Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:17

Yaz gəlib, əkinçi isə gözləyir


Səs: Real audio
Millət vəkilləri "quş qripi" ilə mübarizə tədbirlərini müzakirə ediblər Əvvəllər bir hektarı şumlamağa traktorçu 80 min manat istəyirdisə, indi 180 min manat istəyir. Deyir ki, dizel bahalanıb. Hökumət fermerə dizelin bahalanmağından dəyən ziyanı kompensasiya etmək istəmir. Bununla belə əkinçi gözləyir



"Əvvəl 80 min şuma verirdim, 20 min də malaya. Dünən gedib 130 min şuma vermişəm, 80 min də malaya..."



Bu, Sabirabad rayonu Çiçəkli kənd sakini Vaqif Bayramovdur. O deyir ki, hələ onun bir az imkanı var. İmkanı olmayanlar oturub gözləyir. Gözləyənlər təkcə sıravi sakinlər deyil, "ümid yeməkdən yaxşıdır" deyib fermerlər də gözləyirlər. Ən çox gözlədikləri də iki məsələdir – subsidiyalar və pambığın qiyməti.



Saatlı rayonundakı "Kəndli" fermer təsərrüfatının rəhbəri Zaur Məmmədov deyir ki, yanacaq bahalaşmazdan əvvəl bir hektar torpağın şumlanması və əkilib biçilməsi köhnə pulla 200-250 min manata başa gəlirdisə, indi həmin işləri görmək üçün 600 min manat pul lazımdır. Onun sözlərinə görə, əkinçiliklə məşğul olanların sayı ötən ilkindən xeyli azalıb, hətta müxtəlif şirkətləri ilə müqavilə bağlayan fermerlər də işə başlamaq istəmirlər.



Zaur Məmmədova görə, dizelin bahalaşması artıq əkinçilikdə müəyyən dəyişikliklər yaradıb. Pambıqçılıq və taxılçılıqla məşğul olanların çoxu bu ildən daha az vəsait və zəhmət tələb edən yemçiliyə üstünlük verməyə başlayıblar.



Sabirabad rayonundan olan traktorçu Müşfiq Quliyev deyir ki, şumun qiymətiylə bağlı kənd sakinləri ilə ortaq məxrəcə gəlinib. İndi bir hektar torpağı köhnə pulla 140 min manata şumlayırlar. Amma yanacaq bahalaşdığından hələ ki, bir hektardan artıq torpaq şumladan yoxdur. Müşfiq Quliyevin sözlərinə görə, əgər hökumət yanacaqla bağlı güzəştlərə getsə, onlar da qiymətləri aşağı salarlar.



Neft məhsulları, o cümlədən dizelin qiyməti iki dəfə bahalaşanda, İqtisadi İnkişaf Nazirliyindən bildirilirdi ki, fermerlərə ünvanlı subsidiyalar verilməsi ilə bağlı təkliflər paketi üzərində iş gedir. İqtisadi inkişaf naziri Heydər Babayev də öz çıxışlarında qeyd etmişdi ki, aqrar sektora subsidiyaların ayrılması vacibdir. Amma yaz tarla işləri başlasa da, fermerlərə hansı güzəştlərin ediləcəyi konkretləşməyib.



Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyir ki, Tarif Şurasının qiymət artımı ilə bağlı qərarından sonra bölgələrdə vəziyyəti araşdırmaq üçün işçi qrup yaradılıb. Bundan başqa, Maliyyə və Kənd Təsərrüfatı nazirliklərində də subsidiyalar üçün mümkün variantlar üzərində iş aparılır. Bu işlərin nə vaxt yekunlaşacağı isə hələlik məlum deyil.



Qaldı ki pambığın qiymətinin qaldırılıb-qaldırılmayacağına, bu barədə də dəqiq bir məlumat yoxdur. Belə çıxır ki, əkinçiliklə məşğul olanlar hələ qeyri-müəyyən müddətə gözləməli olacaqlar.
XS
SM
MD
LG