Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:45

Dövlət müxalifət partiyalarını maliyyələşdirəcəkmi?


Səs: Real audio
Fevralın 28-də «quş qripi»nə qarşı mübarizə üzrə Dövlət Komissiyasının növbəti yığıncağı olacaq Partiyalara büdcədən pul ayrılması məsələsi artıq siyasi gündəmə gətirilib, özü də Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov tərəfindən



Bu haqda kütləvi informasiya vasitələrində dəfələrlə çıxış edən cənab Həsənov elə fevralın 27-də də bir daha bildirdi ki, bu il «Siyasi partiyalar» və «İctimai təşkilatlar» haqqında qanunlara mütləq dəyişiklik edilməlidir. Hətta Əli Həsənov bununla bağlı Mərkəzi Seçki Komissiyasına müəyyən səlahiyyət veriləcəyini də istisna etmir.



Amma dövlət iqtidar, iqtidaryönlü partiyalarla yanaşı müxalifət partiyalarına da yetərincə pul verəcəkmi və ya vəsaiti hansı prinsiplər əsasında verəcək, parlamentdə təmsil olunmayan partiyalar necə maliyyələşəcək kimi suallar açıq qalır. Əli Həsənovun sözlərinə görə, qanun ictimaiyyətin müzakirəsinə verilib. Həmin suallara cavablar da müzakirələrdən sonra məlum olacaq.



Müxalifət partiyalarının yaratdığı «Azadlıq» blokundan deputat seçilmiş, Xalq Partiyasının sabiq sədri Pənah Hüseyn deyir ki, hakimiyyətin bu addımı ianələrlə dolanan partiyaların siyasi basqıdan qurtulmasına, yəni onların maliyyə mənbələrinin şəffaf olmaması haqda deyilən fikirlərə son verilməsinə səbəb olardı.



Siyasi şərhçi Azər Rəşidoğlu isə, bildirir ki, Azərbaycanda demokratik dəyərlər oturuşmadığından bu bəzi problemlər yaradacaq. Məsələn, partiyalar siyasi simalarını itirmək təhlükəsi ilə üzləşə bilərlər. Bundan başqa bir sıra partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi onları iqtidardan asılı vəziyyətə salar. Amma Pənah Hüseyn və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə buna inanmır. Onların qənaətincə, iqtidarla dövləti səhv salmaq olmaz.



O ki qaldı, büdcədən hansı partiyaların maliyyələşməsinə, millət vəkili Pənah Hüseynə görə, Azərbaycanda partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı optimal model tapmaq mümkündü. O, deyir ki, ölkədə ədalətli seçki keçirilməsi haqda mübahisələr getdiyindən indiki halda ən yaxşı çıxış yolu hamıya bərabər şərait yaradılması, qeydiyyatdan keçən partiyaların hamısına pul verilməsi olardı.



Siyasi şərhçi Azər Rəşidoğlu isə, partiyalara büdcədən pul ayıracağını deyən hakimiyyətin səmimi olmadığını, iqtidarın bu addımı beynəlxalq qurumların təzyiqi altında gündəmə gətirdiyini düşünür. Ekspert deyir ki, hakimiyyət iqtidaryönlü və özünü müxalifət adlandıran bir çox partiyanı maliyyələşdirir. Onların dövlətdən maliyyələşməsi isə, hakimiyyətin bu partiyalar üzərində nəzarəti itirməsinə səbəb olar.



Bəs, partiyaların maliyyə mənbələri niyə şəffaf deyil? Müxalifət partiyalarının təmsilçiləri deyirlər ki, hakimiyyət onlara maliyyə yardımı edə biləcək qurumları və ya şəxsləri nəzarətdə saxlayır, müxtəlif təzyiqlər göstərir deyə məxfiliyə üstünlük verirlər. Ekspert Azər Rəşidoğlu da bu deyilənləri bölüşür.



Hakimiyyətsə əsasən müxalifəti vaxtaşırı Azərbaycanın dövlət maraqlarına zidd olan xarici təşiklatlardan, hətta bəzən kəşifyyat orqanlarından pul almaqda ittiham edir. Amma Əli Həsənov «bu haqda hər hansı fakt varmı» sualına belə cavab verdi: «Hakimiyyətin ən azı şübhələnməyə haqqı var».



«Azərbaycan Naminə» İctimai Forumunun rəhbəri Eldar Namazov isə, deyir ki, iqtidarlı-müxalifətli bütün partiyalardan şəffaflıq tələb etmək olar və bu haqlıdır. Ancaq bunun üçün yalnız partiyaların yox, bütünlükdə cəmiyyətin, eləcə də hakimiyyətin özünün şəffaf fəaliyyət göstərməsi lazımdır.
XS
SM
MD
LG