Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:37

Beynəlxalq təşkilatlar Azərbaycanı necə tanıdırlar?


Ölkələr haqqında təsəvvürləri beynəlxalq qeyri-hökumət təşkilatlarının hazırladıqları demokratiya, söz və biznes azadlığına dair hesabatları formalaşdırır. Bu hesabatlar Beynəlxalq ictimaiyyətin rəyinə təsir əsas məlumat mənbəyi sayılır. Bu QHT-lərin Azərbaycanı dünyaya necə tanıtdıqlarına aydınlıq gətirmək üçün bəzi təşkilatların son hesabatlarına qısaca nəzər salaq.

TəşkilatAzərbaycan haqqında dünyaya verdiyi məlumatBakının cavabı
«Freedom House» demokratiya və azadlıqların müdafiəsi təşkilatı
Azərbaycan «Azad olmayan ölkə»lər sırasındadır. «2009-cu ildə dünyada azadlıqların vəziyyəti» haqqında hesabata görə, son illər Azərbaycanda siyasi hüquqlar və vətəndaş azadlıqlarının təmin olunması sahəsində geriləmə tendensiyası var.Prezident İlham Əliyev:

«Əgər tənqidlər haqlıdırsa və nüfuzlu mənbələrdən gəlirsə, biz bunu müzakirə etməyə hazırıq. Amma bəzi QHT-lərin tənqidlərindən o qədər də narahatlığa əsas yoxdur. Çünki bu tənqidlərin adətən heç bir əsası olmur. Azərbaycanda insan haqlarının vəziyyəti pis deyil. Əgər siz bizim qonşularımıza, məsələn, Ermənistana baxsanız, görərsiniz ki, orada elementar insan haqlarına hörmət edilmir. Amma onları tənqid etmirlər».

«Röyters»ə müsahibə, 30 yanvar 2009.
«Amnesty International» beynəlxalq insan hüquqlarını müdafiə təşkilatı
İfadə və toplaşmaq azadlığı ölkə miqyasında məhdudlaşdırılmaqdadır. Müstəqil və müxalifət jurnalistləri həbslə, məhkəmə iddiaları ilə, bəzi hallarda fiziki təzyiqlərlə üzləşirlər. İnsan haqları müdafiəçiləri təqib edilir.
Beynəlxalq Böhran Qrupu
Azərbaycan prezidenti demokratik prosesləri dəstəkləməli, avtokratik qaydaları dağıtmalıdır. Bu istiqamətdə uğursuzluq Qarabağ problemi kimi «donmuş münaqişə»si olan ölkədə qeyri-sabitlik riskini artırır. Əgər rejim və beynəlxalq ictimaiyyət demokratiya problemlərinə diqqət ayırmasalar, gələcəkdə uzunmüddətli problemlər alovlana bilər.
«Transparency International» beynəlxalq şəffaflıq təşkilatı
Korrupsiyanın səviyyəsinə görə Azərbaycan 182 ölkə arasında 158-ci yerdədir. Prezidentin İcra Aparatında İctimai-siyasi şöbənin müdiri Əli Həsənov:

«Human Rights Watch» və «Freedom House» təşkilatlarının Azərbaycanla bağlı builki hesabatları obyektiv reallığa qətiyyən cavab vermir. Azərbaycan dövlətinin siyasəti hansısa beynəlxalq təşkilatın istəyi üzərində qurula bilməz. Başa düşürük ki, bu təşkilatların hər biri müəyyən mərkəzlərə bağlıdır. Bu mərkəzlər isə Cənubi Qafqazda mühüm strateji əhəmiyyət kəsb edən Azərbaycanı öz maraqlarına uyğun dövlət kimi görmək istəyir. Beynəlxalq təşkilatların maraqları bizim üçün dövlət və xalqın maraqlarından sonra gəlir».

«Turan»a müsahibə, 15 yanvar 2009.
Dünya Bankı
2008-ci ilə dair «Doing Business» hesabatında biznesin tənzimlənməsində islahatlara görə Azərbaycanın əvvəlki 93-cü yerdən 64-cü yerə yüksəlib. Eyni zamanda, hökumət maliyyə intizamını gücləndirməli, «Holland sindromu»na qarşı tədbirlər görməlidir. İctimai xərclərin təmin edilməsində isə bütün vətəndaşların marağını nəzərə almalıdır.
«Sərhədsiz Reportyorlar» təşkilatı
Mətbuat azadlığı indeksinə görə Azərbaycan 173 ölkə arasında 150-ci yerdədir. Neft dollarları bu ölkədə korrupsiyanı da çiçəkləndirib. Bu da rejimin müstəqil və müxalifət mediasına davamlı təzyiqlərə yol açır.
«Forbes» tədqiqat jurnalı
Azərbaycan dünyanın ən korrupsiyalaşmış 10 ölkəsi arasında 5-cidir. Ən çox korrupsiyalaşmış 10 ölkənin sırası belədir: 1. Çad. 2. Qırğızıstan. 3. Kamboca. 4. Zimbabve. 5. Azərbaycan. 6. Venesuela. 7. Qambiya. 8. Burundi. 9. Ekvador. 10. Kot – D`İvuar. Hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi, millət vəkili Aydın Mirzəzadə:

«Vaxtaşırı Azərbaycanla bağlı ölkədə və kənarda olan media müxtəlif məlumatlar yayır. Azərbaycan ziyalıları onlara şərh verməyə məcbur deyillər. Yazıblar, qoy belə fikirləşsinlər. Biz nə onlara şərh vermək, nə təkzib etmək, nə də təsdiq etmək fikrində deyilik».

«Azadlıq» radiosuna müsahibə, 23 mart 2009.
«Human Rights Watch» beynəlxalq insan haqlarını müdafiə təşkilatı
Azərbaycanın ciddi qüsurlarla dolu seçkilər tarixi var. Bu ölkədə hökuməti tənqid edən jurnalistlər məhkəmələrə verilir. İşgəncə ölkədə geniş yayılmış problem kimi qalmaqdadır.
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi
Prezident İlham Əliyev müstəqil media üzərində nəzarət mexanizmlərinin qurulmasında uğurlar əldə edib. Elektron media tamamilə bir başa hakimiyyətin, yaxud da Əliyev komandasının nəzarəti altındadır. Aztirajlı bəzi qəzetlərin müstəqilliyi olsa da, onların ictimai rəyə təsir imkanları çox aşağıdır. Hökumət tənqidçi jurnalistləri sıxışdırır. Əliyev və onun ailəsi haqqında yazmaq xüsusilə təhlükəlidir.
XS
SM
MD
LG