəqəsinin sədri Məleykə Məmmədova ona bir plakatı qoparıb başqasını yapışdırmaqla bağlı göstəriş verib, o da edib. Məleykə Məmmədova isə qarovulçunun dediyini inkar etdi.

Mən olduğum 15 saylı seçki məntəqəsində isə hələ səsvermə kabinaları hazır deyildi. Məntəqənin sədri Telman Məmmədov isə bütün işlərin görülüb qurtardığını deyirdi, hazır olmayan kabinalar haqda isə bunları dedi:

«Yox, formalaşıb, hər şey qaydasındadır, bir yerinə qoymaq qalıb».

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı məntəqəsində isə kabinaların bir hissəsinə pərdə vurulmuşdu, bəzilərinə isə yox. Bu məntəqənin sədri Samir Paşayev deyir ki, pərdələrin rəngləri düz gəlməyib, ona görə dəyişəcəklər.

Əgər 16 saylı məntəqə sədri seçicilərin səsverməyə cəlb olunmasına qarışmadıqlarını deyirdisə, 29 saylı məntəqə sədri Samir Paşayev suala belə cavab verdi:

- Hər əraziyə təhkim olunmuş işçilər var. İcra hakimiyyətindən, Mənzil İstismar sahələrindən. Adamlar onların köməyi ilə gəlib səs verəcəklər.

- Yəni onlar seçicilərə gedib deyəcəklər ki, səsverməyə gəlin?

- Əgər gəlməsələr. Baxacağıq vəziyyət necə olacaq. Hansı məhəllədən nə qədər gələn var. Gələn az olarsa, istismar kontorunun işçiləri bizim komissiyanın üzvləridir, onlar artıq seçicilərlə əlaqə saxlayıblar. Nə vaxt seçkiyə gəlmək lazımdırsa, onlar özləri bölüşdürüb gətirəcəklər.

Seçki üzrə ekspert Hafiz Həsənovsa deyir ki, seçki günü Mənzil İstismar sahələri işçilərinin seçiciləri seçkiyə cəlb etmələri qanunsuzdur:

«Bu, qanunsuzdur, inzibati məsuliyyət yaradır».

Seçki məntəqələri səhər saat 7-də açılacaq. Səsvermə 8-də başlanacaq, axşam saat 7-də isə məntəqələr bağlanacaq.

Azərbaycanda 5.300-dən çox məntəqə var. Seçicilər Konstitusiyanın 29 maddəsi üzrə 41 əlavə və düzəlişə səs verəcəklər.
XS
SM
MD
LG