Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:23

«Həkimlər öz şəfqətli əllərini satışa buraxır»


«Bir gündə ən azı 200 manat pul gedir».
«Bir gündə ən azı 200 manat pul gedir».
Şəkinin Kiş kəndindən Bakıya fəhləlik üçün gələn və aprelin 13-də Kliniki Tibbi Mərkəzdə vəfat edən Xanlar Mustafayevin qardaşı Mehman bildirir ki, bütün xəstəxana xərcini özü çəkib. Baxmayaraq ki, Azərbaycanın dövlət xəstəxanalarında tibb xidməti pulsuzdur:

- Bir gündə ən azı 200 manat pul gedir. Bütün dərmanları özüm alıram, qan alıram. Xəstəxana heç nə vermir. Dünən doktor bir dərman demişdi. Qiyməti 100 manat. Bütün şəhəri axtarandan sonra dostların vasitəsilə güclə tapdım.

Bakıda söhbət etdiyimiz başqa vətəndaşlar da bildirdilər ki, tibb xidmətinin pulsuz olması gerçəkliklə heç bir bağlılığı olmayan yazılı qaydadır. Şəhər xəstəxanalarından birində xəstələr və həkimlərlə dərman təchizatı məsələlərini araşdırmaq istəyimizə xəstəxana rəhbərliyi imkan vermədi. Bu səbəbdən xəstəxanadan çıxan xəstələrin yaxınları ilə küçədə danışmalı olduq. Sualımız isə bir o qədər qəliz deyildi:

- Sizcə, Azərbaycanda səhiyyə pulsuzdur?

- Baxır xəstəyə.

- Hansı xəstə üçün pulludur?

- Pullu xəstə üçün pulludur, pulsuz xəstə üçün pulsuz.

- Bütün növ tibb xidməti pulludur. Azərbaycanda pulsuz heç nə yoxdur.

- Azərbaycanda tibb xidməti pulludur.

- Günah kimdədir - xəstədə, yoxsa həkimdə?

- Həkimin imkanı yaxşı olsa, xəstədən pul istəməz.

Fəxrəddin Səfərovun 12 yaşlı oğlunun burnundakı sınıq onun ağ ciyəri üçün problem yaradır. Həkimlər cərrahi müdaxilənin qaçılmaz olduğunu bildirir:

- Siz əminsiz ki, övladınızı pulsuz əməliyyat edəcəklər?

- Pulsuz xəstəxanalarda adama bir stəkan su da vermirlər. Nə pulsuz?

- Rəsmilər deyir ki, günah vətəndaşın özündədir…

- Vətəndaş neyləsin? Xəstəxanaya girdin - «sanitarka»dan, tibb bacısından tutmuş həkimə qədər hamısı puldur.

- İndi sizə nə qiymət dedilər? Övladınızın burun əməliyyatı neçəyə başa gələcək?

- Hələ qiyməti danışmamışam. Uşağı gətirəcəm, baxsınlar, sonra qiymət deyəcəklər.

Bu arada xəbər tutduq ki, bizim xəstəxanadan çıxanlarla söhbətimiz rəhbərliyi narahat etdiyindən giriş qapısının bağlanması haqda göstəriş verilib. Beləliklə, xəstəxananın giriş-çıxışı arxa qapıya keçirilib.

Binanın içərisində həkimlər müsahibə verməyə maraqlı görünmürdülər. Xəstəxanadan kənarda həkim Şərəf Seyidova problemə öz münasibətini belə bildirdi:

- Bizim dünya standartlarına uyğun olmağımıza bir müddət gərəkdir. İndi adaptasiya dövrünü yaşayan insanların hamısı yaşamaq üçün bir-birinə kömək etmək istəyir. Xəstələr həkimlərin yanına gələndə lap qədimdən 10 dənə yumurta da olsa, aparıb bəxşiş ediblər. Həkimlər bu diplomla başqa iş görə bilmirlər - ticarətlə məşğul olan, şou-biznesə qoşulan deyillər. Həkimlər öz şəfqətli əllərini satışa buraxır. Bunu başa düşən xəstə imkan daxilində həkimə hörmət edir. Ancaq bu o demək deyil ki, həkimlər xəstələri buna məcbur edir. Bunlar hamısı adaptasiya dövrünün problemləridir.

Həkim xəstəxanaların dərman təchizatının ötən illərdəki ilə müqayisədə yaxşılaşdığını deyir. Hətta bu, bəzən xəstələri təəccübləndirir. Şərəf Seyidovanın dediyinə görə, əgər tibbi sığorta problemi çözülsə, bu, səhiyyə sistemində ciddi dönüş yarada, rüşvətxorluğun qarşısını ala bilər.

Səhiyyə Nazirliyinin Tibb xidmətinin təşkili şöbəsinin rəis müavini Dadaş Hümbətov da düşünür ki, son zamanlar tibb xidmətinin keyfiyyəti yaxşılaşıb:

- İmtiyazlı xəstələrə siyahıda olan bütün dərmanlar pulsuz verilir. Nazir xəstəxanaların 60 adda dərmanla təchiz edilməsindən sonra daha bir əmr imzalayıb və artıq xəstəxanalara 115 adda dərman preparatı pulsuz verilir.

Dadaş Hümbətovun sözlərinə görə, bu, böyük uğurdur və yaxın illərdə belə tədbirlər davam etdiriləcək.
XS
SM
MD
LG