Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:40

Azərbaycanda Çernobıl qəzası əlilləri pulsuz müalicə oluna bilmirlər


Çernobıl Atom Stansiyası 20 il sonra, 21 aprel, 2006
Çernobıl Atom Stansiyası 20 il sonra, 21 aprel, 2006

Çernobıl qəzasının iştirakçısı olmuş 7 min azərbaycanlıdan bu illərdə 2 min nəfəri vəfat edib. Hazırda yaşayanların arasında isə çox sayda yataq xəstələri var


«Asif Bayramov 1968-ci ildə anadan olub, 2006-cı ildə qaraciyər sirrozundan dünyasını dəyişib; Vüqar Əsədov 1967-ci ildə anadan olub, 1993-cü ildə ağciyər sirrozundan vəfat edib; İqbal Cabbarov 2004-cü ildə ürək mərkəzinin iflicindən vəfat edib...".


Bu, son illərdə vəfat etmiş Çernobıl qəzası iştirakçılarının siyahısıdır. Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov deyir ki, bu siyahı son illərdə çox uzanıb, Çernobıl qəzasının iştirakçısı olmuş 7 min azərbaycanlıdan bu illərdə 2 min nəfəri vəfat edib. Hazırda yaşayanların arasında isə çox sayda yataq xəstələri var. Qəzanın aradan qaldırılmasında iştirak etmiş 5 min nəfərin hamısı isə 1-ci və 2-ci dərəcəli əlillərdir.


Çernobıl qəzasında əlil olmuş Əfqan Əliyev isə aldığı zədədən daha çox sosial problemlərdən və əlil kimi qayğı görməməyindən şikayətlənir: «Biz orada blokda işləyirdik. Getdiyim vaxtın 7-ci günü hospitala düşdüm. Sonra yenə ora qayıtdım. Fasilə ilə 5 dəqiqə işləyirdik. Sonradan bildik ki, orda 2-3 dəqiqədən artıq işləmək olmaz. Çernobıla gedəndə, 88 kq olmuşam, qaydanda 72 kilo idim. Qayıdandan sonra hər 6 aydan bir müalicəyə getmişəm. Ancaq bu qohumlarımın yardımıyla olub. İndi qolumda şiş var, tərpədəndə çətinlik çəkirəm. Bizə ögey münasibət var. Bizim müalicə olunmağımız üçün radiologiya mərkəzi yoxdur. 11 kv. metr sahəsi olan evdə yaşayıram, 88-ci ildən də ev növbəsindəyəm».


Əfqan Əliyev kimi, digər Çernobıl əlillərinin müalicəsi, sosial hüquqlarının təmin olunması 1993-cü ildə prezidentin imzaladığı sərəncamda əks olunub. Həmin sərəncamda göstərilib ki, Çernobıl əlili ərizə ilə müraciət edəndən bir il ərzində mənzillə təmin olunmalıdır.



Qulam Xudiyev və Firudin Qurbanov
Çernobıl əlillərinin problemi təkcə özlərinə aid deyil. Onların uşaqları da həmin qəzadan əziyyət çəkir. Həmin əlillərdən biri olan Qulam Xudiyev deyir ki, o, Çernobıldan gələndən sonra ailə qurub. İki uşağı xəstə doğulub: «Ordan gələndən sonra məndə ürək xəstəliyi yaranıb. Kiyevdə müalicə olunmağa pulum çatmadı. Bir qızım, bir oğlum da qıcolmadan əziyyət çəkir. Onları da düz-əməlli müalicə etdirə bilmirəm».

Firudin Qurbanovun da iki uşağı özü kimi Çernobıl qəzasının əziyyətini çəkir: «Ordan gələndən sonra beynimdə ağrılar olur, xüsusilə yay aylarında. Öz gücümə müalicə oluna bilmirəm. Üç uşağım var, onlardan ikisinin başında xəstəlik var».


Çernobıl Əlillər Cəmiyyətinin sədri Mirhəsən Həsənov deyir ki, əlillərin problemləri sırasında mənzillə təminat, pulsuz müalicə əsas problem kimi qalır: «Bu adamlar 20 ildir ki, mənzil növbəsindədirlər. Pulsuz dərmanla təmin olunmurlar. Bu illərlə yığılıb qalmış problemdir».


Səhiyyə naziri Oqtay Şirəliyev isə bildirir ki, Çernobıl qəzası əlillərinə səhiyyə sistemində güzəştlər var: «Çernobıl qəzası ilə bağlı əlil olanlar bütün illər ərzində səhiyyə müəssisələrinin nəzarətində olublar. Onlar üçün güzəştlər var, indi də səhiyyə müəssisələrinin nəzarəti altındadırlar».


Çernobıl Əlillər Cəmiyyəti Çernobıl əlillərinin övladlarının müalicəsi, valideynləri kimi, onlara da status verilməsi, əlillərin özləri üçün tibb mərkəzi yaradılması və təqaüdlərinin artırılmasıyla bağlı prezidentə müraciət də göndərib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Çernobıl qəzasında əlil olanlar ayda 250-270 min manat pensiya alırlar. İldə bir dəfə isə müalicə üçün onlara 550 min manat verilir.


Çernobıl qəzası əlili Əfqan Əliyev isə deyir ki, bu məbləğ onun ailəsinin bir aylıq qidasına belə çatmır.


XS
SM
MD
LG