Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:56

«Kim Jonq İlin hədəfləri»


«Wall Street Journal»: «Şimali Koreya lideri Kim Jonq İl və onun tərəfdarları ağılsız və çılğın adlandırılırlar»
«Wall Street Journal»: «Şimali Koreya lideri Kim Jonq İl və onun tərəfdarları ağılsız və çılğın adlandırılırlar»
Şimali Koreya lideri Kim Jonq İl və onun tərəfdarları ağılsız və çılğın adlandırılırlar. Bu cür təsvir isə onlara ziyan gətirir. Bazar günü Şimali Koreyanın raket sınağı keçirməsi mürəkkəb siyasi oyunun növbəti addımıdır və bu addımın məqsədi 1960-cı ildən bu yana dəyişməyib. Heç bir güzəştə getmədən xarici yardım axınını təmin etmək.

«Wall Street Journal»da Andrey Lankovun «Kim Jonq İlin hədəfləri» başlıqlı məqaləsində belə deyilir. Yazıda bildirilir ki, onilliklər boyu Şimali Koreyanın səmərəsiz iqtisadiyyatı beynəlxalq yardımlar hesabına mövcudluğunu saxlaya bilib. İlkin mərhələlərdə ərzaq və neftdən ibarət olan bu yardım Sovet İttifaqı və Çindən gəlirdi. 1990-cı illərin ortalarından bəri isə ona yardım göndərən Cənubi Koreya, Çin və nə qədər təəccüblü olsa da həm də Amerika Birləşmiş Ştatları idi.

Müəllif Andrey Lankov deyir ki, bu yanaşma Şimali Koreya üçün çox sərfəlidir, əsasən də ona görə ki, cənab Kim və onun ətrafındakılar nə beynəlxalq normalara əməl edirlər, nə də ölkə vətəndaşlarının qayğısına qalırlar. Bazar ertəsi baş verən raket sınağı da bu köhnə taktikaya yenidən müraciət idi.

Yazıda bildirilir ki, Şimali Koreya nüvə raketinin ilk hədəfi birbaşa olmasa da, məcazi mənada əlbəttə ki, Ağ Evdir. Pxenyan liderləri deyirlər ki, Barak Obamanın administrasiyası zamanı onların vəziyyəti heç də yaxşı olaraq qalmaya bilər. Sağ qalmaq üçün də Şimali Koreya ciddi təhlükə nümayiş etdirməlidir. Buna görə də onların Vaşinqtona mesajı belə səslənir. «Cənab Obama unutma. Biz buradayıq, biz təhlükəliyik və biz heç kimə və heç nəyə itaət etmirik. Ona görə də yaxşı olar ki, sən bizimlə məşğul ol, bizə yardım və güzəşt et».

«Wall Street Journal»da dərc olunmuş yazıda bildirilir ki, ikinci hədəf isə diplomatikdən daha çox kommersiya xarakteri daşıyır. Şimali Koreya mərkəzi idarəçilik sistemi ilə idarə olunan iqtisadiyyata malik kasıb bir ölkədir. Buna görə də yaxın və orta məsafəli raketlərin satışı ölkə üçün pul qazanma yoludur. Onun alıcıları isə daha çox Yaxın Şərqdəndirlər. Şimali Koreya ilk dəfə 2006-cı il nüvə silahını sınaqdan keçirəndə sınaq prosesində bazar günü sınağında olduğu kimi iranlı alim də iştirak edirdi. Uğurlu raket buraxılması Şimali Koreya üçün yaxşı gəlir mənbəyidir.

Müəllifə görə, bazar günü raket sınağının üçüncü hədəfi isə Şimali Koreya xalqına yönəlib. Raket sınağı ölkənin milli bayramı-Şimali Koreyanın yaradıcısı və indiki rəhbərin atası Kim İlin ad günündən bir gün əvvəl keçirilib. Bu da rejimə ölkə daxilində dəstək qazanmaq imkanı verdi. Bununla hökumət xalqa nümayiş etdirəcək ki, əvəzolunmaz rəhbər Kim və onun hökuməti bir çox ölkələrin sahib ola bilmədikləri müasir texnologiyaya sahibdir.

Koreyalılar konfrontasiyada uğur qazanacaqlarmı? Tarix göstərir ki, belə bir ehtimal var. Belə ki, Obama administrasiyası məsələni diplomatik yolla həll etmə niyyətində olduğunu bildirib.

Müəllif deyir ki, amma bilmək olmaz. Bəlkə də bu ilin sonunda hirsi soyuyan Ağ Ev nüvə silahı nəzarəti ilə bağlı danışıqlarda maraqlı olduğunu göstərəcək. Bu da məlumdur ki, Şimali Koreya özünün adlandırdığı kimi «dinc kosmik araşdırmalar» proqramını dayandırmaq üçüm böyük məbləğdə kompensasiya tələb edəcək. Yaxın Şərqdən olan alıcılar tezliklə Pxenyana səfərə başlayacaqlar və Şimali Koreyalılar da bir müddət ac qarınlarını unudaraq öz vətənləri ilə fəxr edəcəklər.

«Wall Street Journal»da Andrey Lankovun «Kim Jonq İlin hədəfləri» başlıqlı məqaləsində belə deyilir. Müəllif Andrey Lankov Seulda Kukmin Universitetində tarix üzrə professordur.
XS
SM
MD
LG