Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:24

Sahibkarlar gediş haqqının artırılması üçün Nəqliyyat Nazirliyinə müraciət ediblər


Son həftələr bir sıra marşrut avtobuslarında gediş haqqı iki dəfə qaldırılmışdı
Son həftələr bir sıra marşrut avtobuslarında gediş haqqı iki dəfə qaldırılmışdı
Nəqliyyat naziri Ziya Məmmədov: «Hesab edirəm ki, əhalinin rifahı yüksəldikcə, nəqliyyat-servis xidməti də yüksəldilməlidir»

Bakıda sərnişin daşıması ilə məşğul olan bir sıra sahibkarlar Nəqliyyat Nazirliyinə müraciət edərək, avtobuslarda gediş haqqının artırılmasını istəyiblər. Onlar bu istəklərini bu ilin əvvəlindən dizel yanacağının iki dəfə bahalaşmasıyla əsaslandırıblar. Nəqliyyat naziri Ziya Məmmədov sahibkarların müraciətini Tarif Şurasına göndərib. Onun fikrincə, qiymətlər bazarın tələblərinə uyğun tənzimlənməlidir: «Hesab edirəm ki, əhalinin rifahı yüksəldikcə, nəqliyyat-servis xidməti də yüksəldilməlidir. Bunun müqabilində də tariflər müəyyənləşdirilməlidir. Mən deyə bilmərəm ki, tarif mütləq qalxmalıdır, ya da indiki səviyyədə qalmalıdır. Əgər bazar tələb edərsə, qalxmalıdır, tələb etməsə, inldiki kimi qalmalıdır. Və yaxud da sabah elə bir vəziyyət yarana bilər ki, tarif aşağı düşsün. Hər şey bazardan asılıdır».


Nəqliyyat Nazirliyinin nümayəndəsi də Tarif Şurasının üzvüdür. Amma gediş haqqı ilə bağlı son qərar Tarif Şurasının bütün üzvlərinin iştirak etdiyi yığıncaqda verilir. Şuranın məsələyə gələn həftə baxacağı barədə məlumatlar yayılsa da, qurumdan bildiriblər ki, yaxın günlərin iclaslarının gündəliyi hələ tam dəqiqləşməyib.


Son həftələr ərzində Bakı şəhərində işləyən bir sıra marşrut avtobuslarında gediş haqqı iki dəfə qaldırılmışdı. Amma Tarif Şurasının sədri Heydər Babayev bunu qanunsuz adlandırmış və gediş haqqını özbaşına qaldıranların cəzalandırılacağını demişdi. Bundan sonra, Bakı Şəhər Nəqliyyat Departamenti məsələyə müdaxilə etmiş və gediş haqqı Tarif Şurasının müəyyən etdiyi 500 manat səviyyəsinə endirilmişdi.


XS
SM
MD
LG