Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:45

Jurnalist qətllərini cəzasız qoyanlar...


Meksikalı jurnalist Armando Rodrigez 2008-ci ildə evinin qabağında, maşınının içində güllələnib
Meksikalı jurnalist Armando Rodrigez 2008-ci ildə evinin qabağında, maşınının içində güllələnib
Mərkəzi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi 2009-cu il üçün "Cəzasızlıq İndeksi"ni açıqlayıb.

Komitə açılmayan jurnalist qətllərinin sayını əks etirən hesabatını martın 24-də, Fillippində öldürülən jurnalistin qətlinin 4-cü ildönümündə açıqlayıb.
Kənd təsərrüfatı
nazirliyindəki korrupsiya faktlarını araşdıran jurnalisti öz evində, ailəsinin gözü qarşısında gülləmişdilər...


Filippinin kənd təsərrüfatı nazirliyindəki korrupsiya faktlarını araşdıran Xanım Marlen Qarsiya-Esperat öz evində, ailəsinin gözü qarşısında güllənmişdi. Qətldə iki dövlət məmurunun adı hallansa da, hələ də rəsmi ittiham irəli sürülməyib...


Beynəlxalq Jurnalistlər Komitəsinin sədri Coel Saymon deyir ki, Pakistan, Şri Lanka kimi ölkələrdə jurnalist qətllərinin üstünün açılmaması növbəti cinayətlərə səbəb olur.

Coel Saymon:
"Böyük təəssüf hissiylə görürük ki, Şri Lanka, Pakistan kimi ölkələrdə ədalət müxanizmləri işləmir, ədalət öz yerini tapmır. Bizim məlumatlarımıza görə, hakimiyyətin jurnalist qətllərini aça bilməməsi mətbuata qarşı təzyiqləri daha da həvəsləndirir. Bu biyabırçı siyahıya düşməkdən ancaq o ölkələr canının qurtara bilər ki, ədalətin öz yerini tapması üçün qəti qərar veriblər”.

Jurnalistləri Müdafiə Komitəsinin ikinci ildi ki, dərc elədiyi “Cəzasızlıq indeksi” açılmayan jurnalist qətllərinin sayının ölkə əhalisinin sayına nisbətinə görə tərtib olunur. Yəni, hər milyon nəfərə neçə açılmayan jurnalist qətli düşür.

Filippinli jurnalistlər növbəti həmkalarının qətlindən sonra...Avqust, 2008

Bu zaman Jurnalistləri Müdafiə Komitəsi 1999-cu ildən başlayan qətlləri nəzərə alır. Qətl ancaq o vaxt açılmamış sayılır ki, faktla bağlı rəsmi məhkəmə ittihamı irəli sürülməsin.

Bu siyahıya ancaq 1999-cu ildən bu yana azı 5 qətlin üstünü aça bilməyən dövlətlər düşür. 2009-cu ildə belə dövlətlərin sayı 14 olub.


"Cəzasızlıq İndeksi" 2009


1. İRAQ

İraq artıq ikinci ildir ki, siyahıda liderliyini qoruyur. 2003-cü ildə başlanan müharibənin əvvəlindən bu yana İraqda azı 88 jurnalist qətlə yetirilib. Heç bir qətlin üstü açılmayıb.

Doğrudur, bir il əvvəlkiylə müqayisədə İraqda ötən il jurnalist qətllərinin sayı azalıb.
2008-ci ildə İraqda cəmi 8 jurnalist öldürülüb. 2007-ci ildə isə bu rəqəm 27 idi.


2. SYERRA-LEONE

1999-cu ildən bu yana ölkədə 9 jurnalist öldürülüb. Əksəriyyəti vətəndaş müharibəsi vaxtı inqilabçılar tərəfindən qətlə yetirilib.

Qəzet redaktoru olan Pol Mansarayı arvadı, iki azyaşlı uşağı və bacısı oğluyla birgə öz evində güllələyib, sonra da yandırmışdılar ...



İnqilab Cəbhəsinin döyüşçüləri məhz əleyhlərinə yazan jurnalistləri və siyasi fəalları “son adamına qədər qırmaq” məqsədiylə Fritaun şəhərini tutmuşdular.

Qəzet redaktoru olan Pol Mansarayı arvadı, iki az yaşlı uşağı və bacısı oğuyla öz evində gülləyib, sonra da yandırmışdılar.


3. SOMALI

20 ildir ki, ölkəni bürüyən vətəndaş itaətsizliyi, klanlararası mübarizələr və üsyanlar üzündən ölkədə cəzasızlıq rejimi kök salıb. 6 jurnalistin qətli 10 ildir ki, cəzasız qalıb.

Sonuncu dəfə, 2008-ci ildə Milli Jurnalistlər İttifaqının prezidenti Nasteh Daxir Faraa internet kafedən çıxıb evinə gedərkən güllələnib.


4. ŞRİ-LANKA

Hökumət qoşunlarıyla "Tamil Pələngləri" üsyançıları arasındakı müharibə jurnalistlərlə hesablaşmaları da artırıb. Hökumət hələ də 9 jurnalist qətlinin araşdırmasının bitirə bilməyib, əvəzində isə ildən-ilə quru vədlər verməklə kifayətlənir.

Son olaraq ölkədə telereportyor Paranirupasinqama Devakumara doğranıb.


5. KOLUMBİYA

2006-cı ildən bu yana heç bir jurnalist peşə fəaliyyətinə görə qətlə yetirilməyib. Hökumət bunu təhlükəsizlik tədbirlərinin güclənməsiylə izah eləsə də, Jurnalistləri Müdafiə Komitəsinin fikrincə, bu, daha çox jurnalistlərdə özünəsenzuranın artmasıyla bağlıdır.

20 jurnalist qətlindən 16-sı hələ də cəzasız qalıb.

Komitə qeyd eləyir ki, 2002-ci ildə öldürülən radiojurnalist Xose Emeterio Rivasın qətlinə görə, Barrankabermek şəhərinin meri və iki müavininin sifarişçi kimi məhkəmə qarşısına çıxarılması da alqışlanacaq haldır.


6. FİLİPPİN

Son 10 ildə azı 24 jurnalistin qətlinin araşdırması hələ bitməyib. Ancaq ölkənin hüquq-mühavizə orqanları jurnalistlərə təzyiq hallarının araşdırmaqda maraqlı görünmürlər.

Ötən ilin avqustunda bir həftə ərzində iki radiojurnalist öldürülüb.


7. ƏFQANISTAN

Mərkəzi hakimiyyətin zəifliyi, yerli hakimiyyət orqanlarının ciddi korrupsiyalaşması, narkotik dövriyyəsi və yaraqlıların birgə yaratdığı mühit jurnalist qatillərinin əl-qol açmasına səbəb olub.

7 jurnalist qətli hələ də açılmayıb. Bunlardan 4-ü xarici, 3-ü isə əfqan jurnalistləri olub. Yerli jurnalistlər narkotik dövriyyəsi ilə bağlı araşdırmaları dərc olunandan sonra öldürülüblər.


8. NEPAL

Jurnalistləri Müdafiə Komitəsinin fikrincə, bu ölkədə siyasi qüvvələr tez-tez KİV nümayəndələrinə hücumlar təşkil eləyirlər.

Nepalda son ildə törədilən 5 jurnalist qətlinin üstü hələ də açılmayıb. Baxmayaraq ki, bu qətllərdən 4-ü indi hakimiyyətdə olan "Maoçu" qüvvələrin yaraqlıları tərəfindən, hakimiyyət uğrunda mübarizə vaxtı öldürülüb.


9. RUSİYA

1999-cu ildən bu yana Rusiyada korrupsiya, mütəşəkkil cinayətkarlıq və Şimali Qafqazdakı özbaşınalıqlar haqda araşdırmalar aparan 16 jurnalist öldürülüb. Bu qətllərdən ancaq birinin üstü açılıb.

Anna Politkovskayanın qətlində iştirakda ittiham olunan Mahmudov qardaşları 2009-cu ilin fevralında bəraət aldılar.

2008-ci ildə yeni prezident Dmitri Medvedev hakimiyyətə gələndə bu cinayətləırin açılacağına söz verib.

Amma iki səs-küylü qətl prosesində, 2004-cü ildə öldürülən “Forbes” jurnalının redaktoru Pol Xlebnikov və 2006-cı ildə evinin girişində güllənən Anna Politkovskayanın işi üzrə məhkəmə proseslərində hakim şübhəli şəxslərə bəraət verib.


10. PAKİSTAN

Ölkədə ümumi təhlükəsizliyin zəifləməsi zəminində jurnalistlərə qarşı tayfalar, yaraqlı qrupları, cinayətkar dəstələr və kəşfiyyat strukturları tərəfindən təzyiqlər artıb. Təkcə ötən il 3 jurnalist öldürülüb və açılmayan jurnalist qətllərinin sayı 10-a çatıb.

Son olaraq qətlə yetirilən jurnalistlərdən biri Abdul Rəzzaq Coxra olub. Narkotraffik haqqında yazısı dərc olunandan sonra qatillər onu günün günorta vaxtı evindən çıxarıb, güllələyiblər.


11. MEKSİKA

Narkokartellərin istədiyi kimi fəaliyyət göstərməsi üzündən jurnalistikayla məşğul olmaq Meksikada həyat üçün ən təhlükəli peşələrdən birinə çevrilib.

Son 10 ildə öldürülən 6 jurnalistin qətlinin üstü hələ də açılmayıb. Üstəlik, son 3 ildə 7 meksikalı jurnalist oğurlanıb və bu günə kimi tapımayıb. Beynəlxalq təşkilatlar onları da öldürülmüş kimi qəbul eləyir. Hökumət isə meyitləri tapılmadığından itkin düşənləri öldürülən jurnalistlər kimi tanımaqdan imtina edir.

Sonuncu qətl hadisəsi ötən il baş verib. Tabasko Ştatının paytaxtında, Villahermoz şəhərinin mərkəzi küçəsində narkotik dövriyyəsinə qarşı kampaniya aparan radiojurnalist Alexandro Zenon Fonseka güllələnib.


12. BANQLADEŞ

2000-2005-ci illər arasında ölkədə 7 jurnalist öldürülüb. Heç birinin qatili və qətlin sifarişçiləri tapılmayıb.

2004-cü ildə
Kamal Hüseyni
günün-günorta çağı evindən ğurlamışdılar.
Bir neçə sonra jurnalistin başı kəsilmiş meyiti
tapılıb.


Burda jurnalistləri bir qayda olaraq korrupsiya və siyasi özbaşınalıqdan yazdığına görə öldürürlər.

Bu qətllərdən ən amansızı 2004-cü ildə törədilib. Kriminal xronika müxbiri Kamal Hüseyn gündüz evindən oğrulanıb, bir neçə sonra başı kəsilmiş meyiti tapılıb.


13. BRAZİLİYA

Braziliya bu siyahıya ilk dəfə düşüb. Ötən il açılmayan jurnalist qətllərinin sayı 5-ə çatıb.

Ancaq, müsbət cəhət odur ki, son 10 ildə 3 jurnalistin qətliylə bağlı günahkarlar məhkəmə qarşısına çıxarılıb.

Hal-hazırda isə Braziliya hakimiyyəti 2007-ci ildə öldürülən əyalət televiziyasının müxbiri Luiz Karlos Barbon Filyonun qətliylə bağlı məhkəmə istintaqını başa çatdırmaq üzrədir. Məhkəmə polis sistemindəki korrupsiya haqda araşdırmalarına görə öldürülən jurnalistin qətlində 4-ü polis olan 5 dövlət məmurunu ittiham eləyir.


14. HİNDİSTAN

Ölkədə mətbuatın və demokratik ənənələrin yetərincə inkişaf eləməsinə baxmayaraq, son on ildə 7 jurnalist qətli hələ də açılmamış qalır.

Əsasən siyasət, korrupsiya və mütəşəkkil cinayətkarlıqla bağlı yazan jurnalistlər fiziki təzyiqlərlə üzləşirlər.

Ötən il saxta ərzaqlar və oğurluq malların dövriyyəsiylə bağlı yazıları çapdan çıxan kimi "Hindostan" qəzetinin jurnalisti Vikas Raca qətlə yetirilib.
Raca günorta, redaksiynın qabağında küçədə naməlum motosikletçilər tərəfindən güllələnib.

---

Jurnalistləri Müdafiə Komitəsinin fikrincə "Cəzasızlıq indeksi"ndə sadalanan ölüm faktlarının demək olar ki, hamısının ümumi özəllikləri var.

- Hətta silahlı münaqişələrin olduğu ölkələrdə də jurnalistlər döyüş əməliyyatları vaxtı, təsadüfən yox, qatil gülləsiylə həlak olurlar. Məsələn, İraqda həlak olan jurnalistlərin üçdə ikisi sui-qəsdin qurbanı olub.

- Öldürülən jurnalistlərin əksəriyyəti cinayətkarlıq, korrupsiya və milli təhlükəsizlik sahələrini araşdırıblar.

- Cəmiyyətə həqiqəti çatdırmaq missiyasını həyata keçirən jurnalistlərin az qala hamısı öz vətənində, öz xalqının arasında, nümayişkəranə şəkildə qətlə yetirilib.

XS
SM
MD
LG