Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:36

Corat - İşsizlikdən dənizə gedirlər…


Corat kəndində deyirlər ki, bəzən bir sutka da tora balıq düşmür
Corat kəndində deyirlər ki, bəzən bir sutka da tora balıq düşmür
«Dəniz görürsən nə qədər qabağa gəlib? Mənim yadıma gəlir ki, əvvəl bura yol idi, biz onda uşaq idik, bundan da qabaq bir torpaq yol var idi, indi qalıb suyun altında».

Corat kəndinin başqa sakinləri kimi Kamilə Əliyeva da dənizdən danışmağı sevir. Çünki dəniz onun, atasının-babasının həyatında xüsusi yer tutur. Coratlılar danışır ki, dəniz qədimlərdən onların həm çörək, həm də istirahət yerləri olub. Dəniz bu gün də kənd camaatının yaşayışının əsas tərkib hissəsidir. İşsizlikdən əziyyət çəkən camaat yenə üzünü dənizə tutub.

Tarixi 16-cı əsrdən sayılan kənd sakinləri zarafatla deyir ki, biz indi də o dövrlərdən yiyələndiyimiz sənətimizlə məşğul oluruq.

Az qala hər həyətdə torlar, balıqçı alətləri var. Hava bir az küləksizdirsə, balıqçılar dənizə gedirlər.

Təqribən 70 yaşı olan Vahab kişi də balıqçıdır. Onun qayığı da çoxdan köhnəlib. Deyir ki, artıq balıqçılıqdan yorulub, həm də onlara polislər çox mane olur:

«Hökumət qoymur bizi. Hökumət deyəndə ki, demirəm prezident qoymur, bu ətrafdakı polislər mane olur. Biz balığı özümüz üçün tuturuq. Bu cavanlar dünəndən tor qurublar, hələ də balıq yoxdur. Qədim dövrdən Corat camaatı balıqçılıqla məşğul olur. İşsizlikdən dənizə gedirik. İş olsa, mən dənizə getmərəm. Çox çətin işdir. Görürsən, külək gəlir, hərəsinin 2-3 uşağı var. Özünü təhlükəyə atıb. Qorxulu və çətin işdir. Bir də görürsən toru atdın, bir sutka balıq düşmür. Əvvəl balıq çox idi. İndi azalıb. Yemək üçün tutsan, böyük şeydir, qabaqlarsa sata da bilirdik».

Vaqifin də çörəyi dənizdən çıxır:
«Mənim işim qayıq dartmaqdır. Dənizdə qayıq dartıram, başqa iş olsaydı, onu görərdim».

Corat kəndində deyirlər ki, əgər balıq tuta bilirsənsə, demək axşam evində yemək olacaq
Daha cavan balıqçı Şakir isə qismətə inanır: «Görürsən, artıq külək qalxmağa başlayıb. Ancaq qismətində balıq varsa, küləkdə də olsa, tora düşəcək».

Corat kəndində kişilər balıq tutmağı, qadınlar da onu yaxşı bişirməyi bacarırlar. Dəniz sahilindəki evlərdən birində yaşayan gənc Elnurə kimi:

«Ən çox balıq bişirməyi xoşlayıram. Biz bazardan alınan balığı yemirik, dənizdən tutulan balıq dadlı olur. Soyutma, qızartma, bütün növlər dadlı olur».

Başqa Bakı kəndləri kimi Coratın da işıq, qaz problemi var. Deyirlər ki, bunları birtəhər yola verirlər, ancaq ən böyük problem işsizlikdir. Aliyə Məmmədova deyir ki, işsizlikdən və maddi imkansızlıqdan camaat torpaqlarını satmağa məcbur olur:

«Yaşlılar da, gənclər də işsizlikdən əziyyət çəkir. Bura çox kasıb kənddir, indi çoxları imkansızlıqdan həyətini də satır. Uşaqlar təhsilə maraq göstərmir. Məktəbə saynan uşaq gedir, hərdən öz-özümə sual verirəm ki, görəsən uşağın nə problemi ola bilər ki, onu dərsə getməməyə məcbur etəsin, fikirləşəndə çox səbəb tapmaq olur».

Corat kəndində deyirlər ki, əgər balıq tuta bilirsənsə, demək axşam evində yemək olacaq. Bir də, Vahab kişi zarafatla onu da dedi ki, son vaxtlar onlar «balığı at dəryaya, balıq bilməsə də xalıq biləcək» məsəlinə əməl etmirlər. Çünki başa düşürlər ki, balığı dəryaya atsalar, axşam yeməyi təxirə salmalı olacaqlar.

Həmçinin bax:

Avtobusun getmədiyi Bakı kəndi

Hökməlinin 5 fərqi…

Maştağada dəyişiklik gözləyirlər

Nardaranlılar: «Referendumda gərək bir məsələ müzakirəyə çıxarılaydı»
XS
SM
MD
LG