Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:49

Qərb müxalifətin ümidlərini doğruldurmu?


Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir Son vaxtlar Azərbaycana səfər edən Amerika və Avropa rəsmilərinin verdikləri bəyanatlar ilk baxışda elə də kəskin görünmür. Xarici qonaqların demək olar ki, hamısına ünvanlanan suallardan biri adətən Azərbaycanda inqilab ehtimalı, ikincisi isə parlament seçkisinin demokratik keçib-keçməyəcəyi ilə bağlı olur.



Bu suallar demokratik seçkiylə bağlı Qərbə bəslənən ümidləri göstərir. O ki qaldı bu ümidlərin nə dərəcədə doğrulmasına, sentyabrın 5-də Avropa Şurasının baş katibi Terri Devisin Bakıda demokratik seçki mövzusunda etdiyi çıxışından sonra Müsavat başqanı İsa Qəmbər nikbin bəyanatları anlamadığını deyib. Terri Devis Azərbaycan prezidentinin 11 may tarixli sərəncamını alqışladığını bildirib:



"Həmin sərəncam ölkənin demokratik gələcəyini, demokratik sabitliyini əks etdirir. Bu sənəd əhalidə əsas insan hüquqlarını təmin etmək baxımından inam yaradır".



Müsavat başqanı İsa Qəmbərsə 2003-cü il prezident seçkisini xatırladıb. O, MSK sədri Məzahir Pənahovun həmin seçkinin saxtalaşdırılmasına başçılıq etdiyini deyib.



MSK sədri Məzahir Pənahov isə seçki pozuntularıyla bağlı MSK-ya müraciətlər olduğunu və onların öz həllini tapdığını bildirib.



ADP-nin baş katibi Sərdar Cəlaloğlu bu fikirdədir ki, beynəlxalq ictimaiyyətin seçkilərin demokratik keçməsinə dair mövqeyi qətidir, ancaq Azərbaycan iqtidarına təsiri yetərli deyil. Nəticədə beynəlxalq təşkilatların tövsiyələri yerinə yetirilməmiş qalır.



Ancaq Sərdar Cəlaloğlu Azərbaycanı demokratik seçki keçirməyə vadar etmək üçün xeyli təsir vasitələri olduğunu deyir.



Politoloq Zəfər Quliyev də düşünür ki, istər Birləşmiş Ştatlar, istərsə də Avropa qurumlarının Azərbaycanda seçkinin demokratik keçməsinə dair tələbi qüvvədə qalır:



"Onlar doğrudan da son günlərə qədər tələb edirlər ki, Azərbaycandakı bu seçkilər mütləq demokratik olmalıdır. [Deyirlər ki,] Azərbaycan üçün çox ciddi bir sınaqdır və builki seçkilər saxtalaşdırılsa, Azərbaycanı ciddi sanksiyalar gözləyə bilər. Və bu baxımdan demək olar ki, həm müxalifət, həm də cəmiyyət bu seçkilərdən ən ciddi və müsbət yeniliklər gözləyir".



Zəfər Quliyev Azərbaycanda azad və demokratik seçki üçün lazımi şərait yaradılmadığını bildirir. Yəni, seçki komissiyalarının tərkibinin dəyişdirilməməsi, mətbuatda gedən "qara" piar – qarayaxma kampaniyası bu mühitin olmamasını göstərir.



Politoloqun fikrincə, buna görə də indiki mərhələdə Qərb ölkələrindən daha prinsipial mövqe gözlənilir.
XS
SM
MD
LG