Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:34

120 minə yaxın şagird məzun olur


Onların əksəriyyəti deputat və nazir olmaq arzusundadır
Onların əksəriyyəti deputat və nazir olmaq arzusundadır

Bunun 28 minə yaxını Bakıdakı, qalanları isə respublikanın digər şəhər və rayonlardakı orta ümumtəhsil məktəblərinin payına düşür


Mayın 30-u Bakının bütün orta məktəblərində son zəngə hazırlıq işləri gedib. 7 saylı orta məktəbin 11-ci sinif şagirdləri ilə söhbətlərdən məlum oldu ki, onlar mayın 31-nə də ciddi hazırlaşırlar. Əvvəlcə aşağı siniflərin şagirdləri məzunları təbrik edəcəklər. Hazırlanmış ssenariyə görə, sonra da orta məktəbi tərk edənlər öz məharətlərini göstərəcəklər. Bu hal mayın 31-də bütün ümumtəhsil məktəblərində olacaq, amma hər məktəbdə son zəng tədbirləri özünəməxsus şəkildə keçiriləcək.


Şagird və müəllimlər arasında «nazirlər məktəbi» adlandırılan 7 saylı məktəbin bu ilki məzunlarının əksəriyyətinin arzusu deputat və nazir olmaqdır.


Həmsöhbətimiz olan 11-cilər bu məktəbin «nazirlər məktəbi» olmasına və niyə ancaq deputat və ya nazir olmaq istəklərinə də aydınlıq gətirdilər: «Biz çalışacağıq ki, bu məktəbin adını daha da ucaldaq...»


Hazırda Azərbaycanda dörd mindən çox (4547) ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərin 324-ü paytaxtda, qalanları isə respublikanın digər şəhər və rayonlardadır. Təhsil Nazirliyinin Strateji Təhlil və Planlaşdırma Şöbəsinin müdiri Fərzəli Qədirovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, bu il ölkə üzrə orta məktəblərin 11-ci sinfini 120 minə yaxın şagird bitirəcək. Bunun 28 minə yaxını Bakıdakı, qalanları isə digər şəhər və rayonlardakı məktəblərin payına düşür.


Əgər 2004-2005-ci tədris ili üzrə Azərbaycanda orta ümumtəhsil məktəblərinin birinci sinfinə 126 minə yaxın şagird qəbul edilmişdisə, 2005-2006-cı tədris ili üzrə 1-ci sinifə gedənlərin sayı iki min nəfər az olub. Amma buna baxmayaraq, cənab Qədirov orta məktəblərin birinci sinfinə gedənlərlə 11-ci sinfi bitirənlər arasında elə də ciddi fərq olmadığını deyir.


Ötən il ali məktəblərə tələbə qəbulu üçün 29 minə yaxın yer ayrılsa da, bu il tələbə qəbulu planının nə qədər olacağı hələ məlum deyil. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Mətbuat Xidmətinin rəhbəri Hikmət Kazımova görə, hələ ki, bununla bağlı işlər yekunlaşmadığından bu barədə konkret fikir söyləməkdə çətinlik çəkir. Hikmət Kazımov deyir ki, 11-ci sinfi bitirənlərin çoxu bölgələrdən olsa da, test imtahanlarında ən yaxşı nəticə göstərənlər şəhər məktəblərini bitirən məzunlardır.


XS
SM
MD
LG