Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:16

Söz deməyin cəzası...


Dünya Qezetlər Assosiasiyasının 3 May Beynəlxalq Mətbuat Azadlığı Gününə hazırladığı karikatura
Dünya Qezetlər Assosiasiyasının 3 May Beynəlxalq Mətbuat Azadlığı Gününə hazırladığı karikatura

Avropa Şurası Parlament Assambleyasının [AŞPA] prezidenti Terri Devis Mətbuat Azadlığı Günü ilə bağlı deyir ki, Avropa Şurasına üzv olan ölkədə jurnalist yazdığına görə həbsxanaya salınmamalıdır. Üzv ölkələr cinayət məcəllələrindən bu bəndləri çıxartmalıdırlar.


Azərbaycanın Cinayət Məcəlləsində mətbuatda böhtanla şərəf və ləyaqətin təhqiri barədə 3 maddə var – 147, 148 və 323-cü maddələr. 147 və 148 maddələr sıravi vətəndaşların şərəfini qoruyur, 323-cü maddə isə ölkə prezidentinin. Ekspertlərin narazılığına səbəb olan ilk məqam da prezidentlə adi vətəndaşın şərəf və ləyaqətinin fərqli qiymətləndirilməsidir. Adi adama KİV-də böhtan atmağa görə 3 ilə qədər həbs cəzası və ya 500 təzə manata qədər cərimə, prezidentə böhtan atmağa görə isə 5 ilə qədər azadlıqdan məhrumetmə və 1000 təzə manat cərimə nəzərdə tutulub.


Ekspertlərin vurğuladığı başqa bir məqamsa 147 və 148-ci – böhtan və təhqir maddələrinin məhkəmə araşdırılması zamanı dəqiq tətbiq edilməməsidir. Məsələn, hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, işə baxılarkən ikili standartlardan istifadə olunur: "Cəza hakim, iddiaçı və jurnalistin kimliyinə görə tətbiq olunur".


«Yeni Nəsli» Jurnalistlər Birliyinin sədri, «Gün-Səhər» qəzetinin redaktoru Arif Əliyevin sözlərinə görə, 147 və 148-ci maddələr özünüsenzuranın gücləndirilməsinə və jurnalistlərin yaradıcılıq azadlığının məhdudlaşmasına səbəb olur. Çünki bəzən tənqid də təhqir və böhtanla eyniləşdirilir. Söz dediyinə görə jurnalisti həbsxanaya atmaq da absurddur: "Bundan məmurlar istifadə edir, məmurları da tənqid etməsək, nə yazaq".


AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovsa deyir ki, Terri Devisin müraciəti olmamışdan da, Azərbaycan prezidenti jurnalistlərin xeyrinə qərar verib və məmurları bu maddələrdən istifadə etməməyə çağırıb. Amma Səməd Seyidovun fikrincə, ölkənin rəmzlərindən biri olduğu üçün prezidentlə bağlı müddəalar saxlansa, daha düzgün olar: "De-fakto biz etmişik, amma prezidenti qatmayaq...".


Mayın 3-də verdiyi açıqlamasında Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli də «reket jurnalistikası» problemi həll olunana qədər böhtan və təhqirlə bağlı bütün maddələrin Cinayət Məcəlləsində saxlanmasına tərəfdar olduğunu deyib.


Dövlət rəsmiləri cəzanın yüngülləşməsi ilə mediada olan böhtan və təhqir elementlərinin artacağından ehtiyatlandıqlarını gizlətmirlər. Media ekspertlərinin arqumenti isə başqadır. "Ölüm hökmü ləğv olundu, adam öldürənlərin sayı artdı bəyəm" – deyə «Gün-səhər» qəzetinin redaktoru Arif Əliyev sual edir.


Söhbətləşdiyim ekspertlərin sözlərinə görə, deyəsən, Terri Devisin bu dəfəki müraciəti Azərbaycanda nəzərə alınacaq. Hətta parlamentin payız sessiyasında qəbul olunmaq üçün böhtan və təhqirlə bağlı Avropa standartlarına uyğun qanun layihəsi hazırlandığını da deyənlər oldu.


XS
SM
MD
LG