Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:45

Covanni di Stasi: «Meri xalq seçməlidir»


Səs: Real audio
Gəmidə olanlar xilas edilib Ancaq hələ ki, bu yöndə elə bir iş getmir



Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Covanni di Stasi deyir ki, rəsmilərlə keçirdiyi görüşdə Bakı merini seçmək ideyası müsbət qarşılanıb, heç kəs bu ideyaya qarşı çıxmayıb. Ancaq ona prosesin nə vaxt başlanacağı barədə konkret fikir deyən olmayıb:



"Yerli nümayəndələri xalq seçməlidir, gələcəkdə Bakı meri də daxil olmaqla bütün şəhər merlərini xalq seçməlidir. Biz bilirik ki, bu bir prosesdir, sabah baş verməyəcək, ancaq müzakirələri bu yöndə aparmaq lazımdır".



Azərbaycan Yerli Özünüidarəetmə üzrə Avropa Xartiyasını ratifikasiya edib. Merin seçilməsini Avropa Şurası Azərbaycana hələ 2003-cü ildə tövsiyə etmişdi. Ancaq hələ ki, bu yöndə elə bir iş getmir. Avropa Şurası nümayəndələri bundan narahatlığını bildirib.



Dünyanın bir çox ölkələrində paytaxt bələdiyyəsi kifayət qədər səlahiyyətli qurum sayılır. Birləşmiş Ştatlarda Nyu-York, Türkiyədə İstanbul bələdiyyəsi buna misal ola bilər. Müqayisəyə Cənubi Qafqaz regionunu da aid etmək olar. Gürcüstan prezidenti Mixail Saakaşvili vaxtilə Tbilisi şəhər bələdiyyəsinin rəhbəri olub.



Azərbaycanda isə qeyd etdiyiniz kimi, uzun müddət Bakı bələdiyyəsinin yaradılması ideyasına qarşı çıxanlar olub. İndi isə bu mövqeyin nisbətən yumşaldığı görünür.



Milli Məclisin regional məsələlər daimi komissiyasının üzvü, hakim YAP-dan Tahir Rzayevin fikrincə, Bakı bələdiyyəsi yaradılmalıdır. Çünki bütün demokratik ölkələrdə şəhər merləri var, onlar idarəetməylə məşğul olmur, qanunların qorunması, inzibati tənzimləmə işlərini görür.



İqtisadi Tədqiqatlar Mərkəzinin bələdiyyə departamentinin rəhbəri Rövşən Ağayevsə bu fikirdədir ki, şəhər başçısı sakinlərdən mandat almalıdır. Çünki seçkili orqanın insanlar qarşısında hesabatlılığı təyin olunan şəxsə nisbətən daha yüksək olur. O ki qaldı meriyayla yanaşı, icra hakimiyyətinin qalıb-qalmayacağına, Rövşən Ağayev bu fikirdədir ki, idarəçilik sistemində islahatlar aparılmalıdır:



"Dünyada müxtəlif təcrübələr var: bir, seçkili orqan olur, bir də dövlət başçısının təyin etdiyi şəxs. Məncə, Azərbaycanda həm prezidentin təyin etdiyi icra başçısı olacaq, həm də xalqın seçdiyi bələdiyyələr. Bu mümkündür. Bakı iri şəhər olduğundan, burada ikipilləli sistem yaradıla bilər – bir seçkili ümumi şəhər meriyası, bir də hər rayon üzrə iyerarxiya üzrə bələdiyyələr".



Rövşən Ağayev eyni zamanda Bakı meriyasının yaradılmasını siyasi cəhətdən həssas məsələ adlandırır. Çünki Bakıda mer seçkiləri hakimiyyətin maraqlarına uyğun olmaya bilər: "Hakimiyyət yerli bələdiyyələrin icra strukturlarından asılılığının azaldılmasına əngəllər yaradır... Ancaq beynəlxalq təşkilatlar ardıcıl olsalar, nələrəsə nail olmaq mümkündür".



Avropa Şurası nümayəndələrinin Bakıya səfərində Azərbaycanda Milli Bələdiyyələr Assosiasiyasının yaradılması məsələsindən də danışılıb. Avropa Şurası ölkələrindən yalnız Monako, San-Marino və Azərbaycanda belə assosiasiya yoxdur. 2004-cü il bələdiyyə seçkilərində nəticəsi etibarsız sayılmış 141 bələdiyyədə təkrar seçki məsələsi də müzakirə mövzusu olub. MSK-nın həmin bələdiyyələrin məsələsinə bu ilin payızınacan baxacağı gözlənilir.
XS
SM
MD
LG