Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:46

Gömrükdə rüşvət tarifləri...


Bakı Baş Gömrük İdarəsi
Bakı Baş Gömrük İdarəsi

Azərbaycana kərə yağı gətirən sahibkardan Gömrükdə hər ton üçün 800 manata qədər rüşvət alınır. Bunu bizə başqa yerdə yox, Sumqayıt Gömrük İdarəsində deyiblər.

Rusiyadan Azərbaycana kərə yağı gətirmək istəyən sahibkarla Sumqayıt Gömrük İdarəsində olanda bu barədə bizə açıq danışdılar. Mənim də sahibkar olduğumu zənn edib onu da dedilər ki, Rusiyadan kərə yağı gətirmək müşkül məsələdir. Buna qeyri-rəsmi qadağa var. Şərti adı Zaman olan gömrük brokerinin dediyinə görə, bu ölkədən kərə yağı gətirmək elə bir adamın nəzarətindədir ki, heç ona Gömrük Komitəsinin sədri də bir söz deyə bilmir. (Araşdırmalarımızdan məlum oldu ki, bu Rusiyada yaşayan və hakimiyyətə yaxın olan azərbaycanlı milyonçulardan biridir.)

Sahibkar 24 ton kərə yağının artıq Rusiyadan Azərbaycana yola salındığını deyəndə vəziyyət bir qədər dəyişdi. Zaman adlı gömrük brokeri belə olan halda bir çıxış yolu qaldığını bildirdi. O, sahibkara kərə yağını onlara satmağı təklif etdi. Amma bir şərtlə ki, gətirəcəyi yağın hər tonuna görə, gömrüyə 800 manat pul verməlidir. Bundan əlavə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsinə 1000 manat, yükün boşaldılması və s. xırda-para işlərə də 1000 manat pul ödəməlidir. Bu olmayacağı halda Rusiyadan Azərbaycana yola salınan yağ geri qaytarılmalıdır. Sumqayıt Gömrük İdarəsində sahibkara onu da məsləhət gördülər ki, ümumiyyətlə yaxşı olar ki, mal gətirməzdən əvvəl Sumqayıt Gömrük İdarəsindən məsləhət alsın.

ARAYIŞ:
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə Azərbaycana 28 ölkədən 3 min tona yaxın kərə yağı gətirilib. Ən çox kərə yağı Rusiyadan -1044 ton, ən az yağ isə Lüksemburqdan gətirilib cəmi 10 kiloqram. Ölkəyə idxal edilən ən baha yağ 2 dollar 80 sent, ən ucuz yağ isə 33 sent olub.

Qısa müddətdə Sumqayıt Gömrük İdarəsində sahibkar, broker və jurnalistin iştirak etdiyi söhbətdə çox mətləblərə aydınlıq gətirildi.
İlkin xəbərdarlıqdan sonra o aydın oldu ki, Rusiyadan başqa dünyanın digər ölkəsindən yağ gətirməyə qadağa-filan yoxdur. Sahibkar istədiyi qədər yağ gətirə bilər-puluna, rüşvətinə minnət.

Sumqayıt Gömrük idarəsinin binası

Əgər Rusiyadan bilməyib, və ya Gömrüklə məsləhətləşməyib gətirdiyi kərə yağının hər tonuna sahibkar 800 manat Gömrüyə rüşvət verməlidirsə, digər ölkələrindən gətirmək istədiyi kərə yağının hər tonuna görə 641 manat ödəməlidir. Bunu da bizə Sumqayıt Gömrük İdarəsində dedilər.

Sumqayıt Gömrük İdarəsində sahibkara deyilən təkcə bu deyildi. Ona xeyli məsləhətlər və xəbərdarlıqlar da edildi.

Misal üçün sahibkara deyildi ki, o gətirdiyi malın vergisini nəbadə depozitdən, yəni bank vasitəsilə ödəsin. Bu 2009-cu il fevralın birindən qadağandır. Həmsöhbətimiz qadağanın rəsmi və ya qeyri-rəsmi olub-olmadığı barədə bir şey deyə bilməsə də bir onu bildirdi ki, belə bir qadağanı yuxarıdan – Dövlət Gömrük Komitəsindən qoyublar.

Ona görə də sahibkar gətirdiyi malın vergisini nağd ödəməlidir. Bu zaman həmin pulun 50 faizi onlara qalır. Əgər depozit hesabdan ödəyərsə, onda ödədiyi pulun 50 faizi qədər yenidən əlavə pul verməlidir. Misal üçün sahibkar gətirdiyi mala görə depozit hesabından 5 min manat vergi ödəyirsə, ondan 2500 manat da əlavə pul alınır.

Sumqayıt Gömrük İdarəsinin birinci mərtəbəsində oturan brokerin deyinə görə, Azərbaycana gətirilən bütün malların hesab-faktura sənədləri dəyişdirilir, sənədləri dəyişdirilməyən bir mal belə ölkəyə buraxılmır. Qiymətlər də bir neçə dəfə aşağı göstərilir.

- Biz malın qiymətini aşağı göstərəndə vergi gəlib problem yaratmayacaq ki?
- Hamı gətirdiyi malın «invoys»ını dəyişir, «invoys»ı dəyişməyən malı buraxmırlar. İstənilən malın «invoysı» dəyişdirilir.
- Deyirsiz Rusiyadan yağ gətirmək olmaz, bəs Almaniyadan yağ gətirsək bizdən nə alacaqsınız?
- Bax biz deyən kimi gətirsəniz, «invoys»ı dəyişdirsəniz, bizim dediyimiz adamın adına sənədləşdirsəniz və depozitlə deyil, nağd ödəsəniz, sizdən hər ton üçün vergi və hər şey içərisində 641 manat alınacaq. Bir də bundan başqa 1000 manat baytarlıq idarəsinə, 1000 manat da xırda para yerlərə pulunuz çıxacaq.

- Onda belə çıxır ki, hardasa Rusiyadan gətirəcəyimiz 24 ton kərə yağına görə, rüşvət kimi 19-20 min manat pul verməliyik .
- Təxminən elə çıxır.
- Pulu nağd ödəməliyik?
- Hə nağd.
- Onun 50 faizi götürülür.
- Yəni rüşvət kimi?
- Hə də elə çıxır.
- Bəs depozitdən ödəmə olsa onda necə?
- Onda depozitin 50 faizi sizdən alınacaq.

Budan sonra həmsöhbətimiz bizə Telman adlı şəxsin mobil telefonu verib bu işi onunla həll edə bilərsiniz dedi.

Azərbaycana xaricdən şüşə, taxta, santexnika malları və kərə yağı gətirən sahibkarın dedikləri də elə Sumqayıt Gömrük İdarəsində bizə deyilənlərlə üst-üstə düşür.

Sumqayıt Gömrük İdarəsindən bu qədər.

KORRUPSİYA İLƏ MÜBARİZƏ İDARƏSİNİN QONŞUSUNDAN XƏBƏRİ VARMI?

BAKI BAŞ GĞMRÜK İDARƏSİNİN «SARI KAĞIZ» PAROLU.

ŞÜŞƏNİN TONUNA ALINAN RÜŞVƏT

GÖMRÜKDƏN VERGİLƏRƏ ÖTÜRÜLƏN «PAS»

XS
SM
MD
LG