Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:44

Testlə buraxılış imtahanından keçməyən şagirdlərin 15 faizinə attestat verilməyəcək


Buraxılış imtahanlarının testlə olmasına münasibət birmənali deyil
Buraxılış imtahanlarının testlə olmasına münasibət birmənali deyil
Xətai və İmişli rayonlarının orta məktəblərində test üsulu ilə keçirilən buraxılış imtahanların ümumi nəticələrinin iyunun 13-də elan ediləcəyi gözlənilir

Bu il ilk dəfə olaraq Azərbaycan üzrə iki rayonda orta məktəblərdə buraxılış imtahanı mərkəzləşmiş qaydada (test üsulu ilə) keçirildi. İmtahanda Xətai rayonundakı 7 məktəb üzrə 3600, İmişli rayonundakı 9 məktəb üzrə isə 1600 şagird iştirak edib. Təhsil Nazirliyindən imtahandan əvvəl bildirirdilər ki, nəticələr elə həmin gün, yəni iyunun 6-da və 7-də elan olunacaq. Ancaq sonra məlum oldu ki, texniki problemlər buna imkan verməyib. Təhsil Nazirliyinin Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi şöbəsinin müdiri Talıb Şərifov deyir ki, hazırda nəticələr təhlil olunur. Ümumi nəticələrin iyunun 13-də elan olunacağı gözlənilsə də, cənab Şərifov hər iki rayon üzrə şagirdlərin təxminən 15 faizinin imtahanından uğursuz çıxdığını bildirir. «Həmin 15 faiz demək olar ki, məktəbdə oxuduqları vaxt çox zəif olublar, demək olar ki, heç nə oxumayıblar. Çünki tərtib olunan suallar çox asan idi. Bu suallara da cavab yazmayanlar, əlbəttə, orta təhsil haqqında sənəd ala bilməzlər».


Talıb Şərifov onu əla və etdi ki, imtahanın əsasnaməsinə görə, həmin şagirdlər bir-iki fəndən zəif olublarsa, gələn il imtahana buraxılacaqlar, əgər bütün fənlərə mənfi cavab veriliblərsə, onlar bir-iki il hazırlaşandan sonra imtahana buraxılacaqlar.


Orta məktəblərdə imtahanların mərkəzləşmiş qaydada test üsulu ilə keçirilməsi müəllim və şagirdlər arasında da birmənalı qarşılanmır.


Orta məktəb imtahanı verən Səbinə Məmmədova deyir ki, test şagirdlərə ancaq kömək edər. «Əlbəttə, bu çox yaxşıdır. Uşaqların şansı artır. Şifahi olanda adam həyəcanlanır, danışa bilmir. Bizim uşaqlardan şifahi imtahanda çoxu həyəcandan ağlayır. Test olanda isə hamı bir yerdə yazır, rahat olur. Bu şagirdə daha çox kömək edir».


Mehtab Kazımi də bazar ertəsi orta məktəb imtahanından çıxıb. O, hesab edir ki, şifahi imtahanda şagird biliyini daha yaxşı nümayiş etdirə bilir: «Biletlə yaxşıdır. Öyrənirsən və cavab verirsən, müəllim də bilir ki, sən necə hazırlaşmısan. Testdə isə köçürmə çox olur. Ona görə mən testə qarşıyam».


Şagirdlər arasında texniki fənlərdən olan imtahanları mərkəzləşmiş qaydada, humanitar fənləri isə əvvəlki qaydada verməyi üstün sayanlar da var.


Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə indiki dövrdə orta məktəblərdə imtahanların mərkəzləşmiş qaydada keçirilməsinin əleyhinədir. O deyir ki, keçirilən monitorinqlər zamanı bu ikili eksperimentin uğursuz olduğu qənaətinə gəliblər. «Bir tərəfdən hay-küy, köçürmə, tanışlıq, digər tərəfdən şagirdlərin psixoloji cəhətdən buna hazır olmamaları göstərdi ki, imtahanın bu cür keçirilməsinə heç gərək yox idi».


Təhsil Nazirliyində isə fikirləşirlər ki, hər bir yeniliyin çətinliyi də olur. Şagirdlərin Uğurlarının Qiymətləndirilməsi şöbəsinin müdiri Talıb Şərifov deyir ki, bu eksperiment təhsil islahatının bir qoludur. «Görək, cəmiyyət bu yeniliyi necə qarşılayacaq. Bu yenilik orta məktəbdə verilən attestatın statusunun artırılmasına xidmət edir».


Növbəti dərs ilində isə mərkəzləşmiş imtahan qaydasının digər məktəblərdə də tətbiq olunması planlaşdırılır. O ki qaldı, bu ilki imtahandan narazı qalan şagirdlərə, mübahisələr Təhsil Nazirliyində yaradılan Apelyasiya Komissiyasında həll olunacaq. İyunun 13-dən sonra narazılara imkan veriləcək ki, bu komissiyaya müraciət etsinlər.


İndiyə qədər yalnız ali məktəblərə qəbul imtahanları test üsulu ilə keçirilirdi. Hələlik eksperiment kimi iki rayonda orta məktəblərdən buraxılış imtahanının testlə verilməsi isə şagirdlərə orta təhsil haqqında attestatın verilməsi üçündür.



XS
SM
MD
LG