Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:22

Yeni ildə qazın qiyməti artmayacaq


Səs: Real audio
«AzAL» Dövlət Konserni dekabrın 23-də Bakı yaxınlığında AN-140-100 sərnişin təyyarəsi qəzaya uğradıqdan sonra bu tipdən olan təyyarələrin istismarına və ya onun alınmasına heç bir qadağa qoymayıb Amma işıq pulu haqda bunu demək olmaz



Yanvarın 1-dən Rusiya Azərbaycana verdiyi qazın qiymətini hər min kubmetrə 110 dollara qaldırır. İndiyə kimi 60 dollar idi.



Amma bunun əhaliyə satılacaq qazın qiymətinə təsiri olmayacaq. Hər halda, 2006-cı ildə də qazın hər min kubmetri 236 manata satılacaq.



"Azəriqaz" Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikovun sözlərinə görə, yeni ildə qazın qiymətlərinin artırılması gözlənilmir, onlar Tarif Şurasına bundan ötrü müraciət etməyiblər.



Müstəqil ekspertlər də hesab edirlər ki, Rusiyadan alınan qazın qiymətinin artması əhaliyə satılan qazın qiymətinə təsir etməməlidir.



Məsələn, iqtisadçı-ekspert Qubad İbadoğlunun fikrincə, Azərbaycan qaza olan ehtiyacının təxminən yarısını özü ödədiyindən, qiymətlərin qaldırılmasına ehtiyac yoxdur.



Amma ekspertlərin fikrincə, alınan qazın bahalaşması işıq puluna təsir edə bilər. Çünki, Rusiyadan alınan 4-4.5 milyard kubmetr həcmindəki qaz elektrik stansiyalarında mazut əvəzinə yandırılır.



"Azərenerji" Səhmdar Cəmiyyətinin rəhbərliyi isə hələ Rusiya qazının qiyməti artmamışdan da gəlirlə işləmədiklərini bildirirdi. Məsələn, 60 dollara olan qazla 1 kilovat saat enerjinin istehsalı 130 manata başa gəlsə də, "Azərenerji" paylayıcı şəbəkələrə onu 71 manatdan satır. Qaz 110 dollar olanda, 1 kilovat saatın maya dəyəri 240 manatadək qalxacaq.



Amma əhalinin enerji təminatı ilə bağlı sonuncu müşavirədə prezident İlham Əliyev dövlətin bu xərcləri üzərinə götürəcəyini bildirdiyindən, işıq pulu artırılmaya da bilər. Qazın bahalaşmasını kompensasiya etmək üçün isə təxminən 230 milyon dollar vəsait tələb olunur.



Müstəqil ekspert Qubad İbadoğlunun fikrincə, 2006-cı ilin dövlət büdcəsində birbaşa olmasa da, yetərincə subsidiyalar ayrılıb ki, bu kəsiri ardan qaldırsın.



Bu arada Bakı, Sumqayıt və ölkənin şimal bölgəsini işıqla təmin edən "Barmek-Azərbaycan" şirkəti tariflərin qaldırılması üçün Nazirlər Kabinetinə müraciət edib.



Şirkətin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev dəqiq rəqəmləri açıqlamasa da, əlavə etdi ki, Azərbaycan hökumətiylə bağlanana müqaviləyə görə, ilk 3 il ərzində "Barmek" qiymətləri qaldırmaq üçün müraciət edə bilməzdi. Amma şirkətin Azərbaycanda fəaliyyətinin artıq 4 ili tamam olduğundan, belə bir müraciət edə bilər.



Bununla belə, Tanrıverdi Mustafayevin sözlərinə görə, Azərbaycan hökuməti hansı qiyməti təyin etsə, onu qəbul edəcəklər.



İqtisadçı-ekspert Qubad İbadoğlunun fikrincə isə, dövlətin problemləri subsidiyalar yoluyla həll etməyə meylliliyi narahatlıq doğurur. Çünki beynəlxalq maliyyə qurumları subsidiyalara Azərbaycanda islahatlar qarşısında əngəl kimi baxırlar. Bu üzdən hökumət büdcədə birbaşa yox, dolayı subsidiyalar ayırır. Qubad İbadoğlunun sözlərinə görə, Qazın qiymətiylə bağlı məsələdə də belə olacaq. Dolayı subsidiya nəticəsində Dövlət Neft Şirkəti Rusiya qazının pulunu özü ödəyəcək, əvəzində isə eyni məbləğdə vəsaiti büdcəyə köçürməyəcək.
XS
SM
MD
LG