Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:48

«Moskva Gürcüstan hakimiyyətinin başında məhz Saakaşvilini görmək istəyir»


Georgi Xaindrava
Georgi Xaindrava
«Bu gün Tbilisidə ötən həftədən başlanan etiraz aksiyalarının ikinci dalğası başlamalıdır». Gürcü müxalifətinin liderlərindən biri, keçmiş nazir Georgi Xaindrava «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, etirazçıların tələbi dəyişməzdir, onlar prezident Mixail Saakaşvilinin istefasını istəyirlər. Və bugünkü mitinqə təxminən 100 min nəfərin qatılacağını gözləyirlər.

- Bu mitinqlər nə vaxta kimi davam edəcək, yəni neçə gün və ya neçə həftə çəkə bilər?

- Saakaşvili hakimiyyətdən gedənə qədər.

- Növbəti günlərdə aksiya iştirakçılarının sayının artacağını gözləyirsinizmi?

- Hər gün eyni sayda adamların gələcəyini gözləmirik. Mitinq canlı orqanizmdir. Adamlar gəlirlər, gedirlər, kimsə yorulur, kimsə ertəsi gün gəlməyə üstünlük verir. Ona görə də mitinqə gələnlərlə bağlı dəqiqəbədəqiqə dəqiq rəqəm demək çətin olacaq. Amma düşünürəm ki, Gürcüstanda etiraz o qədər güclüdür ki, adamlar mitinqə gələcək, tələbləri reallaşana kimi meydandan getməyəcəklər.

- Artıq beşinci gündür mitinqlər davam edir. Hökumət dialoq təklifiylə çıxış edibmi, müxalifəti müəyyən məsələləri birgə müzakirə etməyə dəvət edibmi?

- Təəssüf ki, Gürcüstan hökumətinin başından bu cür fikirlər keçmir. Hakimiyyətdəkilərin ancaq bir istəyi var, tərəflər arasındakı bugünkü dialoq dörd il sonrakı dəyişikliklər haqda olsun. Gürcü xalqının tələbi isə dörd il sonra ilə bağlı deyil. Gürcü xalqının tələbi dəyişikliklərin bu dəqiqə, bu saniyə baş verməsidir. Çünki Saakaşvilinin hakimiyyətdə qalması Gürcüstanı ciddi təhlükəylə üzbəüz qoyur. Və dediyim kimi, hələ ki biz Gürcüstan rəhbərliyi tərəfindən adekvat addımların atılmasını görmürük.

- Cənab Xaindrava, siz bütün gürcü xalqının adından danışırsız, deyirsiz ki, xalq Saakaşvilini istəmir. Amma cəmi bir neçə il öncə həmin xalq Saakaşviliyə səs verib hakimiyyətə gətirmişdi.

- Gürcü xalqı Saakaşvilini 2003-cü ildə seçmişdi. O zaman hamı həmrəy, həmfikirdi və bu gün heç kim beş il öncə baş verənləri şübhə altına qoymur. Amma Saakaşvilinin son beş ildə elədiklərindən, xüsusən də 2007-ci ilin noyabrından və 2008-ci ildə müharibəni faciəli şəkildə uduzandan sonra onun xalq arasında dəstəyi yoxdur. Mən bu gün gürcü xalqı adından danışmıram. Mən bü gün yüz minlər şəklində meydana çıxıb, Saakaşvilinin istefasını tələb edən gürcü xalqı haqqında danışıram.

- Gürcüstan hökuməti mitinqçilərə qarşı zor tətbiq edə bilərmi?

- Polis də gürcü xalqının bir hissəsidir. Ona görə də düşünmürəm ki, polis Saakaşvilinin cinayətkar xarakterli göstərişlərini yerinə yetirsin. Amma hər halda, onların beynində belə bir niyyət var. Hərçənd bu nə qədər icra oluna biləcək işdir, bax bu başqa sualdır.

- Cənab Xaindrava, Saakaşvilinin hakimiyyətdən gedişi gürcü xalqına və ya Gürcüstan dövlətinə nə vəd edir?

- Düzü, hələ ki belə ümumi vəd yoxdur. Bu gün Gürcüstan siyasi müxalifətinin bütün spektri tribunada durur: «sol»lardan tutmuş «sağ»lara kimi. Bircə şeyi vəd eləmişik, Gürcüstanda azad, müstəqil seçkilər keçiriləcək. İndilik hamının ümumi rəyi budur ki, prezidentli respublika modeli Gürcüstana lazım deyil, həmin model Gürcüstana yaxşı heç nə gətirmədi. Siyasi müxalifətin əksəriyyəti bir fikri dəstəkləyir ki, ölkədə parlament respublikası qurulmalıdır.

- Sizcə, Gürcüstanda parlamentli respublika modeli nə zamandan tətbiq edilə bilər?

- Parlamentli respublika modeli bir gündən və ya bir həftədən sonra qurula bilməz. Bunun üçün müəyyən vaxt lazımdır təbii ki. İlk növbədə prezident seçkiləri keçirilməlidir. Çünki Saakaşvili hakimiyyətdən gedəndən 45 gün sonra prezident seçkiləri keçirilməlidir. Odur ki, birinci addım bu hakimiyyətin getməsidir. İkinci addımı atmaq - parlamentli respublika qurmaq üçünsə vaxt lazımdır. Həyat göstərər. Hər halda, maksimum altı ay lazım olar.

- Az əvvəl prezident seçkilərinə toxunduz. Dediz ki, Saakaşvili istefa verərsə, 45 gün sonra prezident seçkiləri keçirilməlidir. Bəs seçkilər haqda bu qədər real düşünən müxalifətin prezidentliyə vahid namizədi varmı?

- Müxalifətdən minimum 3-4 prezidentliyə namizəd olacaq. Vahid namizədimiz yoxdur. Bu, yaxşı çıxış yolu deyil. Bütün siyasi spektrin - radikal «sol»lardan tutmuş radikal «sağ»lara kimi hamının vahid namizədi ola bilməz. Bu, düzgün deyil.

- Sonuncu sual. Cənab Xaindrava, bəzən belə fikirlər səslənir ki, bu gün meydanlara çıxan Gürcüstan müxalifətinin arxasında Rusiya durur. Bu haqda siz nə deyə bilərsiz?

- Burda düşünməli bir şey yoxdur. 2008-ci ilin avqustunda Rusiya birbaşa Gürcüstana təcavüz edəndə, Moskva Tbilisidə dəstək ala bilmək üçün bir siyasi partiya bir yana, bir nəfər adi vətəndaş da tapmadı. Odur ki, bu yanaşma öz mənasını itirib. O ki qaldı Rusiya üçün Gürcüstandakı hansı hakimiyyət faydalıdır sualına, cavab belədir: əlbəttə ki, Saakaşvili hakimiyyəti. O, demək olar ki, bütün strateji obyektləri Rusiyaya verdi. Və Rusiyanın Gürcüstana müdaxiləsi üçün, Gürcüstan ərazisində iki nəhəng hərbi baza yaratması üçün bütün şəraiti yaratdı. Rusiya elitasının ötən ilin avqustundan başlanan və bu günə kimi davam edən rəftarı da göstərir ki, Moskva Gürcüstan hakimiyyətinin başında məhz Saakaşvilini görmək istəyir. O Saakaşvili ki, həm ölkə içində, həm də ölkə xaricində bütün nüfuzunu itirib, Rusiya iyerarxiyasının əlində marionetkaya çevrilib. Ona görə də Saakaşvilinin «Rusiya gürcü müxalifətini dəstəkləyir» kimi təbliğatı gücünü itirib, bu, deyilmiş bayatıdır.
XS
SM
MD
LG