Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:24

«İran səfirinin emosional çıxış və bəyanatı münasibətlərə xələl gətirə bilər»<p align=`left`><br><br>


Səs: Real audio
Martın 18-də Xalq Cəbhəsi Partiyasının «klassiklər» qanadı İran səfirliyi qarşısında piket keçirərək, səfir Əfşar Süleymaninin arzuolunmaz şəxs elan olunmasını və ölkədən çıxarılmasını tələb edib Martın 17-də Dünya Azərbaycanlılarının qurultayında səslənən fikirlərlə bağlı Xarici İşlər Nazirliyinə nota göndərən İran səfirliyi bu gün daha bir bəyanatla çıxış edib. Sənəddə deyilir ki, qurultaydakı bəzi «anti İran» çıxışları Azərbaycanın ərazi bütövlüyünə təhlükə kimi qiymətləndirmək olar: «Bu cür çıxışlar Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün İranın böyük potensial imkanlarından istifadə imkanlarını azaldır».



Səfirlik həmçinin dövlət xadimlərinin iştirak etdiyi qurultayda belə bəyanatların cavabsız buraxılmasına diqqət çəkir, Şimali və Cənubi Azərbaycan kimi terminlərdən istifadə edilməsini mənasız sayır. Sənəddə deyilir ki, İranın Qafqazdakı şimal əraziləri Rusiyanın təcavüzü nəticəsində işğal edilib və Tehran bunu «Türkmənçay» və «Gülüstan» müqavilələriylə möhkəmlətməyə məcbur olub. Bundan başqa, bəyanatda İranda yaşayan azərbaycanlılar etnik qrup adlandırılıb və onlara ölkədə bütün imkanlar yaradıldığı, hətta dövlət vəzifəsində təmsil olunduqları da bəyan edilib.



Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə isə, bildirir ki, İran səfirinin emosional çıxış və bəyanatları iki ölkə arasındakı dostluq və əməkdaşlıq prinsipləri əsasında qurulmuş münasibətlərə xələl gətirə bilər. Cənab Tağızadə ictimai təşkilat nümayəndələrinin keçirdikləri qurultayda səslənən fikirləri iştirakçıların şəxsi mövqeləri kimi qiymətləndirir. Hesab edir ki, şəxsi fikirlər iki ölkə arasındakı dostluq, əməkdaşlıq, mehriban qonşuluq münasibətlərinə təsir etməməlidir.



Prezidentin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov isə, «Turan» İnformasiya Agentliyinə açıqlamasında deyib ki, qurultayda Azərbaycan vətəndaşı olmayan azərbaycanlıların fikirləri Bakının rəsmi mövqeyi deyil. Ona görə də belə fikirləri şişirdib bu səviyyəyə qaldırmağa ehtiyac yox idi: «Bu, Azərbaycan tərəfdə təəccüb və təəssüf doğurur. Yaxşı olar ki, münasibətlərin indiki səviyyəsini qoruyub saxlayaq».



Martın 18-də Xalq Cəbhəsi Partiyasının «klassiklər» qanadı İran səfirliyi qarşısında piket keçirərək, səfirin arzuolunmaz şəxs elan olunması və ölkədən çıxarılmasını tələb edib. Aksiya iştirakçılarının səfirliyə təqdim etdikləri qətnamədə səfir beynəlxalq diplomatik normalara əməl etməyə dəvət olunur. Sənəddə bu ölkədə yaşayan 35 milyonluq azərbaycanlının ana dilində təhsil almaq, siyasi təşkilat yaratmaq, müstəqil dövlət qurmaq və ikiyə bölünmüş Azərbaycanın birləşmək hüququ olduğu da ayrıca vurğulanır.



Martın 17-də İranın Azərbaycandakı səfirliyi etiraz notası göndərərək, Dünya Azərbaycanlılarının ikinci qurultayında səslənən çıxışların ölkəsinin əleyhinə olduğunu bildirib. Səfir Əfşar Süleymani isə, bu cür çıxışları Azərbaycanın İranın daxili işlərinə qarışması kimi qiymətləndirib. Bundan sonra XİN-in müavini Xələf Xələfov İran səfiri ilə görüşüb.



Dünya Azərbaycanlılarının martın 16-da keçirilən qurultayında əslən İrandan olan bir neçə natiq bu ölkədə azərbaycanlıların hüquqlarının pozulduğunu, ana dilində məktəblərin olmadığını, 1828-ci il «Türkmənçay» müqaviləsiylə Azərbaycanın iki hissəyə parçalandığını bildirmişdilər.
XS
SM
MD
LG