Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:47

Çimərliklərdə infeksion xəstəliklərə tutulmaq ehtimalı böyükdür


Ekoloji baxımdan təmiz olmayan su xəstəlik mənbəyi hesab olunur
Ekoloji baxımdan təmiz olmayan su xəstəlik mənbəyi hesab olunur

Mütəxəssislər deyirlər ki, hava istiləşəndə dəniz suyundakı bakteriyalar da aktivləşir və yoluxmaq ehtimalı artır


Bakıda 11 əsas çimərlik ərazisi var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) apardığı monitorinq göstərib ki, bu ərazilərin demək olar ki, əksəriyyəti normadan çox çirklənib. Kanalizasiya suları dənizə axıdıldığından, indi Xəzərin sahilləri bataqlıqdır, sahil sularının tərkibində infeksion xəstəliklər törədə biləcək mikroblar var. Çimərlik ərazilərinin bəzilərində ölü quş cəsədləri də tapılıb. ETSN bu monitorinqi Səhiyyə Nazirliyinə göndərib və hər iki nazirlik razılaşıb ki, üç çimərlik ərazisində suya girmək sağlamlıq üçün təhlükə yaradır. Bunlar Şıx, Hövsan və Mərdəkan ərazisindəki çimərlikləridir.


Mütəxəssislər isə deyirlər ki, Xəzər qapalı su hövzəsidir, suyu o dərəcədə duzlu deyil ki, infeksiyaları öldürə bilsin. Hava istiləşəndə sudakı bakteriyalar da aktivləşir və yoluxmaq ehtimalı artır.


O ki qaldı sahil sularında «quş qripi» təhlükəsinə, ETSN-də deyirlər ki, hazırda istifadəsinə icazə verilən çimərliklərdə belə təhlükə yoxdur, hansı çimərliklərdə quş cəsədi tapılıb, orada çimməyə qadağa qoyulub. «Quş qripi» ilə bağlı tərəddüd bircə Sumqayıt çimərliyində qalır. Amma ümumilikdə indi dənizdən infeksion xəstəliklərə tutulmaq ehtimalı daha çoxdur, nəinki «quş qripi»nə.


Həkim-infeksionist Mehdi Mehdiyev deyir ki, ekoloji baxımdan təmiz olmayan suda çiməndə adamda vəba vibriomolarından tutmuş hər cür bağırsaq xəstəliyi yarana bilər.


Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov isə bildirir ki, dənizin bu səviyyədə çirkləndirilməsinin qarşısını almaq üçün hökumət əsaslı tədbirlər görməlidir. Birinci növbədə Xəzərə axıdılan suların tərkibinə nəzarət olunmalıdır. Cənab Zeynalov deyir ki, dənizin sahilində ona görə bataqlıq yaranıb ki, sahildəki qumu daşıyıb tikintidə istifadə ediblər: «Cərimələr artırılmalıdır, qanunlar qəbul edilməklə deyil, onların icra mexanizmi tapılmalıdır».


ETSN-nin Mətbuat Xidmətinin rəhbəri Gülşən Hüseynova isə deyir ki, dənizin vəziyyətini yaxşılaşdırmaq üçün indi Buzovnada bioloji təmizləyici qurğuların tikintisi başa çatmaq üzrədir. Bu qurğular Bakı kəndlərindən axıdılan suları təmizləyəcək.


İndi Xəzərə axıdılan çirkab sularını yalnız Hövsanda yerləşən qurğu təmizləyir. ETSN-də hesab edirlər ki, şəhərdə əhalinin sıxlığı və tikintilərin sayı artdığına görə, məişət sularının təmizlənməsinin öhdəsindən tam gələ bilmirlər.
XS
SM
MD
LG